Bakı metrosunda YENİLİK – İlk dəfə bu stansiyadabackend
Cəmiyyət
317

Bakı metrosunda YENİLİK – İlk dəfə bu stansiyada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metropoliteninddə ilk dəfə bir stansiyanın hər iki yolu dəmir-beton bloklar üzərində qurulub.

“Bakı Metropoliteni” QSC-dən APress.az-a verilən məlumata görə, “Elmlər Akademiyası” stansiyasında həyata keçirilən bu innovativ yenilik xəttin başlanğıc və sonu deyil, məhz orta sahələrində yerləşən stansiyalardan birində həyata keçirildiyindən metropoliten tarixində ən məsuliyyətli layihələrdən biri kimi yer alacaq.

“Elmlər Akademiyası” stansiyasında işlərə hər iki yolunda köhnə ağac şpalların və yolun üstquruluş elementlərinin sökülərək çıxarılması, beton özülün dağıdılaraq sökülməsi ilə başlanılıb. Daha sonra yeni yol yatağının təmizlənərək texnoloji normalara uyğun müvafiq səviyyəyə gətirilməsi üçün işlər aparılıb. Qeyd edilən işlərə paralel olaraq, beton qırıntılarının stansiya yollarından daşınaraq çıxarılıb, beton məhlulun stansiya yollarına ötürülməsi üçün boru xətti, suaxarların yönləndirilməsi üçün müvəqqəti tədbirlər və s. hazırlıq işləri görülüb.

İşlərin ikinci mərhələsi çərçivəsində əvvəlcə yolun hamarlayıcı alt qatının beton təbəqəsi qurulub. Ardınca inşaatın norma və qaydalarına, eləcə də yeni yolun çəkilməsinin texnoloji proseslərinin tələblərinə uyğun olaraq, dəmir-beton konstruksiyaların yığılmasına başlanılıb. Yeni yolun konstruksiyası qurularaq, üstquruluş elementləri düzüldükdən sonra yolun texniki-normativ tələblərə uyğunluğunu yoxlamaq məqsədilə diaqnostik müayinəsi aparılaraq betonlanma işlərinə başlanılıb.

İstehsal olunmuş dəmir-beton blokların və digər üstquruluş elementlərinin stansiyaya daşınması da mərhələlərlə başa çatdırlıb. Dəmir-beton bloklar Almaniyanın “Vollert” müəssisəsinin texnologiyalarından istifadə olunmaqla “Bakı Metropoliteni” QSC-nin özünün istehsalıdır. 2016-cı ildə müasir tələblərə cavab verən sex inşa olunub. Bu isə ölkə xaricindən gətirilən ağac şpallardan asılılığı aradan qaldırmaqla, çəkilən xərcin əsaslı şəkildə azaldılmasına səbəb olur. Eyni zamanda dəmir-beton blokların istismar müddəti daha uzundur, qulluq effektivliyi daha səmərəlidir. Bu yollar qatarın daha rəvan və daha təhlükəsiz hərəkəti baxımından da üstün texnoloji yenilikdir.

Onu da əlavə etmək lazımdır ki, dəmir-beton bloklar ilk dəfə “Nərimanov” elektrik deposunda qatarların sınaq yolunda, sonra “Xətai” və “Cəfər Cabbarlı” stansiyalarının ancaq bir yolunda tətbiq edilib. Hazırda sərnişindaşıma prosesinə hazırlanan Bənövşəyi xəttin “8 Noyabr” stansiyasının hər iki yolu və dalanı, eləcə də xəttin “Memar Əcəmi-8 Noyabr”, “Xocəsən elektrik deposu-Avtovağzal” mənzilləri də məhz dəmir beton bloklar üzərində qurulub.

“Elmlər Akademiyası” stansiyasında aparılan təmir-yenidənqurma işlərinin üçüncü mərhələsində yeni yolun relslərinin qoyulması, üstquruluş elementlərinin yığılaraq bərkidilməsi işləri aparılıb. Onu da qeyd edək ki, burada yolun üst quruluşunun yığılmasında müasir sistemlərin tərkib hissəsi olan və səmərəli variant sayılan “Vossloh-300 UTS” tipli rels bəndləri tətbiq edilir. Təkrar diaqnostika müayinələri yeni stansiya yolunun ideal vəziyyətdə olduğunu müəyyənləşdirib. Bu işlərin yekunu olaraq, təmas relsi quraşdırılmaqla, stamsiya yolunun estetik görkəmi və funksionallığını təmin edərək, ətraf mühitin təsirlərindən də qoruyan rəngləmə işləri aparılıb.

İşlər stansiyada təmizlik işlərinin aparılması və xəttin qatarların hərəkəti şəaritində yoxlanılması ilə yekunlaşıb.

Təmirin mərhələləri çərçivəsində stansiya üzərində yerləşən inzibati binanın fasad örtüyündə işlər də sürətlə davam etdirilib. Bu işlərin də əsas həcmi artıq yerinə yetirilib. Sərnişinlərin stansiyaya daxil olduğu və tərk etdiyi vestibülün giriş-çıxış qapıları istiqamətində təmir-bərpa işləri tamamlanaraq, bütün yardımçı konstruksiyalar sıkülüb. Qeyd edilməlidir ki, fasadın təmir-bərpa işləri binanın memarlıq görkəminin qorunması şərtilə təmin edilib. Bununla binanın fasad örtüyünün möhkəmliyi yeni standartlar səviyyəsinə çatdırılmaqla, gücləndirilib.

Stansiyada aparılan təmir-quraşdırma və bərpa prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın “COVID-19” pandemiyası dövründə müəyyən etdiyi tələblər və normalara uyğun qaydada təşkil edilib.