AQC sədri: “Bu qərar tikinti məhsulları bazarına da təsirsiz ötüşməyəcək”
Bakıda fərdi yaşayış evlərinin qiyməti yenidən bahalaşıb. Ekspertlərin bildirdiyinə görə, bu artım ötən ay qanuna edilmiş müvafiq dəyişikliklə əlaqədardır. Dəyişiklik səbəbindən çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Ona görə də hazırda çıxarışı olmasa belə, kommunikasiya xətləri mövcud olan ev və torpaq sahələrinin qiyməti artıb.
Qeyd edək ki, son illər paytaxtda mənzillərin qiymətində ciddi artım baş verib. Statistik göstəricilərə əsasən, təkcə son üç ildə mənzillərin qiymətində 50 faizlik artım müşahidə olunur. Ekspertlər qiymət artımını əmlakın etibarlı sərmayə növü olması, Rusiyadan, Ukraynadan və digər dövlətlərdən Azərbaycana üz tutanların sayının çoxluğu, azərbaycanlı miqrantların ölkəyə qayıtması və Bakıda əmlak sahibi olmağa meyllənməsi və digər amillərlə əlaqələndirirlər. Eyni zamanda, mövsümi amillər, bölgələrdə işsizliyin hökm sürməsi və əhalinin kütləvi şəkildə Bakıya üz tutması da qiymət artımlarına təsirsiz ötüşmür.
Bahalaşma təkcə daşınmaz əmlakın satışı zamanı deyil, kirayə qiymətlərində də özünü göstərir. Açıqlamalara görə, kirayə bazarında da son bir neçə il ərzində təxminən 50 faiz artım qeydə alınıb. Bahalaşma şəhərin mərkəzi hissəsi ilə yanaşı, kənar ərazilərində də müşahidə edilir. Ekspertlər çıxış yolu olaraq universitetlərin paytaxtdan kənara və regionlara köçürülməsini, müasir tələbə yataqxanalarının istifadəyə verilməsini təklif etsələr də, bu, baş vermir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, əmlak eksperti Vüqar Oruc AYNA-ya açıqlamasında bildirib ki, qanuna edilən dəyişikliklər tikinti məhsulları bazarına da təsirsiz ötüşməyəcək: “İnşaat bazarını situmullaşıran əsas amillərdən biri torpaq sahələrində inşa olunan fərdi yaşayış evlərinin sayının çox olması ilə əlaqədar idi. Oktyabrın 1-dən etibarən qanuna edilmiş müvafiq dəyişikliyə əsasən, çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub. Bu o deməkdir ki, artıq belə evlərdə yaşayan əhali kommunal xidmətlərdən istifadə edə bilməyəcək. Bakıda və Abşeronda isə çıxarışı olmayan fərdi yaşayış evlərinin sayı çoxdur. Bu isə öz növbəsində ciddi problemlərə yol açacaq. Çıxarışı olan torpaqların və fərdi yaşayış evlərinin qiymətləri isə artacaq. Bu, bir tərəfdən həyət evləri ilə bağlı qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edirsə, digər tərəfdən xeyli sayda vətəndaşın, əsasən də aztəminatlı ailələrin ciddi problemlərlə üzləşməsinə gətirib çıxarır” – AQC sədri vurğulayıb.
Əlavə edib ki, daşınmaz əmlak bazarında ucuzlaşmadan söhbət gedə bilməz: “Bahalaşmanı doğuran səbəblər hələ də öz aktuallığını qoruyub saxlayır. Daşınmaz əmlakın etibarlı investisiya vasitəsi olması, Rusiyada və müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların, habelə imkanı olan ölkə vətəndaşlarının bir neçə mənzilə sahiblənməsi, həmin mənzilləri kirayəyə verməsi qiymət artımları ilə yanaşı, kirayə bazarında bahalaşmaya səbəb olub. Eyni zamanda, Azərbaycana üz tutan xarici ölkə vətəndaşları da Bakıda daşınmaz əmlaka sahib olurlar və bu, kütləvi xarakter daşıyır. Hansı ki, paytaxdakı əcnəbilər buna qədər daha çox kirayələrdə yaşamağa üstünlük verirdilər. Regionlardan da paytaxta axını nəzərə alsaq, yaxın gələcəkdə qiymət artımlarının davam edəcəyini proqnozlaşdırmaq olar” – V.Oruc əlavə edib.