…Cənab İlham Əliyev 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdi ki, Azərbaycan Xalqı ona etimad göstərsə, o, Ulu Öndərin siyasətinə sadiq qalacaq. Xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin siyasi varisi olaraq hakimiyyətə gələn cənab İlham Əliyev öz vədlərinə maksimal ölçüdə əməl edərək ötən 17 il ərzində Azərbaycan xalqının ən böyük arzularını reallaşdırdı.
Prezident İlham Əliyev qısa zaman kəsiyində ona bəslənilən bütün ümidləri tam doğrultmaqla, cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirdi, yorulmaz, qətiyyətili və prinsipial fəaliyyəti ilə sübut etdi ki, onun atdığı hər bir addım, verdiyi hər bir qərar cəmiyyət üzvlərinin maraq və istəklərinin təmin olunmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, ərazi bütövlüyümüzün təmin olunmasına, siyasi sabitliyin və iqtisadi tərəqqinin davamlılığına və daha da möhkəmlənməsinə hesablanmışdır.
Şanlı zəfərlə nəticələnən Vətən müharibəsi əslində 17 illik hazırlığın bir növ sınaq mərhələsi idi. Prezident İlham Əliyev mövcud dünya siyasətinin reallıqlarını müdrikcəsinə dərk edərək bu xüsusda adekvat addımlar atdı. Əlbəttə, əgər beynəlxalq münasibətlər sistemində ədalət və hüquq anlayışları bir siyasi alət olaraq böyük güclər tərəfindən riyakarcasına istifadə olunursa və güc amili beynəlxalq siyasətin əsas tənzimləyici faktoru olaraq öz əhəmiyyətini qoruyursa, biz də bu reallıqların fonunda öz milli mövcudluğumuzu qorumaq üçün “sərt güc” potensialımızı genişləndirməli idik. Bu, bir tərəfdən bizim ən təbii haqqımız idi, çünki hər bir ölkənin özünü müdafiə hüququ var və necə ki, dünyada gedən silahlanma yarışının fonunda biz bunu əyani şəkildə görməkdəyik. Digər tərəfdən isə ortada işğal faktı var idi və biz son ana qədər sülh yoluna sadiqliyimizi göstərərək danışıqlar prosesində iştirak etsək də, bu prosesin paralelində hərbi-müdafiə imkanlarımızı artırmalı idik. Və cənab Prezidentimizin də ifadə etdiyi kimi, bütün təzyiqlərə bamayaraq, biz bunu gizlətmirdik. Dövlətimizin başçısı çıxış etdiyi bütün kürsülərdə Ermənsitanın işğalçılıq siyasətini və dünya ictimaiyyətinin bu vəziyyət qarşısındakı susqunluğunu tutarlı arqumentlərlə ortaya qoyur və danışıqlar prosesi uğursuzluğa düçar olacağına əmin olduqdan sonra hərbi yolun istisna edilmədiyini beynəlxalq birliyin diqqətinə çatdırırdı. Beləliklə, aparılan məqsədyönlü, ardıcıl və qətiyyətli siyasətin nəticəsində Azərbaycan özünün hərbi potensialını əhəmiyyətli dərəcədə artırmağa nail oldu. Ordumuz ən müasir silah-silah-sursat, texnika və avadanlıqlarla təchiz olundu. Azərbaycan müdafiə sənayesi məhsullarını istehsal və hətta ixrac edən ölkəyə çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı Cənubi Qafqazın ən güclü ordusuna sahib oldu. Təsadüfi deyil ki, 2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi 15 dəfə artmışdır. Bu göstəricilər beynəlxalq reytinq agentliklərinin də diqqətindən yayınmadı. Dünyaca məşhur “Global Firepower” şirkətinin hesabatına hesabatına əsasən, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusunun siyahısına daxil edildi. Bütün bu nailiyyətlər ona görə əldə edilirdi ki, nə vaxtsa danışıqlar prosesi tamamilə dalana dirənmiş olsa, biz öz milli gücümüzün hesabına ərazi bütövlüyümüzü bərpa edək. Bu, həm də onu göstərirdi ki, Azərbaycan xalqı heç vaxt işğal faktı ilə barışmayacaq və nəyin bahasına olursa-olsun, öz tarixi torpaqlarını düşmən tapdağından azad edəcək. Belə də oldu, 44 günlük müharibə Azərbaycan xalqının mübarizlik əzminin simvoluna çevrildi.
