Biznesin asan tərəfi demək olar ki, yoxdur – Seymur Qurbanovbackend
Sahibkar
461

Biznesin asan tərəfi demək olar ki, yoxdur – Seymur Qurbanov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər sahədə olduğu kimi, kiçik və orta biznes də günü-gündən inkişaf edir. Amma dayanıqlı biznes fəaliyyəti qurmaq o qədər də asan məsələ deyil. Çünki kifayət qədər rəqabətin və risklərin çox olduğu bir sahədən söhbət gedir. Bəlkə də məhz bu məqam biznesi daha maraqlı və rəngarəng edir. Təsadüfi deyil ki, çətinliklərə və risklərə baxmayaraq, öz biznesini qurmaq istəyənlərin sayı ildən ilə daha da artır.

Onlardan biri də həmsöhbətim Seymur Qurbanov dur. Deyir ki, sıfırdan nəyəsə başlamaq həmişə çətin olur: «Mənim kimi, öz işini qurmaq istəyən yüzlərlə gənc var. Biznesə başlamağın ən çətin tərəfi maddi məsələlərlə bağlıdır. Adicə, istədiyin formada ofis tapmaq belə, bəzən çox ciddi məsələyə çevrilir. Plazalardakı ofislərin aylıq kirayə haqqı kifayət qədər yüksəkdir. Bu qədər xərc çəkdikdən sonra bazarda özünə yer tuta biləcəyin də sual altında qalır. Bizdə insanlar biznes quranlara „alverçi“ kimi baxırlar. Valideynlər də çox vaxt gəncləri bu məsələdə dəstəkləmir. Hələ də sovet dövrünün təfəkkürü ilə, „aylıq maaşa dövlət işi olsun, bəsdir“ düşüncəsi qalmaqdadır. Bundan başqa, biznes qurmaq üçün bazarda rəqabət mühiti də istənilən səviyyədə deyil. Ona görə də, gənclərin çoxu biznesini onlayn formada idarə edir».

Birləşdirmək, korporasiya qurmaq və əlaqələndirmək

Bəs görəsən uğurlu biznesin sirri nədədir? Deyir ki, biznesə başlamaq üçün ən vacib şərt istək və məqsəddir. Həmçinin, sistemli fəaliyyət və resurs da vacib şərtlərdəndir. Resurs dedikdə təkcə maddi vəsait nəzərdə tutulmur. Bilik və bacarıq, qabiliyyət, təcrübə biznesin əsasını təşkil edir. Düşünür ki, biznes özlüyündə böyük bir yoldur. Kənardan nə qədər asan görünsə də, biznesin asan tərəfi demək olar ki, yoxdur: «Bəzən gənclər yetəri qədər istəkli olsalar da, sistemli fəaliyyət qura bilmirlər. Belə olduğu təqdirdə komanda qısa müddətdə dağılır. Biznes kifayət qədər məsuliyyətli və zəhmətli bir işdir. Öz biznesini quran hər kəs gecə-gündüz fikirləşməli, müxtəlif mexanizmləri özlüyündə müzakirə edib nəticə çıxarmalıdır. Hər şeydən əvvəl öz məqsədini konkret olaraq müəyyən etməlisən. Adətən gənclər məhz bu nöqtədə səhv edirlər. Mən özüm də bu səhvi etmişəm. Eyni anda bir neçə məqsədə fokuslanmaq olmaz. İkinci növbədə isə öz prinsiplərini müəyyən etməlisən. Sənin biznes ideyan çox güclü ola bilər, amma səbirli olmaq lazımdır. Qısa müddətdə böyük gəlirlər əldə edəcəyini düşünənlər səhvə yol verir. Gənclərin bir qismi biznesə, nəyisə alıb-satdıqdan sonra qazanılan gəlir kimi yanaşırlar. Biznes bu demək deyil. Yəni bu qayda ilə biznesi sadəcə, bir müddət davam etdirmək mümkündür. Bundan başqa daima düşünməli, bazarı araşdırmalısan. Birləşdirmək, korporasiya qurmaq və əlaqələndirmək lazımdır. Yalnız bu halda biznes rəqabətə davam gətirə bilər». Biznes o qədər çətin məsələdir ki…

Mütəxəssis deyir ki, yol verilən əsas xətalardan biri də marketinq işinin düzgün qurulmamağıdır: «Biznes qurarkən onun, insanların hansı ehtiyaclarını qarşılayacağını əvvəlcədən müəyyən etmək lazımdır. „Bir az pulum var deyə, mən də biznesə atılım“ düşüncəsi ilə işə başlayanların sonu əvvəlcədən məlumdur. Marketinq təkcə böyük bizneslərdə deyil, eyni zamanda orta bizneslərdə də olduqca böyük əhəmiyyətə malikdir. Çünki marketinq təkcə tanıtım fəaliyyəti və satış demək deyil. Hətta biznes qurulmamışdan əvvəl marketinq işi başlamalıdır. Çünki marketinq bazar fəaliyyətidir. Alıcı da, satıcı da, məhsul da, pul da bazarda olur. Marketinq isə bazardan başlayır və davamlı fəaliyyətdir. Əvvəlcə bazarda tələbatı öyrənmək, bu tələbata uyğun, yaxud yeni məhsul təklif etmək və ona tələb yaratmaq marketinq işidir. Həmin məhsulun tanıtımı, qiymətləndirilməsi, tanıdılması, müştəri əlaqələri, müştəri məmnuniyyəti, satışı marketinq işinin əsasını təşkil edir. Əslində marketinq biznesin gəlir mənbəyidir. Belə demək olarsa, biznes funksiyaları arasında müştərilərlə əlaqədə olan yeganə funksiya məhz marketinqdir. Aydın məsələdir ki, biznesin gəlirini müştərilər təşkil edir. Bu məsələlərə diqqət etmədikdə nəticələr qaneedici olmur».