Vüqar Oruc: “Türk Dövlətləri Qiymətləndiricilər Birliyi beynəlxalq təşkilat kimi qeydiyyatdan keçəcək”
Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətləri üzv, Rusiya, Rumıniya, Makedoniya və Belarus qiymətləndiriciləri isə qonaq qismində iştirak ediblər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) vitse-prezidenti Vüqar Oruc mühüm qərarların qəbul olunduğu toplantının yekunları ilə bağlı təəssüratlarını bizimlə bölüşüb.
– Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin (TDQB) növbəti toplantısı baş tutdu. TDQB Ankara toplantısından hansı qərarlarla ayrıldı?
– Noyabrın 13-də Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin İdarə Heyətinin növbəti toplantısında mühüm qərarlar qəbul edildi. Birliyin prezidenti Askar Omerbekov ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış etdi. Türkmənistan İqtisadçılar Birliyinin Qiymətləndiricilər Komitəsi assosiativ qaydada quruma üzv oldu və bununla da bütün türk dövlətləri birlikdə təmsil olundular. Hansı ki, buna qədər Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətlərinin qiymətləndirmə birlikləri TDQB-nin kollektiv üzvü idi. Türkmənistanın üzvlüyü ilə siyahı tamamlandı. Gələcəkdə digər dövlətlərin müşahidəçi qismində birlikdə təmsil olunması istisna edilmir. Qeyd edim ki, Ankara toplantısının ikinci hissəsində – Qiymətləndiricilərin 2-ci Beynəlxalq Forumunda birliyə üzv olan dövlətlərlə yanaşı, Rusiya, Rumıniya, Makedoniya və Belarus qiymətləndiriciləri də iştirak edirdi.
İstanbul şəhərinin Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin mərkəzi şəhəri elan edilməsi, mərkəzi ofisin Avropa və Asiyanın kəsişdiyi bu tarixi şəhərdə yerləşməsi və birliyin beynəlxalq təşkilat kimi qeydiyyatdan keçməsinin Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinə həvalə olunması barədə müvafiq qərarlar qəbul edildi. Toplantıdan sonra keçirilən panel müzakirələrində isə Türkiyə rəsmiləri spiker qismində çıxış etdilər. Açıq şəkildə bəyan olundu ki, türk dövlətləri arasında iqtisadi münasibətlərin inkişafı, ekosistemin ayrılmaz tərkib hissəsi olan qiymətləndimə sahəsində bərabər fəaliyyətin təşkili, qarşılıqlı fəaliyyət və təcrübə mübadiləsi baxımından Türk Dövlətləri Qiymətləndiricilər Birliyindən gözləntilər böyükdür. Qısa müddət ərzində yaranmasına baxmayaraq, TDQB-yə olan maraq birliyin qarşıda böyük işlər görəcəyinə ciddi ümidlər yaradır.
– TDQB-nin fəaliyyət strategiyası ilə bağlı razılaşma əldə olundu. Gələcək planlarınız nədən ibarətdir?
– Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin prezidenti, Qazaxıstan Qiymətləndiricilər Palatasının sədri Askar Omerbekovun, vitse-prezident olaraq mənim, icraçı katib Marat Baytokovun hesabat məruzələri dinlənildi. Quruma üzv olan dövlətlərin təkliflərinin nəzərə alındığı “2024-2025-ci illər üçün fəaliyyət planı” təsdiq edildi. Aprelin 28-də Bakıda keçirilən “Zirvə Görüşü”nün birliyin təsis olunmasında xüsusi rolunun qeyd olunduğu sənəddə fəxri üzvlərin qəbulu ilə bağlı prosedurların hazırlanması və təlim-tədris prosesi ilə bağlı metodoloji fəaliyyətin təşkili ilə bağlı məqamlar öz əksini tapıb. Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximova təlim-tədris prosesini həyata keçirəcək İşçi Qrupunun rəhbəri təyin olundu.
