“Ali maliyyə qurumunun hesabatının tərtibi əvvəlki illərdən köklü şəkildə fərqlənir. Palata sədri aydın və məzmunlu şəkildə ötən ilki fəaliyyətin yekunlarını təqdim etdi. Burada büdcəyə nəzarət üzrə həm nəzəri-qanunvericilik, həm də maliyyə, uygunluq, informasiya və sair sahələrdə Palatanın səlahiyyətlərinə aid olan praktiki fəaliyyətin nəticələri əksini tapıb. Həyata keçirilən hər bir audit tədbirinin yekununda analitik fəaliyyətin nəticələri təqdim olunub və bu hökumət üçün yaxşı təlimat sənədləridir.
Hesabat büdcə gəlirləri və xərcləri üzrə nəzarət qurumunun həyata keçirdiyi tədbilər nəticəsində ümumilikdə dövlət büdcəsi ilə işləyən bütün qurumlardakı xarakterik problemləri görməyə imkan verir. Qeyd edək ki, Milli Məclis hökumətin fəaliyyətinə nəzarəti məhz bu yolla həyata keçirir. Biz yaxşı xatırlayırıq ki, təşkilat yarandığı ilk dövrdə öz səlahiyyətlərini minimum şəkildə yerinə yetirmək üçün müxtəlif hökumət orqanları onu içəri buraxmırdılar. İndi vəziyyət köklü şəkildə dəyişib. Parlament üçün Palatanın mövqeynin güclənməsi bir tərəfdən nüfuz məsələsidir, digər tərəfdən hakimiyyət qolları arasında balans yaratmaq üçün ən böyük səlahiyyətlərindən biridir”. – Bu sözləri Milli Məclisin bugünkü iclasında Millət vəkili, Komitə sədri Zahid Oruc bildirib.
O deyib ki, bütün 27 milyard manatdan artıq büdcə vəsaitinin hamısı üzərində belə total nəzarəti həyata keçirmək mümkün deyil.Lakin bir sıra ölkələrin nümunəsi xatırlatmaq istərdik:
“Rusiya təcrübəsində Palatanın makroiqtisadi göstəricilər sırasında işsizliyin artması və sahələr üzrə pandemiyanın mənfi təsirlərinin qrafikləri dərc olunub. Bu yaxşı təcrübədir. Eləcə də büdcə öhdəliklərinin təyinatları üzrə yerinə yetilmədiyinə dair hər bir hökumət və büdcə qurumu üzrə təsnifləşdirmə aparılıb ki, bu da ötən il həmin təşkilatlarda idarəçiliyin vəziyətini təyin etməyə imkan verir.
Biz ilk növbədə, dövlət proqramları arasında bagların icrasına nəzarəti artırmalıyıq. Çünki investisiya tutumlu ən böyük sahələrdir, lakin bəzən layihələr bir-birindən asılı olmadan icra edilir və nəticə aşağı olur. Bir çoxlarında cavabdeh orqanlar sonadək müəyyənləşməyib və ona görə də mühüm milli layihələr gerçəkləşə bilmir. Məsələn, biz hələ də bilmirik, “Strateji yol” xəritəsində nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi nəticəsində hər bir hökumət strukturunun yerinə yetirdiyi/yetirmədiyi işlər ümumi siyasətdə hansı çəkiyə malikdir?
Sənəddə, “Satınalmalar haqqında” ciddi pozuntular bəhs edilib. Əlbəttə, çox ağrılı sahədir. Lakin tender çıxış yoludurmu-real misallar gətimək olar ki, tender öhdəliklərini yerinə yetirməyən yüzlərlə təşkilat var və bu zaman uzun illər biznes strukturları hansı qanun pozuntuları altında işləməyə məcbur olduqları məsələsi ortaya çıxır və biznes əxlaqı bundan nə qədər ziyan çəkdiyi göz önünə gəlir. Ona görə də ilk növbədə, bütün sahələrlə bağlı hüquqi normativ bazanın hazırlanması prosesi sürətlənməlidir-müstəqil ölkəmizdə məsələn, hələ də tikinti sahəsində bir sıra təlimat sənədləri 1980-ci illərdən qalıb”.
Daha sonra Millət vəkili deyib ki, antiböhran tədbirlərinin qiymətləndirməsindən bəhs olunması yerinə düşərdi.Tədbirlər vaxtında və adekvat idi, lakin son sətrinə qədər yerinə yetirildimi? Halbuki nə qədər ailələr ziyan çəkdi. Eləcə də dövlətin müəyyənləşdirdiyi yardımları ala bilməyən çoxlu ailələr, həkimlər tanıyırıq. Dəfələrlə o haqda məlumatlar informasiya vasitlərdə yayılıb. Bu haqda Palatanın mövqeyini bilmək çox vacibdir:
“Regionların inkişafı layihələrinin qiymətləndirilməsi vacibdir-həm mərkəzi hakimiyyət orqanları, həm də yerli qurumlar bir-birini təkrarlayan-iki eyni təyninatlı işləri büdcə vəsaitlərinin səmərəsiz xərclədiyi şübhə doğurmur. O cümlədən, tikintisi yarımçıq qalan layihələrin külli miqdarda dövlət resursu hər gün dəyərini itirməkdədir.
Hesablama Palatasının qeyd edilən sahələr üzrə Hökumətə öz tövsiyyə və tələblərini verməsi onun fəaliyyətini millətimiz üçün daha da gərəkli, faydalı edəcəkdir”.