Fidan Cəbiyeva: “Bir an içərisində qərar verdim ki, öz şirkətimi yaradacam…”
Fidan Cəbiyeva ABŞ-da təhsil alıb, Böyük Britaniyada çalışıb. Çox maraqlı bioqrafiyası var. Uzun illər baş mühasib kimi çalışdığı beynəlxalq şirkət fəaliyyətini dayandırandan sonra qərar verib ki, komandanı dağılmağa qoymayacaq. Bu qərarla eyni profilli yeni şirkət yaradıb. Kifayət qədər keşməkeşli həyat sürüb, bu gün əldə etdikləri isə asan başa gəlməyib.
Beləliklə, müsahibimiz iş adamı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvü Fidan Cəbiyevadır.
– Fidan xanım, Azərbaycanda bir ilkə imza atmış xanımlardansınız. Keçdiyiniz həyat yolu haqqında eşitmək maraqlı olardı.
– Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra bir çox xarici şirkətlərdə çalışdım. Baş mühasib və maliyyə direktoru kimi fəaliyyətimlə kifayət qədər ciddi təcrübə qazandım. Sonra Böyük Britaniyaya köçdüm. Londonda çalışdığım dövrlərdə beynəlxalq mühasibat protokollarını dərindən öyrəndim və bir müddət sonra yenidən Bakıya döndüm. Həmin dönəmdə ABŞ-ın Miçiqan şəhərində yerləşən “Reddington” Universitetində distant formada ikinci ali təhsilimi aldım. Ölkəyə döndükdən sonra Azərbaycanda fəaliyyət göstərən İrlandiyanın böyük bir şirkətində baş mühasib olaraq fəaliyyətimi davam etdirdim. Bu şirkət quruda və suda elektrik quraşdırma və kalibrasiya işlərini həyata keçirirdi. 9 il sonra həmin şirkət fəaliyyətini dayandırdı. Bir məqamı da qeyd edim ki, ümumi təcrübəm 26 ildən çoxdur. Təbii ki, bütün işçilər kimi, mən də məyus oldum. İşçilərlə gələcək perspektivlərlə bağlı geniş müzakirələr, fikir mübadiləsi aparırdıq. Bu müzakirələr fonunda gecəylə qərar verdim ki, öz şirkətimi qurmalıyam. Təbii ki, bu çətin və məsuliyyətli qərar idi. Lakin mən israrlı idim. Bu niyyətimi heyətlə bölüşdüm və qərara gəldik ki, eyni profilli şirkət yaradaq. Bu niyyətlə yenidən yola çıxdım.
– Və bu qərarınızı rəsmiləşdirdiniz. Gözləntiləriniz özünü doğrultdumu?
– Təbii ki, asan olmadı. Amma deyim ki, xarici şirkətdə işləmək də asan deyildi. Dövlət və yerli şirkətlərdə müəyyən güzəştlər olur, beynəlxalq şirkətlərdə isə üzr qəbul edilmir. Xəstə də olsan, hər hansı şəxsi problemin də olsa, işə çıxmalısan. Bu intizam bizim həyatımıza sirayət etmişdi və şirkətin inkişafında bu məsələnin də rolu mühüm əhəmiyyət kəsb etdi. Artıq 12 ildir şirkətimiz fəaliyyət göstərir. Biz suda və quruda elektrik quraşdırma və kalibrasiya işlərini həyata keçiririk. BP şirkətinin törəmə müəssisələri ilə, o cümlədən SOCAR-la əməkdaşlıq edirik. Ümumi işçilərimizin sayı 15 nəfər olsa da, layihələr zamanı mövsümi işçilərimizin sayı 500 civarında olur. Beləliklə mən sahibkar olmaqla bağlı çoxdankı arzumu həyata keçirdim. Baxmayaraq ki, sahibkar olmaq asan deyil və çox böyük məsuliyyət daşıyırsan, lakin sərbəst qərar vermək imkanı hər şeyə dəyər. Bu gün peşəkar bir şirkətə rəhbərlik edirəm. Və təbii ki, bütün bu uğurlara hamar yollarla imza atmamışıq.
