Doğan Tomris: “Əsas məsələ təcrübə və düzgün strategiyadır, sərmayə deyil”
Feysbukun Azərbaycan seqmentindəki “Biznes Azərbaycan” qrupunda iştirakçılardan biri “5 min manata minimal risklə və qısa zaman ərzində geri dönüşü olan hansı biznesi qurmaq olar” sualı ilə qrup üzvlərinə xitab edib. O, qrup üzvlərindən şəxsi təcrübələrini nəzərə almağı və buna müvafiq rəylər yazmağı xahiş edib.
Oxucuların marağını nəzərə alara həmin rəyləri təqdim edirik:
Cavidan Baloğlanov:
Proqramlaşdırma və suni intellektlə çalışan web-layihəmiz var. Hazırlanma mərhələsindədir. Ortaqlıq də təklif edə bilərik. Aylıq rahat 1500 manat gəlir əldə etmək mümkündür. 5 min qazanc əldə etmək üçünsə ən azı bir neçə il üzərində işləmək lazımdır.
Etibar Babayev:
Məntiq, riyaziyyat, eləcə də həndəsə fənlərinin tədrisi yaxşı gəlir gətirir. Çünki bir çox yerlərdə məntiq bilikləri tələb olunur. Misal üçün, Türkiyə universitetlərinə qəbul olunmaq istəyən abituriyentlər, dövllət qulluğuna hazırlaşanlar və s. Bu sahəyə kiçik investisiya qoyub, yaxşı gəlir götürmək mümkündür.
Samir Fərəcov:
Moped icarəsində yaxşı gəlir var. O səbəbdən ki, son dövrlər bu nəqliyyat vasitəsinə maraq artıb. Əsasən çatdırılmada istifadə olunur. Əksər mopedlər sənədsiz olduğu üçün icarə ilə əldə etmək istəyənlərin sayı çoxalıb. Təxminən 12 ədəd işlənmiş moto alıb, aylığını 100 manata icarə verib, 1200 manat gəlir etmək mümkündür.
Azərbaycan Sahibkarlar Konfedrasiyasının rəsmisi, tanınmış investor və iş adamı Doğan Tomris APress.az-a açıqlamasında bildirib ki, 5 min manat kiçik sərmayə olsa da, Azərbaycanda bu sərmayə ilə müəyyən işlər qurmaq mümkündür: “Əvvəla, Dövlət Məşğulluq Xidməti yeni iş qurmaq istəyənlərə dəstək göstərir. Onlarla birlikdə kiçik biznes layihələri həyata keçirmək mümkündür. İkinci yol ən yaxşı bildiyin işdə fəallıq göstərmək, bazar araşdırması aparmaq, konsaltinq xidmətləri verməkdir. Daha bir yol isə kiçik dükan və ya internet üzərindən alış-veriş platforması yaratmaqdır. Təxminən bir müddət sonra bu işlərdən ortalama 1-2 min manat aylıq gəlir götürmək mümkündür”.
Müsahibimiz qeyd edir ki, əsas məsələ təkcə vəsait deyil, təcrübə, strategiya və çevrədir: “Sistem düzgün qurulsa, aşağı məbləğlə də böyük işlər qurmaq mümkündür. Bəzən isə çox böyük vəsaitlər yatırıb, zərərə məruz qalanlar da olur. Buna görə də, əsas faktor uğurlu investisiyadır. Bunun üçün təcrübəli mütəxəssislərlə də məsləhətləşmək lazımdır” – deyə, Tomris fikrini yekunlaşdırır.
// Azər Niftiyev, APress.az