Azərbaycan tarixi prosesin astanasında – Gülpəri Bayramova yazırbackend
Gündəm
638

Azərbaycan tarixi prosesin astanasında – Gülpəri Bayramova yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan dünyada ən mötəbər beynəlxalq tədbirlərdən olan COP29-a ev sahibliyi etməyə hazırlaşır. Bu tədbir BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində keçirilir və Bakıda baş tutacaq konfrans sayca 29-cudur.

COP29-un Bakıda keçirilməsi, BMT tərəfindən Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin etirafıdır. Eyni zamanda BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyə verilən yüksək dəyərin ifadəsidir.

COP29 Azərbaycanın geosiyasi müstəvidə artan nüfuzuna əlavə çalarlar qatmaqla yanaşı, ölkəmizin iqtisadi baxımından da dünya miqyasında rolunu və əhəmiyyətini artıracaq. Turizm və loqistika imkanlarının artırılması, idxal-ixrac, eləcə də “Made in Azerbaijan” brendinin təşviqi baxımından ölkəmizə unikal fürsətlər tanıyacaq.

Məlumdur ki, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və neft-qaz ölkəsi olaraq yaşıl enerji növlərinin yaradılması istiqamətində fəaliyyəti özünün əsas prioritetlərindən biri elan edib. Yaxın 6 il ərzində “Yaşıl artım” ölkəsinə çevrilmək milli hədəfində elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının Azərbaycanda 30 faizə çatdırılması nəzərdə tutulur. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Zəfərdən sonra cənab Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru, Naxçıvanı “yaşıl enerji bölgəsi” adlandırıb. Dövlət başçısının tapşırığına uyğun olaraq bu istiqamətdə genişmiqyaslı layihələrin icrasına başlanılıb.

O da sirr deyil ki, işğaldan azad olunan Kəlbəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində ölkəmizin ümumilikdə “Yaşıl enerji” istehsalçısına və istehlakçısına çevrilməkdədir. Ötən il işğaldan azad edilən ərazilərdə olan 12 bölgədə tikilən yarımstansiya və su elektrik stansiyalarının istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən islahatların bariz nümunəsidir.

COP tədbirləri dünya miqyasında  maraqla izlənilir və beynəlxalq medianın də manşet mövzularından biridir. Nüfuzlu beynəlxalq tədbirə təşrif buyuran dövlət və hökumət başçılarının, vətəndaş cəmiyyəti insitutlarının, şirkət rəhbərlərinin, və xarici qonaqların sayının kifayət qədər çox olması Azərbaycanın iqtisadi imkanlarını nümayiş etdirmək baxımından da strateji əhəmiyyət kəsb edir. Bu da heç şübhəsiz beynəlxalq arenada ölkəmizin iqtisadi nüfuzunun daha da güclənməsinə gətirib çıxaracaq.

Paytaxtın mövcud infrastrukturu ciddi sınaq qarşısındadır və bu sınaqdan üzüağ çıxmalıdır. Statistik göstəricilərə nəzər salsaq görərik ki, Azərbaycandakı otellərin birdəfəlik tutumu 56 min nəfər təşkil edir ki, bunun da 24 mini Bakının payına düşür. COP29 çərçivəsində gözlənilən turist sayı ölkə miqyasında otellərinin birdəfəlik tutumundan da çox olacaq. Bu isə öz növbəsində turizm sektorunun tanıdılması, hansı ki, koronavirus pandemiyasından sonra dünyanın diqqət göstərdiyi əsas iqtisadi apsketlərdən biri də budur, turizm potensialının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

“Yaşıl iqtisadiyyat”da biznes subyektlərinin rolunu artırmaq və yeni təşviq mexanizmləri yaratmaq baxımından da tədbir iş dünyamızın qarşısında böyük və unikal imkanlar açır. İstehsalatda səmərəli və qənaətli texnologiyaların tətbiqi, eləcə də yaşıl innovasiyaların biznes proseslərinə inteqrasiyası biznes subyektlərinin xərclərinin optimallaşdırılmasına, məhsuldarlığının yüksəldilməsinə və rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərir. İstehsal prosesinin ətraf mühitin mühafizəsi standartlarına uyğunlaşdırılması və yaşıl məhsulların istehsalı biznesin ixrac potensialının və maliyyə resurslarına çıxış imkanının artırılmasına xidmət edir.

Göründüyü kimi, Azərbaycan tarixi bir prosesinin astanasındadır və noyabr ayında baş tutacaq mötəbər beynəlxalq ölkəmizin qarşısında yeni imkanlar açacaq.