– İş adamları təhsili bəzən arxa planda görürlər. Bill Qeyts, Mark Zukkemberq və digərləri təhsilini yarımçıq qoyublar. Görünən bu ki, siz həm də təhsilə önəm verənlərdənsiniz…
– Oxumaq həvəsi bizə ailədən, atamdan miras qalıb. Ailəmizdə hamımızın oxumaq, təhsilli olmaq arzusu gerçəkləşib. Gəncliyimdə rəfiqələrimlə keçirdmədiyim anları təhsilə yönəltmişəm. Davamlı olaraq təhsilimi artırıram. ABŞ-da distant formada təhsilimi davam etdirməyim də bununla bağlı idi. Bu gün biz süni intellekt dövrünə qədəm qoyuruq, hər şey insan kapitalından başlayır. Hesab edirəm ki, təhsil almaq, biliklərini artırmaq yolu ilə insan özünə investisiya yatırır. Bu investisiya isə heç zaman itmir. Hər zaman fikirləşmişəm ki, bu həyatda əldə etdiyim biliyimlə öz sözümü deməliyəm. Sıradan biri olmaq istəmirdim və təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, müəyyən mənada öz məqsədimə nail olmuşam. ABŞ-da aldığım təhsil və Britaniyada əldə etdiyim təcrübə peşəkar vərdişləri əxs etməyimə səbəb oldu. Bu gün bir sahibkar olaraq şirkətin idarə edilməsində maliyyə biliklərim mühüm rol oynayır. Bütün istiqamətlərdən şirkətin fəaliyyətini analiz edə bilirəm.
– Biznes qurmaq çoxlarının arzusudur. Lakin hər adam bu istəyini reallaşdıra bilmir. Sizcə, hansı xüsusiyyətlər olmalıdır ki, 0-dan biznes yarada biləsən?
– Mən həmişə gələcəyə nikbin baxmışam. Düşünmüşəm ki, insan hər şeyə qadirdir. Zəhmət, iradə, mühakimə yürütmək qabiliyyəti və idarəçilik keyfiyyətləri uğuru şərtləndirən əsas amillərdir. Bu keyfiyyətləri də heç kəs dünyaya gələndə qazanmır. Zamanla inkişaf etdirirsən. Şirkətimizin möhüründə açar şəkli var. İlk şirkətik ki, bizim emblemimizdə bu əks olunub. Bu açarın rəmzi mənası odur ki, bütün qapılar üzümüzə açılacaq. Digər emblem gözmuncuğudur. Buna da inanıram. Təbii ki, müştəriləri qazanmaq və onların etimadını doğrultmaq asan deyil. Oturub gözləmirlər ki, sən gələsən. Sən özün qapıları döyür və peşəkar xidmətinlə etimad qazanırsan. Şirkətimizin bir qolu Almaniyadadır. Burada təhcizat qolumuz fəaliyyət göstərir və həmin işləri həyat yoldaşım həyata keçirir. Vaxtaşırı olaraq Almaniyada oluram. Vaxtilə çalışdığım şirkətlə rəqabət apara biləcək gücdə bir sistem yaratmışıq. Həyatda hamının bacardığı işlər var və hər kəs uğur qazana bilər.
– Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvüsünüz. Bu qurumdakı fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz?
– Qeyd etdiyim kimi, hər zaman peşəkar fəaliyyətim və təhsilimlə bərabər ictimai işlərə də böyük maraq göstərmişəm. Azərbaycan həqiqətlərinin dünyaya yayılması, dövlətini, millətini sevən bir şəxs olaraq ölkəmizin inkişafı üçün nə lazımdırsa etməyə çalışmışam və bundan sonra da edəcəyəm. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi Zəfər qazandı. 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı azad etdik. Bu böyük tarixi qələbədir. Vətən müharibəsi dövründə ürəyimiz Qarabağda, cəsur döyüşçülərimizin yanında idi. Çox şanslı xalqıq ki, İlham Əliyev kimi cəsarətli və praqmatik liderimiz var. Mehriban xanım Əliyeva Azərbaycan qadını üçün örnəkdir və bizim ondan öyrənəcəyimiz çox şeylər var.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) qadın sahibkarlığı sahəsində fəaliyyət göstərən aparıcı təşkilatdır. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, əldə etdiyim təcrübəni AQSİA-nın gənc üzvləri ilə bölüşmək niyyətindəyəm. Hesab edirəm ki, regionlarda xanımların iqtisadi biliklərini artırmaq və onları biznesə təşviq etmək üçün AQSİA platformasında görəcəyimiz işlər hələ qarşıdadır.
Azər Niftiyev