Əlbəttə ki, dayanıqlı inkişaf edən iqtisadiyyatımız olmasaydı, hərbi potensialımızı arzu etdiyimiz səviyyədə genişləndirə bilməyəcəkdik. Digər tərəfdən, ümumiyyətlə, iqtisadi asılılıq şəraitində tam müstəqil siyasət aparmaq imkanımız məhdudlaşa bilərdi. “Yalnız iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər” deyən Prezident İlham Əliyev bu prinsipi özünün idarəçilik fəlsəfəsinin təməl maddələrindən birinə çevirdi. Mövcud dünya reallıqları onu göstərir ki, xaricdən maliyyə asılılığı olan ölkə nəzəri olaraq müstəqil siyasət yürüdə bilməz. Yeri gəlmişkən, əgər Azərbaycanın xarici mənbələrdən iqtisadi asılılığı olsaydı, Vətən müharibəsində həmin xarici dairələr əllərində olan təsir imkanlarından istifadə edərək bizim qarşımızda süni maneələr yarada bilərdilər. Müharibənin gedişatında xalq olaraq qələbəyə əminlik içərisində olmağımızı şərtləndirən amillərdən biri də məhz budur. Davos İqtisadi Forumunun bütün hesabatlarında Azərbaycan həm iqtisadi inkişaf, həm də infrastruktur potensialı baxımından ən öncül yerlərdə qərarlaşmışdır. Ən vacib məqam ondan ibarətdir ki, Azərbaycan bu nailiyyətləri heç bir beynəlxalq qurumdan, xarici ölkədən borc almadan, öz resursları, imkanları hesabına əldə etmişdir. Müharibə şəraitində yaşamağımıza baxmayaraq, Azərbaycan ən çox investisiya cəlb edən ölkələr içərisində yer almışdır. “Doing business” reytinqlərində qabaqcıl ölkələr içərisində yer almağımız iqtisadi sahədə aparılan məqsədyönlü və ardıcıl siyasətin nəticəsidir. Cənab Prezidentin də ifadə etdiyi kimi, bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq, əraziləri işğal olunmuş ölkə kimi əldə etmişik, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanmışıq.
Onu da qeyd etməkdə fayda var ki, Azərbaycan ötən 17 il ərzində reallaşdırdığı böyük geoiqtisadi layihələrlə nəinki özünün iqtisadi müstəqilliyini təmin etdi, hətta Avropanın enerji təhlükəsizliyində önəmli rol sahibi olmaqla qoca qitəni bir növ özündən asılı duruma saldı.Dünyanın ən nüfuzlu iqtisadi təşkilatı olan Avropa İttifaqı Azərbaycanın strateji tərəfdaşına çevrildi. Azərbaycan “Şərq tərəfdaşlığı” proqramında iştirak edən yeganə ölkədir ki, Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqda müqavilə imzalayıb.
Prezident İlham Əliyevin müdrikliyi həm də onda idi ki, o, iqtisadi münasibətləri heç vaxt dövlət suverenliyinin fövqünə qaldırmırdı. Avropa İttifaqının təklif etdiyi assosasiya sazişindən imtina olunması məhz bu amildən qaynaqlanırdı. Cənab Prezident tərəfindən haqlı olaraq təlimat kitabçası kimi dəyərləndirilən həmin sənəd Azərbaycan dövlətinin iqtisadi münasibətlərdə rəhbər tutduğu bərabərhüquqluluq prinsipi ilə daban-dabana ziddiyyət təşkil edirdi. Ona görə də həmin sazişdən imtina olundu və hazırda Azərbaycanın milli maraqlarına cavab verən bərabərhüquqlu müqavilənin imzalanması istiqamətində real işlər aparılır.
Beləliklə, iqtisadi sahədə əldə etdiyimiz uğurlar bir tərəfdən siyasi müstəqilliyimizi təmin edən faktorlardan birinə çevrildi, digər tərəfdən isə ordumuzun ən müasir silah-sursatla təchiz olunmasına şərait yaratdı. Bu faktor bizi böyük zəfərə yaxınlaşdıran səbəblərdən biri idi. Digər mühüm amil isə siyasi-diplomatik və informasiya müstəvisində görülən işlər idi. Hər şey müqayisədə gözəl olduğu üçün birinci və ikinci Qarabağ müharibələrinin başlanğıc mərhələlərinə diqqət yetirməkdə fayda var. 90-cı illərin əvvəllərində bir tərəfdən müstəqilliyin yenicə əldə olunması, digər tərəfdən isə o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün yarıtmaz və səriştəsiz fəaliyyəti Azərbaycanın informasiya və geosiyasi blokada şəraitinə məhkum etmişdi.
