“Birləşmiş Ştatların Azərbaycandakı səfiri kimi fəaliyyətim sona çatmaq üzrəykən bu möhtəşəm ölkənin insanlarına təşəkkür və vida mesajımı çatdırmaq İstəyirəm. Burada Birləşmiş Ştatları təmsil etmək mənim üçün bir şərəf və ömürlük imtiyaz olub. Vidalaşmaq heç vaxt asan deyil, lakin mən Azərbaycana qarşı dərin minnətdarlıq hissi və birgə səylərimizin gələcəyinə dair nikbinliklə buradan ayrılıram”.
Apress.az xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi vida mesajında bildirib.
“Danusia və mən Azərbaycanın hər tərəfini gəzmişik, dağlara dırmanmışıq, çöllərdə yürüş etmişik, dənizdə üzmüşük. Qədim və müasir məbədləri, sinaqoqları və məscidləri ziyarət etmişik, yazılı tarixdən əvvələ aid petroqliflərə heyran olmuşuq, xalça toxuyanların və heykəltaraşların gözlərimiz önündə möcüzələr yaratmasına tamaşa etmişik və bəziləri dünya səviyyəli restoranlarda ən yaxşı aşpazlar tərəfindən hazırlanmış, bəziləri isə vəhşi təbiət qoynunda ocaq üzərində bişirilmiş ləzzətli yeməkləri dadmışıq”, – səfir əlavə edib.
Mark Libbi bildirib ki, təbiətdən, yeməklərdən və sənətkarlıqdan daha çox onlarda ən yaddaqalan təəssüratları Azərbaycan xalqı yaradıb.
“Nizami Gəncəvidən Ell və Nikkiyə, Vəcihə Səmədovadan Təvəkkül şefə, Zeynalabdin Tağıyevdən Azərbaycan Hava Yollarının 8243 nömrəli reysinin qəhrəman heyətinə kimi azərbaycanlılar, əfsanəvi igidlik, yaradıcılıq, dözümlülük, qonaqpərvərlik, dini müxtəliflik və dünyagörüşə sahib xalqdır. Danusia və mənim burada tanış olduğum hər bir azərbaycanlı belə möhtəşəm insanlarla ümumi irsi daşıyır.
Ən çox isə Azərbaycan xalqı üçün darıxacağıq. Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram, bu xalq ən yaxşısına layiqdir”.
Səfir deyib ki, heç bir ölkə, o cümlədən Birləşmiş Ştatlar da mükəmməl deyil.
“Lakin mən, ABŞ Səfirliyinin azərbaycanlı həmkarları ilə bu hədəflərə doğru necə çalışmasından qürur duyuram. Birlikdə çox şeyə nail olmuşuq.
Biz iqtisadi rifahı yüksəltmişik. Tarixi 30 il əvvələ dayanan Əsrin Müqaviləsindən keçən ilki COP29-a və ABŞ-nin Azərbaycanda kiçik biznesə, fermerlərə və qadın sahibkarlara davam etməkdə olan dəstəyinə kimi ABŞ – Azərbaycan tərəfdaşlığı əlamətdar tərəqqiyə çatıb və daha aydın və dayanıqlı gələcək üçün təməllər qoyub. Birlikdə biz Azərbaycan əhalisinin təhlükəsizliyini təkmilləşdirmişik. Təlim, təchizat və əməkdaşlıq proqramları vasitəsilə Birləşmiş Ştatlar Azərbaycan vətəndaşlarının, sərhədlərinin və dəniz sahillərinin təhlükəsizliyinə fəal şəkildə dəstək verir. Səfirlik, azərbaycanlıların həyatına hər gün təhlükə yaradan minaların təmizlənməsinə milyonlarla dollar ayırıb.
Mən və həmkarlarım Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə rəsmi səfərlər etməklə ABŞ-nin ərazi bütövlüyü prinsipinə hörmətini göstərmişik. Əleyhdarlar saxta konspirasiya hekayələri ilə hər gün şübhə toxumları səpməyə çalışır, lakin əməllərimizin səsi onların sözlərindən daha yüksəkdir.
Və son olaraq, insanlararası əlaqələrdə olduqca böyük inkişafın şahidi olmuşuq. Birləşmiş Ştatlarda təhsil alan azərbaycanlı tələbələrin sayının sürətli artımı, köçkünlər və digər az imkansız əhali qruplarına İngilis dilinin tədrisi proqramları vasitəsilə xalqlarımız arasındakı dostluğun davamlı olduğunu və inkişaf etdiyini sübuta yetirmişik. Hər şeydən daha çox bu məndə münasibətlərimizin gələcəyinə dair böyük ümidlər doğurur.
Ailəmi və məni qonaq etdiyiniz üçün sizə təşəkkür edirəm, Azərbaycan. Qonaqpərvərliyiniz və yaradıcılıq enerjiniz üçün sizə minnətdaram, Azərbaycan. Danusia və mən bu möhtəşəm ölkə üçün darıxacağıq. Qarşıdan gələn illərdə Azərbaycan xalqına səmimi qəlbdən xoşbəxtlik və rifah arzulayırıq”.