Azərbaycandan xarici bazarlara uzanan yol… – BPC sədri danışırbackend
Müsahibə
2243

Azərbaycandan xarici bazarlara uzanan yol… – BPC sədri danışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gülpəri Bayramova: “Bir aydır yaranmağımıza baxmayaraq, 50-dən artıq şirkət BPC-yə üzv olmaq üçün müraciət edib”

Fevral ayının 3-də Azərbaycanda yeni assosiativ biznes təşkilatı – Azərbaycan Biznes Partnyorları Klubu (BPC) fəaliyyətə başlayıb. İş adamları arasında faydalı və qarşılıqlı münasibətləri inkişaf etdirmək, səmərəli əməkdaşlığa nail olmaq, “Made in Azerbaijan” brendini təşviq etmək məqsədilə təsis edilən BPC-də ölkəmizin nüfuzlu iş adamları, parlaq biznes simaları təmsil olunurlar.

Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri, “Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramova ilə BPC-nin gələcək fəaliyyət istiqamətləri və digər mövzular ətrafında söhbətləşdik.

– Gülpəri xanım, ötən ay rəhbərliyiniz altında Azərbaycan Biznes Partnyorları Klubu fəaliyyətə başladı. Qurumun yaradılmasında məqsəd nədir və gələcək fəaliyyət istiqamətləri nədən ibarət olacaq?

– İlk növbədə onu qeyd edim ki, peşəkar biznes fəaliyyəti ilə məşğul olduğum dövrdə anladım ki, ictimai münasibətlər sisteminə inteqrasiya etmədən, digər biznes subyektləri ilə faydalı və qarşılıqlı münasibətlər formalaşdırmadan ciddi uğurlardan söhbət gedə bilməz. Bu məqsədlə müxtəlif assosiativ biznes birliklərinə üzv oldum. Həmin birliklərin fəaliyyətində yaxından iştirak etdim. Və hasil etdiyim qənaət bu oldu ki, Azərbaycanda biznes subyektlərinin əlaqəli şəkildə fəaliyyəti üçün münbit şərait və zəmin var. Ələxsus da, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təsis olunması, İqtisadiyyat Nazirliyi və digər aidiyyatı dövlət qurumlarının bu istiqamətdə fəaliyyəti Azərbaycan hökumətinin də iş adamları arasında münasibətlərin inkişafında maraqlı olduğunu ortaya qoyur. Bundan sonra mənimlə birlikdə addımlayan dostlarla məsləhətləşmələr apardıq və bununla da Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) əsası qoyuldu.

Təsisçilər tərəfindən 11 nəfərdən ibarət İdarə Heyəti formalaşdırıldı və ictimaiyyətə təqdim edildi. Qeyd edim ki, bu gün BPC-nin İdarə Heyətində çox nüfuzlu biznes simaları təmsil olunurlar. Misal üçün, Turan Özbahceci “Port Baku Bazar”, “Araz”, “Neptun”, “Rahat” supermarketlər şəbəkələrinin və digər brend biznes layihələrinin qurucu rəhbəri olub. Bu gün “Bolmart”, “Grandmart”, “Megastore”, “Bizim Market” supermarketlər şəbəkələrinin, “Azcake”, “Rafa Group”, “Baqqal” və digər brendlərin həmtəsisçisidir. Yüzlərlə biznes layihəsinin əsasında Özbahçeci imzası dayanır və bir iş adamı olaraq mütəmadi olaraq gənclərə biznes təlimləri verir. Vüqar Oruc 60-a yaxın qiymətləndirmə şirkətini özündə birləşdirən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, eyni zamanda ölkəmizin aparıcı qiymətləndirmə şirkətlərindən olan “Vecon” şirkətlər qrupunun təsisçisidir. Vəsilə Abulova “CVM Jewellery” və “Vəsfi Xare” şirkətlərinin təsisçisi və direktoru, “Gizianin” brendinin Azərbaycanda rəsmi tərəfdaşıdır. “Umay Türk Dünyası Qadınlarına Dəstək” İctimai Birliyinin sədridir. Rakıp Sarı, Rahib Mustafayev, Azər Niftiyev, Orxan Rzayev, Günel Zeynalzadə, Tural Əfəndiyev öz sahələrində kifayət qədər peşəkar və ciddi uğurlara imza atmış iş adamlarıdır.

Gələcək fəaliyyət istiqamətlərimizə gəldikdə isə, əsasən bir neçə istiqamət üzrə ixtisaslaşmağı nəzərdə tuturuq. Bunlardan biri biznes subyektlərini bir araya gətirmək, onların kordinasiyalı fəaliyyətinə nail olmaq, digəri “Made in Azerbaijan” brendinin təşviqi və xarici bazarlara çıxışın təmin olunmasıdır. Fəaliyyət strategiyası hazırlanıb və mərhələli şəkildə həyata keçiriləcək. Burada bir məqamı da qeyd edim ki, ictimai hesabatlılıq fəaliyyətimizin başlıca prinsiplərindən biridir və vaxtaşırı olaraq tərəfimizdən ictimaiyyətə hesabatlar təqdim olunacaq.

– BPC-yə üzvlük hansı meyarlarla həyata keçirilir. Klubda təmsil olunmaq biznes subyektlərinə hansı üstünlüklər qazandırır?

