Nahid Həsənov: “Qiymətəndiricilərin fəaliyyətində yeni mərhələ başlayır”backend
İqtisadiyyat
570

Nahid Həsənov: “Qiymətəndiricilərin fəaliyyətində yeni mərhələ başlayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan tarixində ilk dəfə olaraq qiymətləndiricilər üçün ixtisas imtahanı keçirilib. İmtahanda ən yüksək nəticə göstərən iddiaçılardan biri də “FM Consulting” qiymətləndirmə şirkətinin təsisçisi və direktoru, tanınmış əmlak eksperti Nahid Həsənov olub. Belə ki, N.Həsənov mümkün 60 bal üzərindən 50 bal toplayıb.

Qeyd edək ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun tələbinə görə, imtahanı müvəfəqiyyətlə vermiş qiymətləndiricilər Qiymətləndiricilər Palatasının sədrini və müavinlərini seçməli, Rəyasət Heyətini və İntizam komissiyasını formalaşdırmalıdırlar. Qanunda qeyd olunur ki, Qiymətləndiricilər Palatasının üzvü olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilməzlər. Palata Azərbaycanda qiymətləndirmə siyasətini həyata keçirən rəsmi qurum olacaq.

İmtahanın nəticələri ilə bağlı təəssüratlarını bölüşən “FM Consulting” qiymətləndirmə şirkətinin təsisçisi və direktoru, tanınmış əmlak eksperti Nahid Həsənov bildirib ki, imtahanlar yüksək səviyyədə təşkil olunub: “Ötən ilin sonunda “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun qəbul edildi və Cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edildi. Fərmanda Nazirlər Kabinetinə qiymətləndiricilər üçün ixtisas imtahanını təşkil etmək və  Qiymətləndiricilər Palatasını formalaşdırmaq tapşırığı verildi. Qanuna əsasən, ölkə ərazisində qiymətləndirmə fəaliyyətini təşkil etmək Qiymətləndiricilər Palatasına həvalə edilib və əsas diqqət də məhz bu qurumun formalaşdırılmasına yönəlib. Palatanı formalaşdırmaq üçün İqtisadiyyat və Maliyyə nazirliklərinin rəsmilərindən ibarət Təşkilat Komitəsi təsis edilib. Onların bilavasitə rəhbərliyi altında Dövlət İmtahan Mərkəzi qiymətləndiricilərin ixtisas imtahanını təşkil etdi. Açıq şəkildə söyləmək olar ki, imtahan çox yüksək səviyyədə təşkil olunub və ölkə qiymətləndiricilərinin mənafeyinə cavab verir”.

Qiymətləndiricilər Palatasını təsis etmək üçün yetərli sayda qiymətləndiricinin formalaşdığını söyləyən müsahibimiz ümidvardır ki, qiymətləndiricilər də bu prosesdə yaxından iştirak edəcəklər: “Qanunda Palatanı formalaşdırmaq üçün minimum qiymətləndirici sayı müəyyən olunub ki, son imtahanda müvəfəqiyyət qazananların sayı ondan dəfələrlə çoxdur. Yaxın gələcəkdə Təşkilat Komitəsinin iştirakı ilə Qiymətləndiricilər Palatnın rəhbərliyi və rəhbər strukturları formalaşdıracaq. Bu, çox mühüm hadisə olmaqla yanaşı, qiymətləndiricilərin fəaliyyətində yeni mərhələdir. Çünki bu günə qədər qymətləndiricilərin özünütənziləmə və inzibati orqanı olmayıb. Bu da öz növbəsində sektorun peşəkar inkişafının qarşısını alıb. Qiymətləndirici adı ilə müxtəlif işbazlar bu vəziyyətdən öz xeyrinə sui-istifadə ediblər. İndi isə yeni situasiya yaranıb və qiymətləndiricilərin peşəkar inkişafı, şəffaflığın təmin olunması üçün münbit şərait yetişib. Palatanın rəhbərliyində uzun müddət bu sahədə çalışmış və sektorun inkişafına mühüm töhfəsini vermiş peşəkar qiymətləndiricilərin təmsil olunacağına ümidvarıq” – Həsənov vurğulayıb.