Təsəvvür edin ki, beynəlxalq hüququn normalarını aşkar şəkildə pozaraq Azərbaycana qarşı işğal siyasəti həyata keçirən, Xocalı soyqırımını törədən ölkə beynəlxalq ictimaiyyət tərəfindən “məsum”, təcavüzkar əməllərin qurbanı olan Azərbaycan xalqı isə “barbar”, “vəhşi” xalq kimi qələmə verilirdi. Nümayişkəranə şəkildə işğala və etnik təmizləməyə məruz qaldığı halda dünya ictimaiyyətinin qınaq obyektinə tuş gələn, ermənilərə qarşı guya dözümsüz yanaşma ittihamı ilə üz-üzə qalan Azərbaycan xalqı hələ o vaxtlar yarıtmaz informasiya siyasətinin ən ağır nəticələrini yaşamışdı. ABŞ Konqresinin “Azadlığı müdafiə aktı”na etdiyi 907-ci düzəliş isə həmin dövr informasiya siyasətimizin ən qara ləkəsi olaraq tariximizə həkk olundu. Qeyri-praqmatik və küçə məntiqinə söykənən xarici siyasət kursu isə ölkəmizi bütün dünya ilə düşmənə çevirmişdi. Azərbaycanı heç bir beynəlxalq kürsüdə müdafiə edən ölkə yox idi. Lakin diqqəti ikinci Qarabağ müharibəsinin başlandığı dövrə yönəltsək, ölkəmizlə bağlı fərqli beynəlxalq rəyin hakim olduğunu görə bilərik. Azərbaycan müharibəyə qədər qlobal informasiya məkanındakı vəziyyəti öz xeyirinə dəyişə bilmişdi.
Əks-halda ordumuzun 27 sentyabr tarixindən etibarən başlatdığı əks-hücum əməliyyatları beynəlxalq ictimaiyyətin mənfi reaksiyası ilə qarşılaşa bilərdi. Aparılan ardıcıl və uzaqgörən siyasətin nəticəsində münaqişənin hüquqi bazası formalaşmışdı. 2003-cü ildə münaqişə ilə bağlı istinad edə biləcəyimiz yeganə sənəd BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri idisə, Prezident İlham Əliyevin hakimiyyəti illərində demək olar ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təsdiqləyən sənədlər qəbul etdilər. Ermənistanın işğalçılıq siyasəti bütün beynəlxalq müstəvilərdə ifşa olundu. Dövlət başçımız yorulmaz fəaliyyəti ilə cəmi 17 il ərzində erməni lobbisinin bir əsrdən çoxdur yaratdığı mif və stereotiplər darmadağın etməyə nail oldu. 100 illik erməni yalanları bütün dünyaya ifşa edildi, Azərbaycanın haqlı mövqeyi bütün beynəlxalq dairələr tərəfindən qəbul edildi və nəhayət, işğalçı öz adı ilə çağırılmağa məhkum edildi.Prezidentlik fəaliyyətinin ilk dövrlərindən etibarən münaqişənin hüquqi bazasının formalaşması istiqamətində sistemli fəaliyyət həyata keçirən dövlətimizin başçısı bütün müsahibə və çıxışlarında münaqişənin tarixi və hüquqi əsaslarının təhlil olunmasına geniş yer ayırdı. Elə bir beynəlxalq platforma qalmadı ki, orada Azərbaycanın haqq davası ilə bağlı tarixi həqiqətlər səslənməsin. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etdilər. BMT Baş Assambleyası, hətta Avropa Şurası və Avropa Parlamenti kimi anti-Azərbaycan xarakteri ilə seçilən qurumlar da Azərbaycanın effektiv informasiya strategiyasının sayəsində münaqişə ilə bağlı ədalətli və obyektiv qətnamələr qəbul etmək məcburiyyətində qaldılar. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv olmaq istəyəndə bunun heç də doğru addım olmadığını irəli sürən dairələr var idi, amma bu təşkilat çərçivəsində ölkəmizin apardığı informasiya siyasəti olduqca səmərəli nəticələrə gətirib çıxardı.
