“Media savadlılığı insanların mediada təqdim edilən məlumatları analiz edə, faktları fərqləndirə bilmək və media vasitələrindən düzgün istifadə etmək bacarıqlarını əhatə edir”.
Apress.az xəbər verir ki bunu açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü, Mətbuat Şurası sədrinin müavini Vüqar Zifəroğlu bildirib.
“Media Savadlılığı” Həftəsində saytımıza danışan V.Zifəroğlu qeyd edib ki, bu mənada 21-ci əsrdə media savadlılığı olduqca ciddi önəm daşıyır: “Təsadüfi deyil ki, müxtəlif ölkələrdə media savadlılığı ilə bağlı fərqli layihələr, proqramlar, maarifləndirmə tədbirləri həyata keçirilir və bu istiqamətdə ardıcıl, sistemli iş görülür. Ona görə ki, 21-ci əsr informasiya və informasiya texnologiyaları əsridir. Bu gün medianın ciddi təsir imkanları var. Bu təsir təbii ki, bizim həyatımızda özünü göstərir, hər birimiz medianın içindəyik. Buna Marshal Mcluhanın “Media yaradıcıdır” nəzəriyyəsini misal göstərmək istərdim. Yəni sözün həqiqi mənasında media müasir dövrdə böyük təsir gücü yaradıb. Bunun müsbət tərəfləri olduğu kimi, mənfi cəhətləri də var. Mənfi tərəflərə ilk növbədə informasiya bumunun içində bizim müxtəlif neqativlərə məruz qalmağımız, dezinformasiyaların yayılması, manipulyasiya problemləri aiddir”.
Ekspertin sözlərinə görə, təsadüfi deyil ki, artıq “media ekologiyası” anlayışı formalaşıb: “Yəni necə edək ki, media mühitimiz təmiz qalsın, müxtəlif dezinformasiyalarla çirklənməsin və ya cəmiyyət yayılan “fake” xəbərlərə inanmasın.. Bu mənada media savadlılığı aktual məsələ olaraq ortaya çıxır.
Bu gün ölkəmizdə də media savadlılığına ciddi əhəmiyyət verilir. Nəzərə almaq lazımdır ki, “Media haqqında” Qanunda media savadlılığı məsələsi ayrı maddə olaraq qoyulub. Bu, bir ilkdir. Yəni indiyə kimi media savadlılığı qanunvericiliyə gətirilməmişdi. Bu əsrin insanı birmənalı şəkildə mediasavadlı olmalıdır. Elə “Media savadlılığı” Həftəsinin də hər ilin sonunda təşkil edilməsi, bu istiqamətdə müxtəlif forumların, tədbirlərin keçirilməsi cəmiyyətimizin maarifləndirmə işini təşkil etmək üçündür. Medianın İnkişafı Agentliyi də, Mətbuat Şurası da media savadlılığı istiqamətində olduqca önəmli işlər görür ki, cəmiyyətimiz bu istiqamətdə bu və ya başqa dərəcədə məlumatlı olsun. Media, onun fəlsəfəsi nədir, hansı media qurumlarına etibar etmək olar, medianın təqdim etdiyi kontentə nə dərəcədə inanmaq mümkündür? Bütün bu məqamlar olduqca əhəmiyyətlidir və media savadlılığı özündə bunu ehtiva edir”.
V.Zifəroğlu qeyd edib ki, media geniş məhfumdur və özündə yalnız professional KİV-i ehtiva etmir: “Bura sosial şəbəkələr də daxildir. Amma biz bunları fərqləndirməyi bacarmalıyıq. Çünki sosial medianın mahiyyəti başqadır. Sosial şəbəkə professional KİV deyil ki, o sənə dəqiq, mötəbər, mənbəsi bəlli, təsdiq edilmiş informasiyanı təqdim etsin. Bu, bütün dünyada müzakirə olunur. Yeni necə etmək lazımdır ki, professional KİV-in sosial mediada təmsilçiliyini, inteqrasiyasını daha sıx etmək mümkün olsun?! Bu, təkcə Azərbaycan üçün aktual məsələ deyil. Buna görə də sosial mediadan istifadə, ona doğru yanaşma və bu istiqamətdə maarifləndirmə işlərindən əlavə, bir sıra ölkələrdə orta məktəblərdə media savadlılığı ayrıca fənn kimi tədris olunur. Bu, media haqqında müəyyən təsəvvürün formalaşmasına gətirib çıxarır. Nəticə etibarilə proseslərlə tanış olan insanlar daha az təsirlərə məruz qalırlar. Gözəl olardı ki, Azərbaycanda da orta məktəblərdən başlayaraq media savadlılığı fənni tədris edilsin”.
Məlumat üçün bildirək ki, dekabrın 16-dan etibarən Medianın İnkişafı Agentliyi tərəfindən “Media Savadlılığı” Həftəsi elan olunub. Bu çərçivədə müxtəlif dövlət qurumları ilə birgə maarifləndirmə kampaniyaları həyata keçirilir. Məqsəd cəmiyyətdə media savadlılığının artırılması, uğurlu beynəlxalq təcrübənin öyrənilməsi, gənclərin bilik və bacarıqlarının inkişafı, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqənin qurulmasının təbliğ edilməsidir.