Eyni zamanda birliyin müvafiq strukturları yaradıldı. İntizam, Metodologiya və Beynəlxalq əlaqələr komitələrinin və Arbitraj məhkəməsinin formalaşdırılması barədə müvafiq qərarlar qəbul edildi. Birliyin beynəlxalq sertifikatlaşdırma prosesini həyata keçirməsi üçün hazırlıqlara başlaması qərara alındı. Daha bir qərar isə türk dövlətlərindən olan təşkilatların gələcəkdə birliyə qəbulu zamanı təsisçilərin rəyi nəzərə alınması barədə idi. Xatırladım ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC), Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyi, Qazaxıstan Qiymətləndiricilər Palatası, Özbəkistan Qiymətləndiricilər Cəmiyyəti, Qırğızıstan Qiymətləndiricilər İttifaqı birliyin təsisçiləri, Türkmənistan İqtisadçılar Birliyinin Qiymətləndiricilər Komitəsi və Şimali Kipr Türk Cümhuriyyəti Qiymətləndirmə Mütəxəssisləri Birliyi isə assosiativ üzvləridir. Səsvermə hüququnun yalnız təsisçi təşkilatlara və iki assosiativ üzvə məxsus olması da TDQB-nin İdarə Heyəti tərəfindən razılaşdırılıb.
– Gələn ilin iyununda TDQB-nin Bakıda növbəti “Zirvə Görüşü” və 3-cü Beynəlxalq Forum keçiriləcək. Birliyin Bakı toplantısında hansı yeniliklər gözlənilir?
– Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Ankara toplantısında 31 may-2 iyun 2024-cü il tarixlərində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) ev sahibliyi ilə növbəti “Zirvə Görüşü”nın və Qiymətləndiricilərin 3-cü Beynəlxalq Forumunun Azərbaycanda keçirilməsi qərara alınıb. “Zirvə Görüşü”nün paytaxt Bakıda, yaxud regionlardan birində keçirilməsi tərəfimizdən müzakirə olunur. Bununla əlaqədar aidiyyatı dövlət qurumları, habelə İqtisadiyyat Nazirliyi ilə danışıqlar aparılır. Yekun qərar müzakirələrin nəticəsindən asılı olaraq veriləcək. Qeyd edim ki, ötən ilin aprelində TDQB-nin ilk “Zirvə Görüşü” Bakıda keçirilib və bundan təxminən bir ay sonra Qazaxıstanın Türküstan şəhərində birlik təsis olunub. Təsis yığıncağında TDQB-nin nizamnaməsi qəbul edilib. Nizamnamədə gələn il prezidentlik səlahiyyətlərinin Azərbaycana dövr edilməsi qərara alınıb. Hazırda prezidentlik səlahiyyətləri Qazaxıstana, vitse-prezidentlik səlahiyyətləri isə Azərbaycana məxsusdur. Ardıcıllıq üzrə dördüncü hesab olunan “Zirvə Görüşü”ndə müzakirə olunacaq məsələlər ətrafında ciddi müzakirələr aparılır. Şübhəsiz ki, müzakirələr başa çatdıqdan sonra bu barədə ictimaiyyətə geniş məlumat veriləcək. Qısaca olaraq onu deyə bilərəm ki, Bakıda keçiriləcək “Zirvə Görüşü”ndə ciddi yeniliklər gözlənilir.
– Azərbaycanda Qiymətləndiricilər Palatası təsis olunacaq. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Palatanın fəaliyyətində hansı formada iştirakı nəzərdə tutur?
