Beynəlxalq iqtisadi münasibətlər sisteminin gərginləşdiyi mövcud şəraitdə inkişaf etmiş və etməkdə olan dövlətlər daxili istehsalın artırılması və idxaldan asılılığa son qoyulması üzərində ciddi iş aparırlar. Ölkəmizdə də yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, “Made in Azerbaijan” brendi altında xarici bazarlara çıxış Azərbaycan hökumətinin elan etdiyi prioritet istiqamətlər sırasındadır.
Qeyri-neft əmtəə və xidmət ixracının genişləndirilməsi, qeyri-neft emal sənayesinin inkişafı, biznesin bank kreditlərinə çıxışının artırılması, dövlət investisiyalarının iqtisadi səmərəsinin çoxaldılması, özəl investisiyaların dominant rolunun təmini, kiçik və orta biznesin təşviqi, “kölgə iqtisadiyyatı”nın minimuma endirilməsi iqtisadi artımın başlıca faktorlarıdır və Azərbaycan hökuməti də bu istiqamətdə səylərini davam etdirir.
Məlum olduğu kimi, Dövlət Vergi Xidməti Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin siyahısını açıqlayıb. Siyahıda dövlət şirkətləri, maliyyə təssisatları, tikinti şirkətləri, market şəbəkələri və özəl banklarla yanaşı, istehsalatla məşğul olan müəssisələr də yer alır.
APress.az daxili istehsalın ölkə iqtisadiyyatındakı müstəsna rolunu nəzərə alaraq, Dövlət Vergi Xidmətinin açıqladığı siyahıda yer alan istehsalatçı şirkətlərin fəaliyyətinə dair araşdırma aparıb. Ardııcıllıq vergi ödənişi səviyyəsinə görə tərtib edilib.
Həmin araşdırmanı təqdim edirik:
“Tabattera” şirkəti Azərbaycanda siqaret idxalı və istehsalını həyata keçirir. Nəzdindəki “Tabaterra Leaf” Azərbaycanda yerləşən ən böyük tütün yarpağı istehsalçısı və ixracatçısıdır. Bu şirkət, ölkəmizin tarixi tütünçülük bölgələrində, 5 regionda “Flue Cured Virginia” tütünü becərir və emal edir. Bu ildən etibarən isə, “Burley” tütünün də becərilməsi və emalına başlanacaq.
“Norm” şirkəti “Neqsol Holding”in tərkibində fəaliyyət göstərir və sement istehsalı ilə məşğuldur. İstehsal gücü gündə 5600 ton klinker, ildə isə 2,1 milyon tondur. Cənubi Qafqazın ən böyük sement zavodudur. “Neqsol Holdinq” dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir və Azərbaycan bazarının əsas payçılarından biridir.
“Azərsun Holdinq” 35 ilə yaxındır ki, Azərbaycan bazarındadır və çoxvektorlu istehsalat fəaliyyəti ilə məşğuldur. Holdinq İmişli, Kürdəmir, Lənkəran, Biləsuvar, Qazax, Abşesron rayonlarında və Sumqayıt şəhərində istehsal müəssisələrinə malikdir. Bu fabriklərdə qida, yağ, çay, şəkər, konserv, karton və digər məhsullar istehsal olunaraq, yerli və xarici bazarlarda satışa çıxarılır.
“Baku Steel Company” şirkəti Qafqaz regionunda yaradılmış müasir və ən böyük poladtökmə zavodudur. Hazırda müəsisənin illik istehsal gücü 800 min tondur. İxrac coğrafiyası Avropa, Yaxın Şərq və Amerika qitəsini təşkil edir. Dnyanın 20-dən çox ölkəsinə məhsul ixrac etməkdədir.
“Veysəloğlu Holdinq” 13 şirkəti öz ətrafında birləşdirir və bunlardan bir neçəsi istehsalatla məşğuldur. “Ulduz” şokalad fabriki şokalad məhsulları, “Xonça”şirniyyat evi isə qənnadı məhsulları istehsal edir. Bundan əlavə Naxçıvanda “Sirab” və “Badamlı” su istehsalı zavodları da bu holdinqin tərkibindədir.
“Azəri Med” şirkəti Azərbaycanın aparıcı tibbi tədarükçülərindən biridir. Xəstəxanalar, apteklər və distribyutorları əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s. məhsullarla təhciz edir. Bakıda və regionlarda geniş spektrli fəaliyyət göstərir.
“Gəncə Şərab-2” şirkəti şərab məhsullarının istehsalı ilə məşğuldur. Konyak, şərab və araq məhsulları ilə bazarda özünə ciddi mövqe qazanan bu şirkət uzun illərdir fəaliyyətdədir. 400 hektar ərazidə üzüm bağları ərsəyə gətirən müəssisə seçmə buğdadan “Alfa”, “Luks” və “Ekstra” spirtlərinin ratifikasiyasi üçün spesifik qurğulara malikdir.
“AZZA” şirkəti 100-dən dükanlar şəbəkəsinə malikdir. 3 istehsal müəssisəsi, 200 ticarət markası və 1000-dən artıq işçi ilə 17 ildir fəaliyyətdədir. Dükanlar şəbəkəsində əsasən, tort, spirtli içkilər, un və un məmulatları, ət və ət, süd məhsulları satışa çıxarılır. İdxalla yanaşı, istehsalat sahələri də mövcuddur.
“Göygöl Şərab” şirkəti şərab, konyak, şampan və araq istehsalı ilə məşğuldur. Göygöl va Samux bölgələrində yerləşən üzümlük sahələrində qırmızı şərablar üçün “Pinot Noir”, “Cabernet” “Sauvignon”, “Merlot”, “Syrah”, “Saperavi”, “Grenache”, “Mədrəsə”, ağ şərablar üçün isə “Sauvignon Blanc”, “Chardonnay”, “Rkatsiteli”, “Muscat”, “Bayanşirə”, “Uniblanc” üzüm sortları yetişdirilir. Yaxın gələcəkdə üzüm bağlarının sahəsinin 1500 hektara çatdırılması nəzərdə tutulur.
// Azər Niftiyev, APress.az