Xarici media nümayəndələri Şamaxıda tarixi məkanlarla tanış oldularbackend
Cəmiyyət
226

Xarici media nümayəndələri Şamaxıda tarixi məkanlarla tanış oldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Şamaxı şəhərinə mediatur təşkil olunub.

 

Apress.az xəbər verir ki, qonaqlar mediatura XV əsrə aid unikal ikimərtəbəli “Diri Baba” türbəsindən başlayıblar.

 

Bildirilib ki, Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilən “Diri Baba” türbəsi dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidəsidir. Tikilən türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. Tikilinin yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara, kahalar, orta əsrlərə aid qəbiristanlıq və abidənin ümumi təbii ətraf mühiti bütövlükdə mədəni məzmun əmələ gətirərək ümumi tarixi landşaft formalaşdırır.

 

Daha sonra jurnalistlər çoxəsrlik dəmirçilik ənənələri ilə zəngin olan Dəmirçilər kəndini ziyarət edərək kəndin tarixi ilə bağlı ətraflı məlumat alıb. Vurğulanıb ki, Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir və onun tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldığından sonralar buraya Dəmirçi adı verilib.

 

Xarici media nümayəndələri sonda Azərbaycanın üzümçülük mədəniyyəti ilə tanış olmaq üçün Meysəri şərabçılıq kompleksinə səfər ediblər. Diqqətə çatdırılıb ki, Şamaxının Meysəri kəndinin təbii iqlim şəraiti, illik yağıntıların miqdarı, temperatur göstəriciləri, ərazinin müxtəlif yerlərindən götürülən torpaq nümunələrinin analizlərinin nəticələri burada yüksək keyfiyyətli və məhsuldar üzüm sortlarının yetişdirilməsi üçün imkanların olduğunu göstərir.