– Ötən ilin may ayında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin növbəti hesabat seçki yığıncağında, hansı ki, o dövrdən cəmiyyətə rəhbərlik edirəm, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun yenilənməsi və Azərbaycan Qiymətləndiricilər Palatasının təsis olunması barədə AQC-nin adından Azərbaycan hökumətinə çağırış xarakterlli müraciət qəbul olunub. O zaman da belə hesab edirdik, indi də o qənaətdəyik ki, 1998-ci ildə qəbul olunan “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun müasir dövrün çağırışlarına cavab vermir və yenilənməlidir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində qanunla bağlı müzakirələrdə qanunun müəllifi İqtisadiyyat Nazirliyinin yüksək rütbəli məmurları ilə yanaşı, AQC rəhbərliyi olaraq biz də iştirak etmişik. Eyni zamanda AQC Direktorlar Şurasında qanun layihəsi və Azərbaycan Qiymətləndiricilər Palatasının təsis olunması ətrafında dinləmələr keçirilib. Qanun layihəsi artıq Milli Məclisin ikinci oxunuşundan keçib. Hesab edirik ki, qanunda mütərəqqi məqamlarla yanaşı, müəyyən boşluqlar da var və əminik ki, üçüncü oxunuşda təkliflərimiz nəzərə alınacaq. AQC olaraq bu prosesdən yaxından iştirak edirik və Cəmiyyətimiz Palatanın yaranmasında, eləcə də paralel olaraq ölkəmizdə qiymətləndirmə sektorunun tərəqqisi işində bundan sonra da yaxından iştirak edəcək.
– Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti barədə də məlumat verərdiniz…
– Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar, biznes subyektləri, maliyyə təsisatları, vətəndaş cəmiyyəti insitutları, kütləvi informasiya vasitələri ilə sıx təmaslarını həyata keçirməklə yanaşı, peşəkar qiymətləndiricilərin yetişdirilməsi, qiymətləndiricilərin peşəkar bilik və bacarıqlarının artırılması istiqamətində səylərini davam etdirir. Daşınmaz əmlakın qiymətləndirilməsi üzrə növbəti kursumuzu və sertifikasiya imtahanını başa vurduq. Həm təlim, həm də imtahan prosesi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təcrübəli alimləri və peşəkar qiymətləndirmə mütəxəssisləri tərəfindən icra edildi. Kursda ilkin addımlarını atan qiymətləndiricilər, qiymətləndirmə şirkətinin əməkdaşları və dövlət qurumlarının qiymətləndirmə sahəsi üzrə çalışan mütəxəssisləri iştirak etdilər.
Məlumdur ki, qiymətləndirmə və audit sahəsi yaxın sahələrdir və hər ikisi ekosistemin ayrılmaz tərkib hissəsidir. Yaxın günlərdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Azərbaycan Auditorlar Palatası ilə Qarşılıqlı Anlaşma Memorandumu imzalayacaq. Razılaşma müqaviləsində birgə fəaliyyətin təşkili, qarşıqlıqlı etimadın gücləndirilməsi, təcrübə və fəaliyyət mübadiləsi, vahid məlumat bazasının işlənib hazırlanması və digər mühüm məqamlar öz əksini tapıb. Digər qurumlarla da yaxın zamanda analoji müqavilələrin imzalanması gözlənilir. Eyni zamanda dekabr ayında yenidən Ankaraya səfərim olacaq. Səfər çərçivəsində Türkiyənin nüfuzlu Ankara Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti arasında dördtərəfli Anlaşma Memorandumu imzalanacaq. Razılaşmanın mahiyyəti Azərbaycanda qiymətləndirmə, audit və daşınmaz əmlak mütəxəssislərinin yetişdirilməsi üçün pilot layihənin gerçəkləşdirilməsini, Bakıda sözügedən ali təhsil müəssisələrində fakultələrin təşkilini ehtiva edir. Bu fakultələrin məzunları həm Azərbaycan, həm də Türkiyə ali təhsil müəssisələrinin diplomlarını əldə edəcək, təcrübə işlərini London şəhərində icra edəcəklər. Pilot layihədən təkcə iki qardaş ölkə deyil, digər türk dövlətləri, həmçinin regionun qonşu dövlətləri yararlanacaq. Bundan başqa yerli qiymətləndirmə standartlarının və türk dövlətlərinin ortaq qiymətləndirmə standartlarının hazırlanmasını da planlaşdırırıq.