Qanunsuz tikililərin məsələsi həll edilməlidir. Əksər bağ evlərində digər bölgələrdən gələn ailələr yaşayır. Onlar sosial vəziyyətlə əlaqədar bu evlərdə mühafizə işi ilə məşğul olur, təsərrüfat yaradırlar. Necə edək ki, bu insanlar təsərrüfatını dədə-baba evində qurub yaşasın?
APress.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.
O qeyd edib ki, şəhərə girişdə adamda belə təəssürat yaranır ki, Bakı gecəqondu şəhəridir: “Vaxtilə məmurlar rüşvət alaraq torpaqları paylayıbar. İnsanlar da bu ərazilərdə məskunlaşıb. Ancaq bu evlərin çoxunun sənədi yoxdur. Hesab edirəm ki, bu məsələ qanuniləşdirilməlidir. Bu, ciddi problemdir. Əhalinin 10 faizi faktiki bu formada yaşayır. Hansı icra hakimiyyətinə sənəd aparırsansa, deyir bələdiyyənin qanunu keçərli deyil. Əgər belədirsə, bələdiyyələri ləğv etmək lazımdır”.
Bir zamanlar Ankaranın da bu problemlə qarşılaşdığını xatırladan Fazil Mustafa deyib ki, sənədsiz evlər problemi həll edilməlidir.