Aqrar islahatların gələcəyi: Cari vəziyyət və inkişaf perspektivləri – Gülpəri Bayramova yazırbackend
İqtisadiyyat
473

Aqrar islahatların gələcəyi: Cari vəziyyət və inkişaf perspektivləri – Gülpəri Bayramova yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus pandemiyası, beynəlxalq münasibətlər sistemindəki gərginliklər, dünya gücləri arasında dərinləşən böhran və müharibələr ərzaq təhlükəsizliyinin təmin olunması və idxaldan asılılığın azalmasını şərtləndirir. Təsadüfi deyil ki, dünyanın inkişaf etmiş və etməkdə olan ölkələri aqrar sektorun inkişafına xüsusi diqqət ayırırlar və bu, hər ötən gün daha da artır.

Kənd təsərrüfatı sektoru ölkə iqtisadiyyatının strateji istiqamətlərindən biridir və ötən il ümumi daxili məhsuldakı (ÜDM) payı təxminən 5 faizdən çox olub. Son illər kənd təsərrüfatı sahəsində müsbət dinamika nəzərə çarpır. Dövlət tərəfindən həyata keçirilən islahatlar, subsidiyalar, vergi güzəştləri və kənd inkişafı proqramları kənd təsərrüfatı sektorunun inkişafını dəstəkləyir. Müasir texnologiyaların tətbiqi və torpaq islahatları məhsuldarlığın artımına gətirib çıxarır. Kənd təsərrüfatı sahəsində əkin sahələrinin genişləndirilməsi və yeni müasir təsisatlar qurulması inkişafı sürətləndirib. Bütün bunlar heç şübhəsiz müsbət məqamlardır və kənd təsərrüfatı sahəsinin inkişafı istiqamətində nikbin proqnozlar səsləndirməyə əsaslar yaradır.

Lakin bununla yanaşı, hələ də həllini tapmayan problemlər mövcuddur ki, sahənin gələcək inkişafı məhz bu problemlərin aradan qaldırılmasından keçir. Azərbaycanda kənd təsərrüfatının inkişafında ən ciddi çətinliklərdən biri əkinçilik infrastrukturlarının qeyri-kafiliyi və köhnə olmasıdır. Suvarma sistemləri, yollar və anbar-saxlama obyektlərinin müasir tələblərə uyğun olmaması məhsuldarlığın aşağı olmasına və məhsul itkisinə yol açır. Müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi məhduddur. Bu, istehsal proseslərinin səmərəliliyini və məhsuldarlığı artırmaq üçün lazım olan potensialın tam istifadə olunmamasına səbəb olur. Avtomatlaşdırılmış sistemlər, aqrotexnologiya və biotexnologiyaların tətbiqi aşağı səviyyədədir.

Daha bir problem isə, bu sahədə fəaliyyət göstərən fermerlərin maliyyə resurslarına çıxış imkanlarının məhdudluğu ilə bağlıdır. Maliyyə kreditlərinin yüksək faiz dərəcələri və dövlət dəstəyi proqramlarının qeyri-kafiliyi sahənin inkişafını ləngidir. Eyni zamanda fermerlər üçün kənd təsərrüfatı texnologiyaları və müasir idarəetmə üsullarını öyrədən təlimlərin az olması, marriflənmə səviyyəsinin məhdudluğu onların səmərəli fəaliyyətini məhdudlaşdırır. Torpaqların deqradasiyası, su ehtiyatlarının qeyri-səmərəli istifadəsi və əkin sahələrinin azalması ətraf mühit problemlərinə səbəb olur, bu da kənd təsərrüfatının davamlı inkişafının qarşısını alır.