– Azərbaycan Biznes Partnyorları Klubuna üzvlük könüllülük əsasında həyata keçirilir. BPC-nin elan etdiyi hədəflərə doğru irəliləmək istəyən biznes subyektlərinə “yaşıl işıq” yandırmışıq. Eyni zamanda bu sahə ilə bağlı tədris fəaliyyəti ilə məşğul olan pedaqoqlar, tələbələr, marketinq, piar və digər əlaqəli fəaliyyət növlərində çalışan mütəxəssislər, habelə xaricdə yaşayan azərbaycanlı sahibkarlar sıralarımıza qatıla bilərlər. Üzvlüklə bağlı müraciət İdarə Heyəti tərəfindən müzakirə olunur və qəbul edilir.  O ki qaldı BPC-yə üzvlüyün hansı imtiyazlar qazandırmasına, bir daha qeyd etmək istəyirəm ki, müasir şəraitdə biznes subyektləri ilə qarşılıqlı fəaliyyət göstərmədən ciddi uğurlar qazanmaq mümkün deyil. Baxmayaraq ki, yeni yaranmışıq, artıq 50-dən artıq aparıcı şirkət BPC-yə qoşulmaqla bağlı müraciət edib. Onlar müxtəlif sahələr üzrə ixtisaslaşıblar. Təbii ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün əlavə bazarlar əldə etmək, fəaliyyət mübadiləsi mühüm amillərdəndir. BPC-də heç şübhəsiz onlar bu imkanı əldə edəcəklər. Eyni zamanda xarici bazarlara çıxış, beynəlxalq tədbirlərdə birgə iştirak imkanı qazanacaqlar.

– “Made in Azerbaijan” brendinin təvşiqi istiqamətində fəaliyyət göstərəcəyinizi bəyan etmisiniz…

– Ötən ilin dekabrında, hansı ki, o zaman Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) təsis olunmasına hazırlıq gedirdi, ABŞ-a səfər  etdim. Səfər əsnasında BPC-nin fəaliyyət istiqamətləri ilə  bağlı müxtəlif görüşlər keçirdim. Bu görüşlərdə ABŞ-da yaşayan iş adamlarının bu proyektə böyük maraq  göstərdiyinin şahidi oldum. USAID və ABŞ-Azərbaycan Ticarət Palatasının rəhbərliyi ilə müəyyən razılaşmalar əldə etdik. Eləcə də digər beynəlxalq təşkilatlarla da qarşılıq fəaliyyət imkanlarını nəzərdən keçirdik. Yəqin ki, yaxında onlarla BPC araasında qarşılqılı fəaliyyətin özündə əks etdirən memorandumlar imzalanacaq. Bu istiqamətdə ciddi layihələrimiz var. Təşkilatlanma mərhələsi bitdikdən sonra beynəlxalq ticari əlaqələr kontekstində fəaliyyətimizi ictimaiyyətə təqdim edəcəyik. Bu məqamda onu da qeyd edim ki, ABŞ səfəri çərçivəsində tərəfimdən Nyu-Yorkun mərkəzi küçəsində Laçın-Xankəndi yolunda ekofəalların keçirdiyi aksiyadan bəhs edən stend nümayiş olundu. Dünyanın aparıcı mətbuat orqanlarında bununla bağlı informasiyalar tirajlandı. BMT-nin Dayanılıqlı İnkişaf Məqsədlərindən biri #ZeroHunger mövzusuna dəstək olaraq yaradılan #NoWasteNoHunger layihəsinə Azərbaycandan səfir (Ambassador) seçildim. Məhz bu fəaliyyətimə görə, Prezidentin köməkçisi Şahmar Mövsümovun, İqtisadiyyat naziri Mikayıl Cabbarovun, Kənd təsərrüfatı naziri İnam Kərimovun, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın,  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri (KOBİA) Orxan Məmmədovun  iştirakı ilə keçirilən tədbirdə “İlin uğurlu qadın sahibkarı” elan olundum.

– BPC-ni digər assosiativ ticari birliklərdən fərqləndirən əsas səciyyəvi xüsusiyyətlər hansılardır?

– Təbii ki, biz bu qurumu yaradarkən anlayırdıq ki, Azərbaycanda assosiativ biznes qurumlarının sayı çoxdur. Bilirik ki, qarşıda bizi çətin, məsuliyyətli və gərgin rəqabət gözləyir. Lakin buna baxmayaraq, uğur qazanacağımıza əmin idik. Bu əminlik təsadüfi deyildi. Ciddi faktalara və mühakimələrə əsaslanırdı. Digər assosiativ biznes qurumları ilə oxşar fəaliyyətdə olsaq da, bizi fərqləndirən xüsusiyyətlər var. Əvvəla, peşəkar komanda ilə bu işə start vermişik. Xarici bazarlara, beynəlxalq təşkilatlara, habelə yerli və beynəlxalq mediaya çıxışımız var, informasiya resursu təmin olunub. Eyni zamanda “Madei in Azerbaijan” brendinin təşviqi istiqamətində fəaliyyət göstərən və biznes subyektlərini öz ətrafına toplayan ilk könüllü biznes klubuyuq. Ənənəvi fəaliyyət göstərmək niyyətində deyilik və əsas fəaliyyət prinsipimiz yerli istehsal müəssisələri arasında işgüzar münasibətləri artırmaq və beynəlxalq bazarlara çıxışı təmin etməkdir. Dövlət qurumları, qanunverici orqan, özəl subyektlərlə fəal əməkdaşlıq şəraitində çalışacağıq. Cəmi bir aydır yaranmasına baxmayaraq, BPC-nin fəaliyyətinə olan maraq və 50-dən artıq aprıcı biznes subyektinin kluba üzvlüklə bağlı müraciət etməsi bunun bariz nümunəsidir.