“Ermənistanın müstəqilliyi sual altına düşə bilər” – Naqif Həmzəyevbackend
Parlament
351

“Ermənistanın müstəqilliyi sual altına düşə bilər” – Naqif Həmzəyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bildiyimiz kimi, Azərbaycan 44 günlük Vətən Müharibəsində qələbə çaldıqdan sonra ərazi bütövlüyünü bərpa etdi. Hazırda Azərbaycan regionda daimi sülhün əldə edilməsi, kommunikasiyaların açılması, regionda iqtisadi inkişafın gücləndirilməsi üçün çox maraqlı təkliflərlə çıxış edir”. 

Bunu Unikal.org-a açıqlamasında deputat Naqif Həmzəyev deyib. O bildirib ki, Azərbaycan və Ermənistan arasında Sovet dövründə olan kommunikasiya əlaqələrinin bərpası əsas məqsədlərdən biridir:

 

“Mən düşünürəm ki, Zəngəzur dəhlizinin açılması, yəni Naxçıvanla quru və dəmiryolunun bərpa edilməsi ən vacib addımlardan biridir. Azərbaycan öz üzərinə düşən işi görür. Hazırda Bərdədən Ağdama gedən yolun və Zəngilandan Naxçıvana gedəcək yolun bərpası üçün işlər görülür.

Ermənistan tərəfi də kommunikasiya əlaqələri üçün lazım olan addımları atmalıdır. Bu proses nə qədər uzanarsa, ermənilər bir o qədər özlərini təcrid etmiş vəziyyətdə qalacaqlar. Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmayanadək regiondakı iqtisadi inkişafdan geri qalacaq.

Faktiki olaraq Azərbaycan öz enerji resurslarını Gürcüstan üzərindən Avropaya çıxara bilir, həmçinin Bakı-Tblisi -Qars dəmiryolu xətti üzərindən yük daşımaları həyata keçirilir. Azərbaycan artıq Çinin “Bir kəmər – bir yol” layihəsinin əsas tərəfdaşlarından və iştirakçılarından biridir. Ermənistan isə bu proseslərdən kənarda qalır.

Yalnız kommunikasiya xətlərinin açılacağı təqdirdə Ermənistan iqtisadi və digər layihələrdə yaxından iştirak edə bilər. Bu da Ermənistanın inkişafı və regiona adaptasiyası üçün çox vacib amillərdir.

Bütün bunlarla yanaşı, ərazi iddialarından əl çəkməzsə, ümumiyyətlə Ermənistanın müstəqilliyi sual altına düşə bilər. İqtisadi inkişaf olmadan bir ölkə nə qədər dotasiya ilə yaşaya bilər? Bu baxımdan erməni siyasi elitası baş vermiş hadisələri düzgün analiz etməli, regionda sülhü dəstəkləməli və Azərbaycan və Türkiyə ilə əlaqələrini yaxşılaşdırmalıdırlar”.