Daha bir ciddi problem isə soyuducu anbarların olmaması ilə bağlıdır. Tədarük olunan bəzi kənd məhsulları var ki, onlar xüsusi saxlanma şəraiti tələb edir. Bu səbəbdən müasir tələblərə cavab verən saxlanc yerləri olmalıdır. Çox təəssüf ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının saxlanması üçün müasir şərait yoxdur. Ən böyük ixrac ölkələrinə nəzər yetirsək, görərik ki, onlar əsas diqqəti məhz bu sahənin inkişafına yönəldirlər. Elə uzağa getməyək, Türkiyə və İranda kənd təsərrüfatı məhsulları “Smart-5” tipli soyuducularda saxlanılır. Bu soyuducu anbarlar məhsulu yetişdiyi dövrdə daha ucuz qiymətə alaraq, sonradan müvafiq əlçatan qiymətlərlə satışına şərait yaradır. Bu, həm bazarda bolluğun yaranmasına şərait yaradır, həm də məhsulların xarab olmasının və  sahibkarların zərərə uğramasının qarşısını alır.

Beynəlxalq təcrübədə kənd təsərrüfatı sektoru müxtəlif yanaşmalarla inkişaf edir.  Müasir texnologiyaların tətbiqi, aqrotexnologiya, avtomatlaşdırılmış sistemlər və biotexnologiyalar kənd təsərrüfatında məhsuldarlığı artıran əsas faktorlar rolunda çıxış edir. Avropa və Şimali Amerika ölkələri bu istiqamətdə mühüm irəliləyişlər əldə edib. Fermerlərə maliyyə və təhsil dəstəyi verilməsi, kənd inkişafı proqramları və tədqiqatların maliyyələşdirilməsi kənd təsərrüfatı sahəsinin inkişafını stimullaşdırır. Kənd təsərrüfatı infrastrukturunun modernləşdirilməsi və müasir texnologiyaların tətbiqi beynəlxalq səviyyədə mühüm prioritetlərdəndir. Suvarma sistemləri və saxlama obyektlərinin inkişafı məhsuldarlığı artırır. Ətraf mühitin qorunması və davamlı kənd təsərrüfatı təcrübələrinin tətbiqinə xüsusi önəm verilir.

Heç şübhəsiz ki, kənd təsərrüfatı sahəsində mövcud olan problemlərin aradan qaldırılması infrastrukturun gücləndirilməsi, texnoloji innovasiyaların tətbiqi, maliyyə əlçatanlığı, təhsil və təlim proqramlarının artırılması, davamlı inkişaf prinsiplərinin tətbiqi və digər amillərdən bilavasitə asılıdır. Suvarma sistemləri, yollar, anbar-saxlama obyektləri və digər kənd təsərrüfatı infrastrukturlarının modernləşdirilməsi vacibdir. Dövlət və özəl sektordan investisiyaların artırılması bu sahəni daha da inkişaf etdirə bilər. Müasir texnologiyaların kənd təsərrüfatında tətbiqi təşviq edilməlidir. Aqrotexnologiya, müasir əkinçilik üsulları və avtomatlaşdırılmış sistemlər fermerlərin məhsuldarlığını artırmağa mühüm dəstəkdir. Fermerlərin maliyyə resurslarına çıxışını artırmaq üçün kredit imkanları və dövlət dəstəyi də artırılmalıdır. Maliyyə təsisatlarının aqrar sektor təmsilçilərinə daha münasib şərtlərlə kreditlər təqdim etməsi də bu xüsusda vacib amillərdəndir.

Kənd təsərrüfatı sahəsində peşəkar təhsil və təlimlərin artırılması, fermerlərin müasir texnologiyalardan istifadəyə təşviq edilməsi, dövlət və özəl sektorun bu istiqamətdəki dəstəyi əhəmiyyətlidir. Ətraf mühitin qorunması və davamlı inkişaf prinsiplərinin kənd təsərrüfatında tətbiqi vacibdir. Davamlı təcrübələrin tətbiqi torpaqların deqradasiyasını azaltmağa və su ehtiyatlarının qorunmasına kömək edəcək. Bu istiqamətlərdə atılacaq addımlar Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafını sürətləndirəcək, iqtisadiyyatın şaxələndirilməsinə və kənd yerlərinin inkişafına kömək edəcək.

Gülpəri Bayramova, Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri, “Agromix” şirkətinin təsisçisi, aqrar ekspert.