Sabiq deputat: “Kim zəmanət verə bilər ki, bu gün KİVDF-də yaşananlar sabah QHT Agentliyində baş verməyəcək?!”
Prezident İlham Əliyev Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bazasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması ilə bağlı sərəncam imzaladı. Dövlət başçısının aprel ayında imzaladığı sərəncamın üzərindən beş aya yaxın vaxt ötsə də, qurumun heç bir fəaliyyəti nəzərə çarpmır. Agentlik bu günə qədər heç bir qrant müsabiqəsi təşkil etməyib və fəaliyyəti barədə geniş ictimaiyyətin məlumatı yoxdur.
Xatırladaq ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Azay Quliyev yeni yaranan agentliyin Müşahidə Şurasının sədri seçilib. Nəzərə alanda ki, onun rəhbərliyi dövründə Şura yalnız ona yaxın təşkilatları maliyyələşdirməklə məşğul olub və layihələrin həyata keçirilməsinə ciddi nəzarət mexanizmi mövcud olmayıb, bu xüusda onun faktiki rəhbəri olduğu agentlikdən də ciddi gözləntilər yoxdur.
Hamı cəbhədəydi, kimisi öndə, kimisi arxada, QHT Şurası hardaydı?
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komadan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi Zəfər əldə etdi. 30 ilə yaxındır işğal altında olan torpaqlarımız azad edildi. Tarixi həsrətimizə son qoyuldu və sonradan Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhəri də öz azadlığına qovuşmuşdu. Bütün Azərbaycan səfərbər oldu, xaricdə yaşayan soydaşlarımız, böyükdən kiçiyə hər kəs bu mücadiləyə öz dəstəyini verdi. Müharibə hər cəbhədə gedirdi, ön cəbhədə, informasiya cəbhəsində, diaspor cəbhəsində və s. Lakin vətəndaş cəmiyyəti insitutları yetərli fəallıq nümayiş etdirmədi. Faktiki olaraq QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti nəzərə çarpmadı. Halubki, Şura bu müharibəyə qədər xeyli sayda “vətənpərvər” layihələri maliyyələşdirmişdi. Baxmayaraq ki, həmin layihələrin sonrakı taleyindən heç kimin xəbəri yox idi.
Hər il dövlət büdcəsindən onmilyonlarla manat vəsait vətəndaş cəmiyyəti insitutlarının, o cümlədən QHT-lərin inkişafına yönəlir. QHT-lərə Dövlət Dəstəyi Şurası ildə bir neçə dəfə ayrılan vəsaiti kompleks şəkildə ictimai birliklərə paylayırdı. Əsasən də bu qrantların qalibləri Şuranın rəhbərliyinə, şəxsən icraçı direktor Azay Quliyevə yaxın şəxslər olurdu. Və ya icraçı dirtektorun təhlükə olaraq gördüyü “media kapiatları”nın əl altında saxladığı təşkilatlar. Məhz elə bunun nəticəsidir ki, 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd olduğu dövrlərdə “QHT-KİV koalisiyası” onun təbliğatı üçün səfərbər olundu. QHT Şurası faktiki olaraq öz ofisini Seçki Qərargahının inzibati binasına köçürdü. Bu məqamda qeyd edək ki, Azay Quliyev Şura rəhbərliyinə gələnə qədər QHT Forumunun prezidenti və Gənclər Təşkilatları Milli Şurasının sədri olub. Hər iki qurum kollektiv təşkilat olduğu üçün görünür QHT və KİV-ləri özünə işlətmək təcrübəsini də burada mənimsəyib.
Azay Quliyev kimdir: “Uğura” gedən yolun başlanğıcı…
Azay Quliyev əslən qərbi azərbaycanlıdır, Bakı Dövlət Universitetini bitirib. İlk dəfə 2000-ci ildə Şirvan şəhərindən deputatlığa namizəd olub. Həmin seçkilərdə məğlub olub və “Seçkilərdə Mirmahmud Mirəlioğlu və mən eyni səs toplamışıq” deyərək, seçkilərin saxtalaşdırıldığını bəyan edib. Bu o dövrlər idi ki, A.Quliyev Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının sədri vəzifəsini daşıyırdı. 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən parlament seçkilərində qalib elan olunub.
QHT Şurasının icraçı direktoru olduğu vaxtlarda isə bu qurum əsasən təkrarçı və məzmunsuz layihələri maliyyələşdirib. Layihələrin həyata keçirilməsinə ciddi nəzarət olmayıb və qrant qalibləri sonda formal sənəd toplusunu Şuraya təqdim ediblər. Halbuki, qurum yaranana qədər ölkəmizdə vətəndaş cəmiyyəti institutları çox güclüydü.
Agentlik hansı yolla gedəcək: İslahatlar yolu ilə, yoxsa Quliyev yolu ilə?
Azərbaycanda vətəndaş cəmiyyəti insitutlarının fəaliyyətini kordinasiya edən iki dövlət qurumu mövcuddur: QHT-lərin inkişafına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Həmkərlar İttifaqları Konfedrasiyası. Birinci qurum QHT-ləri nəzarətə almaq, ikinci qurum isə sanatoriyalara putyovka paylamaqla məşğuldur. Bütün hallarda QHT-lərə Dövlət Dəstəyi Agentliyi yeni yaranıb və bu qurumun təsis edilməsi ölkədə həyata keçirilən köklü islahatlar dövrünə təsadüf edir. Bu mənada qurumdan gözləntilər böyükdür.
Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli Hokm.az-a açıqlamasında bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən heç bir gözləntisi yoxdur: “Hesab edirəm ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının əsasında yaradılan bu qurum müsbət fəaliyyət göstərə bilməz. Çünki ortada uzun illərin acı təcrübəsi dayanır. Bu cür qurumların fəaliyyətinə ümumiyyətlə ehtiyac yoxdur. Ad dəyişməklə mahiyyət dəyişməyəcək. Biz KİVDF-nin fəaliyyətində bunu müşahidə etdik. Uzun müddət bu quruma rəhbərlik etmiş şəxsin “troll ordusu” saxladığı, dövlət vəsaitlərini öz mənafeyi naminə xərclədiyi faktları ortaya çıxdı. Kim zəmanət verə bilər ki, sabah QHT-lərə Dövlət Dəstəyi Şurasının və Agentliyinin fəaliyyətində də bu cür hallar görməyəcəyik?!”.
N.Bəydəmirli keçmiş deputat həmkarının fəaliyyətindən də narazı olduğunu söylədi: “Azay Quliyev uzun müddətdir bu quruma rəhbərlik edir. Hesab edirəm ki, layihələrin ədalətli bölgüsü baş verməli, özlərinə yaxın şəxslərin davamlı qrantlar əldə etməsinə son qoyulmalı, ümumilikdə sistem dəyişikliyi baş həyata keçirilməlidir. Bu sahədə vəziyyəti düzəltmək istəyiriksə, bu tip üst qurumların ləğvinə nail olmalıyıq” – sabiq deputat fikirini yekunlaşdırır.
Mikayıl Mirzəzadə
Hokm.az