Dünyanın 120 ölkəsinin birləşdiyi bu nəhəng təsisat bütün toplantılarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək nümayiş etdirdi. Yeri gəlmişkən, Vətən müharibəsi davam edərkən 19 və 29 oktyabr tarixlərində BMT Təhlükəsizlik Şurasında Azərbaycanın maraqlarına qətiyyən cavab verməyən ədalətsiz bir sənədin qəbulu müzakirə edilərkən məhz Azərbaycanın Qoşulmama Hərəkatı üzvü kimi qazandığı dost ölkələrin təşəbbüsləri sayəsində həmin sənədlər qəbul edilmədi. Azərbaycan böyük müsəlman dünyasını münaqişə həqiqətləri ilə davamlı şəkildə məlumatlandırdı. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan uğurlu fəaliyyət nəticəsində Ermənistanı açıq mətnlə işğalçı ölkə kimi təqdim edən sənədlər qəbul edildi. Düşmənin dini abidələrimizə qarşı törətdiyi təhqiramiz davranışları tutarlı faktlarla müsəlman aləminə yayıldı. Azərbaycan Prezidentinin “Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz” tezisi müsəlman dünyasında əhəmiyyətli əks-səda doğurdu və bu gün bəzi kiçik istisnaları çıxmaq şərtilə, Ermənistanın İslam aləminə qapısı bağlı vəziyyətdədir.Ermənistanın dünyaya təqdim etdiyi qondarma miflər darmadağın edildi. Real tarixi faktlara söykənərək əsaslandırıldı ki, ermənilər müxtəlif ölkələrin geosiyasi ambisiyalarının nəticəsi olaraq son 200 ildə Qarabağ ərazisinə köçürülüblər. Heydər Əliyev Fondunun qlobal miqyasda apardığı səmərəli təbliğat sayəsində 13 ölkə Xocalı soyqırımını rəsmən soyqırım cinayəti kimi tanıdı. Bütün dünya ədalətin kimin tərəfində olduğunu, kimin təcavüzkar, kimin sülhpərvər missiya daşıdığını anlamış oldu. Dünya Ermənistan dövlətinin faşizm mahiyyətini bütün çılpaqlığı ilə gördü. Beləliklə, sağlam və möhkəm hüquqi baza formalaşdırıldı. Azərbaycan Vətən müharibəsinə başlayanda artıq savaşın ədaləti bərpa etməyə xidmət etdiyinə dair beynəlxalq rəy var idi.
Azərbaycan xalqı həm də mənəvi-psixoloji baxımdan olası bir müharibəyə özünü hazırlamışdı. Gənc nəsil Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi vətorpaqlarımızı işğalçılardan azad etdi. Vətən müharibəsində bütün yaş kateqoriyalarına aid insanlar böyük fədakarlıq və qəhrəmanlıq nümayiş etdirdilər, ancaq bu da bir həqiqətdir ki, döyüşlərdə iştirak edənlərin böyük əksəriyyəti 2003-cü ildə, cənab İlham Əliyev Prezident seçilən ərəfədə uşaqlıq çağlarını yaşayırdılar. Məhz həmin uşaqların vətənpərvərlik ruhunda tərbiyələnməsi müharibədə bizi qələbəyə aparan əsas amillərdən birinə çevrildi. Tərəddüdsüz deyə bilərik ki, torpaqlarımızın azad olunmasında iştirak edən gənclər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələridir.
Ulu öndər vaxtilə demişdir: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Həqiqətən də, bu gün ölkəmiz Prezident İlham Əliyevin və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın simasında dünyaya bir Günəş kimi parlayır. 2003-cü ilin prezident seçkiləri ərəfəsində ümummilli liderimiz Heydər Əliyevin xalqa müraciəti zamanı ifadə etdiyi “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” müdrik kəlamı reallıqda tam təsdiqini tapdı. Azərbaycan artıq ərazi bütövlüyünü təmin etmiş, beynəlxalq birliyin nüfuzlu və hörmətli üzvünə çevrilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, 44 günlük müharibə bizim üçün bir sınaq idi. 17 illik hərtərəfli hazırlığın sınağı… Xalq olaraq bu sınaqdan üzüağ çıxmağa nail olduq. Qarşıda isə bizi daha böyük hədəflər, məqsədlər gözləyir. Bu baxımdan, cənab Prezidentin aşağıdakı sitatı ilə məqaləni yekunlaşdırmaq yerinə düşər: “Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın”.
Elşad Mirbəşir oğlu
Millət vəkili, YAP İdarə Heyətinin üzvü