Azərbaycan rəsmi qurumları işğaldan azad edilmiş Şuşa şəhərinə Rusiya istehsalı olan və böyük dağıdıcı gücə malik “İsgəndər” raketlərinin atıldığını bildirib. Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ötən həftə bunun sübutu kimi raket qalıqlarının fotolarını yayıb.
Qurumun Operativ Qərargahının rəisi İdris İsmayılov deyib ki, araşdırmalar bu qalıqların “İsgəndər-M” raketinə məxsus olduğunu göstərir.
Bu fakt dünya mediasında da böyük əks-səda doğurub. Tapılan qalıqlar Rusiyanın beynəlxalq razılaşmaları pozaraq, Ermənistana hədəfi vurma radiusu 500 kilometri ötən operativ-taktiki “İsgəndər” raketlərini satdığını təsdiqləyir.
Beləliklə, Rusiyanın Ermənistana “İsgəndər-M” raketini satması beynəlxalq öhdəlikləri pozması anlamına gəlir.
Milli Məclisin deputatları Modern.az-a açıqlamalarında məsələyə münasibət bildiriblər.
Elman Məmmədov deyib ki, sülhməramlılıq missiyasını icra edən bir dövlətin işğalçı ermənilərə bu silahı nə məqsədlə verdiyi sual altındadır:
“Hesab edirəm ki, bu məsələ təcili olaraq beynəlxalq səviyyədə ictimailəşdirilməlidir. Artıq bütün beynəlxalaq qurumlara bu barədə məlumat verilib. “İsgəndər” raketinin qalıqları maddi sübut kimi Bakı şəhərinə gətirilib. Cənab prezident və Xarici İşlər Nazirliyi tərəfindən məsələyə toxunulub. Müəmmalı məsələ burasındadır ki, istehsalçı dövlətin raketin 9M723 markasını digər dövlətlərə satma hüququ yoxdur. Ermənilərin bu silahı hansı yollarla əldə etdiyi çox müəmmalı məsələdir. Dövlətlərarası münasibətlərdə bu məsələ yüksək səviyyədə aydınlaşdırılmalıdır”.
Deputat bildirib ki, əgər raket tam gücü ilə partlasaydı, Şuşa şəhərindən əsər-əlamət qalmayacaqdı:
“”İsgəndər M” raketinin Şuşaya hansı məqsədlə atıldığı məlumdur. Ermənilər Şuşanın azad olunduğunu tam dərk edəndən sonra şəhəri tamamilə dağıtmaq üçün belə güclü raketdən istifadə ediblər. Əgər raket tam gücü ilə partlasaydı, Şuşa şəhəri yerlə-yeksan olardı. Çünki bu tip silahlar böyük dağıdıcı gücə malikdir. Bu kiçik bir silah deyil ki, kimin atdığı gizlədilsin. Müvafiq qurumların hava hücumundan müdafiə sistemləri hər şeyi qeydə alıb, bunlar aydınlaşdırılmalıdır. Bütün bunlardan biz çox ciddi bir nəticə çıxarmalıyıq, heç kimə arxayın olub ehtiyatımızı əldən verməməliyik. Düşmən açıq formada təxribat törədir. Onu müdafiə edənlər isə cürbəcür yollarla düşməni silahlandırırlar. Ən önəmli məsələlərdən biri də “Laçın dəhlizi”dir. “Laçın dəhlizi”nin girişində – Azərbaycan-Ermənistan sərhədində mütləq şəkildə Azərbaycan əsgəri, sərhədçisi durmalıdır! Çünki Qarabağda olan quldurlara o dəhliz vasitəsi ilə silah-sursat daşınır. Həmin 5 km-lik sərhəddi heç kimə etibar etmək olmaz”.
Depuatat Aqil Məmmədov məsələnin araşdırılmasına ehtiyac olduğunu deyərək vurğulayıb ki, cavabdeh tərəf mütləq bizə açıqlama verməlidir:
“Bu hadisəni təbii ki, çox pis qiymətləndirirəm. “İskəndər-M” raketini istehsal edən dövlət məsələyə münasibət bildirməlidir ki, görək raket oraya hansı qanuni yolla və ya deyilənə görə hissə-hissə olaraqmı keçirilib? Məsələdə oğurluq faktı varmı, yoxsa hər şey məqsədli şəkildə baş verib? Mütəxxəsislər raketin düşdüyü yerə görə aydın bilir ki, hansı məsafə və istiqamətdən atılıb. Yaşayış yerlərinə bu cür raket atışı beynəlxalq qanunlara tamamilə zidddir. Təəssüf ki, indiyə kimi bununla bağlı nə Ermənistan, nə də Rusiya tərəfi detallı açıqlama verib. İqtisadi vəziyyətə baxıldıqda Ermənistanın bu raketi almaq gücünə malik olmadığını hamı bilir. Məncə bununla bağlı Rusiyanın Azərbaycandaki səfiri Xarici İşlər Nazirliyinə dəvət olunmalıdır. Bir vətəndaş, millət vəkili olaraq Şuşa şəhərinə raket atılmasını qətiyyətlə pisləyirəm”.