XX əsrin əvvəllərindən etibarən dünyanın müxtəlif ölkələrində supermarketlər yaranmağa başladı. 1916-cı ildə Clarence Saunders tərəfindən açılan “Piggly Wiggly” supermarketlər şəbəkəsi ilk özünəxidmət mağazası olaraq Amerikada populyarlıq qazandı. Bu marketdə müştərilər özləri məhsulları seçib kassaya gətirirdilər. Sonradan bu sistem fiaskoya uğradı və “Piggly Wiggly” ciddi zərərlərə məruz qaldı. Ardınca isə şəbəkə ümumiyyətlə fəaliyyətini dayandırdı.
1940-cı ildə ABŞ və Avropada supermarket şəbəkələri formalaşdı. Ötən əsrin ortalarından isə zəncirvari supermarketlər ərsəyə gəldi. Sovetlər İttifaqında iri mağazalar mövcud olsa da, supermarketlər demək olar ki, yox səviyyəsində idi. Yalnız mərkəzi Moskva şəhərində bir neçə supermarket fəaliyyət göstərirdi. Burada “məhdud seçimli” və kassanın arxasında xidmət olunan formada müştərilərə xidmət göstərilirdi. SSRİ-nin çöküşü ilə müstəqillik qazanan respublikalar iqtisadi baxımndan inkişaf etdikcə, onlarda da müasir xidmət modelləri formalaşmağa başladı. Azərbaycanda isə, supermarketlər şəbəkəsinin və zəncirvari supermarketlərin fəaliyyəti 2000-ci illərdən təşəkkül tapdı.
Bir neçə supermarketlər şəbəkəsi mövcud olsa da, “Almalı”nın gəlişi ilə sektorun fəaliyyətində canlanma yarandı. İstehsalçı və idxalçı şirkətlər “Almalı”nın rəfləri uğrunda dərin rəqabətə start verdilər. “İsti satışlar” “soyuq satışlar”la əvəzləndi və nəticədə təhcizatçı şirkətlər xərclərinə xeyli qənaət etmiş oldular. Amma “Alamlı”nın marketinq siyasətində qüsurlar var idi və müştərilərlə münasibətlər düzgün tənzimlənmirdi. Bu və ya digər səbəblərdən “Almalı” layihəsi uğursuz oldu və şəbəkə fəaliyyətini dayandırdı. Onun yerini digər şəbəkələr tutdular.
Bu gün Azərbaycanda xeyli sayda supermarketlər şəbəkəsi fəaliyyət göstərir ki, onların arasında ən çox filialı olan “Bravo” və “Araz” supermarketlər şəbəkələridir.
“Bravo” “Azərbaycan Supermarket” MMC-nin nəzdində fəaliyyət göstərir və 2015-ci ilin fevralın 27-də dövlət qeydiyyatına alınıb. Paytaxtda hipermarket şəbəkələri və 140-a yaxın filialı fəaliyyət göstərir.
“Araz”, Oba, və “Spar” marketlər şəbəkəsinin sahibi “Veysəloğlu” şirkətlər qrupudur. Bu qrup qida və kimyəvi məhsulların Azərbaycana idxalını həyata keçirir və minlərlə işçi heyətinə malikdir. “Araz”ın 300-dən artıq, “Oba”nın 1400-ə yaxın supermarketi fəaliyyətdədir.
“Bazarstore” və “Al Market” supermarket şəbəkələri “Azərsun Holdinq”in törəmə müəssisələridir. Bu holdinq ölkəmizinən iri biznes subyektlərindən biridir və istehsal, ticarət, idxal fəaliyyətləri ilə məşğuldur. “Bazarstore” 100-ə, “Al Market” isə 900-ə yaxın filialla xidmət göstərir.
“Neptun” supermarketlər şəbəkəsi “Sahil Trading” MMC-yə məxsusdur. 25 filialı olan “Neptun” bir zamanlar aparıcı şəbəkələrdən olsa da, son dövrlər xeyli zəifləyib və əsas rəqabətdən geri qalır. “Soliton” mağazalar şəbəkəsi də bu şəbəkə ilə birlikdə fəaliyyət göstərir.
Eyni şirkətin tərkibində fəaliyyət göstərən “Rahat Market”in 100-dən artıq, “Bolmart”ın 45, “Grandmart”ın 32, “Mega Store”nin 30-a yaxın filialı mövcuddur. “ANC GROUP” şirkətinə məxsus olduğu deyilən bu şəbəkələr də bazarda əsas payçılardan biridir.
Yeni yaranmasına baxmayaraq, ciddi populyarlıq qazanan “Tam Store” “Avrora Group”a məxsusdur. Sürətlə öz şəbəkəsini genişləndirən “Avrora Group” qida sektorunda idxalçı və istehsalçı olaraq da aparıcı pay sahibidir. “Tam Store”nin filiallarının sayı 60-a yaxınlaşır.
“Almalı” ilə yanaşı, “Bizim Market”, “Favorit” və “Ramstore” supermarketlər şəbəkələri də artıq fəaliyyət göstərmir. Hansı ki, “Ramstore” paytaxtın ilk hipermarketi hesab olunurdu və bu gün “Bazarstore” brendi altında müştərilərə xidmət göstərir. “Bizim Market” şəbəkəsi isə demək olar ki, “Mega Store”yə biləşdirilib.
Beynəlxalq analitiklər hesab edir ki, supermarketlər sektorunun gələcəyi yeni tendensiyaların tətbiqindən asılı olacaq. Rəqəmsallaşma və e-ticarət, omni-kanal satış strategiyaları, avtomatlaşdırma və süni intellekt, sağlam qida və ekoloji davamlılıq, ödəniş sistemlərinin təkmilləşdirilməsi, personalizasiyanın artması, yerli istehsalın dəstəklənməsi, mini-supermarketlər və qonşuluq dükanları ciddi şəkildə bu bazara sirayət edəcək və mövqeyini qorumaq və artırmaq istəyən şəbəkələr mütləq bu amilləri nəzərə almalıdırlar.
// Azər Niftiyev, APress.az