Siyasi partiyaların 5 min üzvünün olub-olmaması yoxlanılır? – RƏSMİbackend
Siyasət
661

Siyasi partiyaların 5 min üzvünün olub-olmaması yoxlanılır? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildə Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun qəbul edilib. 6 fəsil və 30 maddədən ibarət qanunda siyasi partiyaların yaradılması və fəaliyyəti üçün əvvəlki qanunla müqayisədə daha sərt tələblər müəyyən edilib. Əvvəlki qanunla siyasi partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idisə, yeni qanunla bu tələb 5 dəfə artırılıb.

 

Qanunun qəbul edilməsindən sonra 30-dan çox siyasi partiya fəaliyyətini dayandırıb. Bəzi partiyalar 5000 üzv tələbini yerinə yetirmədiyi üçün qeydiyyata alınmayıb. Hazırda Azərbaycanda 26 siyasi partiya qeydiyyatdadır.

 

Azərbaycanda partiyaların fəaliyyəti ilə bağlı bəzi məsələlərə Ədliyyə Nazirliyi nəzarət edir. Qeyd edək ki, qanuna əsasən 5000-dən az üzvü olan partiyaların fəaliyyəti dayandırıla bilər. Bəs partiyaların 5 min üzvünün olub-olmaması hansı müddətdə yoxlanılır.

Modern.az mövzu ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, “Siyasi partiyalar haqqında” Azəbaycan Respublikasının Qanununa əsasən üzvlərinin reyestrini aparmaq siyasi partiyanın vəzifəsidir. Siyasi partiyanın azı 5000 üzvü olmalıdır:

 

“Adıçəkilən Qanunun 7.2.2-ci maddəsinə uyğun olaraq siyasi partiyanın fəaliyyətinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və nizamnaməsinə uyğunluğunun öyrənilməsi məqsədilə Ədliyyə Nazirliyi dövlət elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatları ildə azı iki dəfə nəzərdən keçirir.  Həmçinin Qanunun 6.4-cü maddəsinə görə siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) Ədliyyə Nazirliyinə məlumat təqdim edir.

 

Eyni zamanda qeyd edək ki, reyestrdəki məlumatların aktuallığının təmin olunması məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2012-ci il 19 mart tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın 7.16-cı bəndinə uyğun olaraq siyasi partiyalar üçün üzvlərinin reyestrində dəyişiklik baş verdiyi andan etibarən bu barədə məlumatın elektron qaydada təqdim edilməsi imkanı yaradılmışdır. Lakin bu hal siyasi partiyanı sözügedən Qanunun 6.4-cü maddəsində qeyd olunan öhdəlikdən azad etmir”.