Dünyada ilkə imza atan azərbaycanlı cərrah: “Kök hüceyrələr klinikanın laboratoriyasında yetişdirilir”backend
Gündəm
1768

Dünyada ilkə imza atan azərbaycanlı cərrah: “Kök hüceyrələr klinikanın laboratoriyasında yetişdirilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araz Bayramov: “Tibb sahəsində ciddi nailiyyətlərə imza atmış, böyük yol qət etmiş ölkələr var ki, biz onların təcrübəsini əxz etməli və Azərbaycana gətirməliyik”

Fransa təhsilli uzman, Dr. Araz Bayramovun tibb sahəsi üçün yenilik sayılacaq ilkə imza atması barədə məlumat vermişdik. Üç androloji problemi bir əməliyyatla aradan qaldıran azərbaycanlı cərrahın əldə etdiyi nəticə beynəlxalq miqyasda da maraqla qarşılanıb. Ərəb ölkələrindən adıçəkilən cərrahi əməliyyatı etdirmək üçün Bakıya təşrif buyuran pasiyentlər bildiriblər ki, ayrı-ayrılıqda üç cərrahi əməliyyata ehtiyac olduğu təqdirdə Dr. Bayramov bunu bir əməliyyatla və çox qısa müddətə icra edib.

Dr. Araz Bayramov müsahibəmizdə əldə etdiyi son nəticələr və digər mövzular ətrafında söhbətləşdik.

– Araz doktor, üç androloji problemi bir əməliyyatla aradan qaldırmağınız cəmiyyətdə böyük maraqla qarşılandı. Söhbət hansı androloji problemlərdən gedirdi?

– Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında çalışdığım dövrdə böyrək köçürülməsi, prostat və kişi cinsiyyət üzvünün unikal cərrrahi əməliyyatlarında iştirak etmişəm. Baxmayaraq ki, 10 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərirəm, bu günə qədər də həm Fransa, həm də digər Avropa ölkələri ilə əməkdaşlığım davam edir. Avropa Uroloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvü, Avropa Androloqlar Akademiyasının akademik üzvü, ABŞ-ın dünyaca məşhur “Klivlend” xəstəxanasının Fransa üzrə kordinatoru olaraq bu gün də dünyanın aparıcı səhiyyə müəssisələri ilə təmaslarım mövcuddur. Hələ Avropada təhsil aldığım və çalışdığım dövrlərdən bir mütəxəssis kimi bizə aşılanan bu olub ki, hər bir həkim təkcə özz üzərinə düşən işi görməklə kifayətlənməməli, müasir səhiyyənin gətirdiyi yenilikləri də tətbiq etməyi bacarmalıdır.

Qeyd etdiyiniz androloji əməliyyata gəldikdə isə, tibb aləmi üçün yenilik sayılan bu cərrahi müdaxilə yolu ilə peyroni xəstəliyindən (cinsiyyət orqanın əyriliyi) əziyyət çəkən pasiyentə liposaksiya üsulu ilə öz piy toxumalarından götürməklə kök hüceyrələr köçürülüb. Kök hüceyrələr rəhbəri olduğum “Buta Clinic”in laboratoriyasında yetişdirilib. Piy toxumaları korpus kavernozuma (kişi cinsiyyət üzvünə) vurulub. Eyni zamanda pasiyentin üzərində kombinə əməliyyat kişi cinsiyyət üzvünün böyüdülməsi (uzadılması və qalınlaşması) proseduru icra edilib. Məlumat üçün deyim ki, bu kişi cinsiyyət üzvünə hüceyrə köçürülməsi cinsi zəiflik, kişi sonzuluğu, erkən boşalma zamanı tibbi göstəriş olaraq icra edilir.

– Bu əməliyyatın ardınca daha bir yeniliyə də imza atdınız. Hətta iddialara görə, bu əməliyyat da Cənubi Qafqazda həyata keçirilən ilk androloji cərrahi müdaxilədir?

– Qeyd etdiyiniz bu cərrahi müdaxilə kişi cinsi zəifliyi, pasiyentin üzərində kombinə əməliyyat kişi cinsiyyət üzvünün böyüdülməsi (uzadılması və qalınlaşması) prosedurunu bir əməliyyatla icra edilməsini özündə ehtiva edir. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bu əməliyyat da ölkəmiz üçün bir ilkdir. Həm bu, həm də bundan öncəki cərrahi əməliyyatlar rəhbəri olduğum “Buta Clinic”də icra edilib. Klinikamız kök hüceyrələrin yetişdirilməsinə imkan verən müasir laborator şəraitlə təhciz olunub. Təkcə laboratoriya sistemini modernləşdirmək üçün aylarla zaman sərf olunub. Yəni, hər iki cərrahi əməliyyata hazırlıq prosesi kifayət qədər zaman alıb və asan başa gəlməyib. Artıq onlarla pasiyentin üzərində analoji cərrahi müdaxilə həyata keçirilib və onların hamısı qeyd olunan androloji problemi geridə qoyublar. Kişi cinsiyyət üzvünün böyüdülməsi və uzadılması, peyroni (kişi cinsiyyət üzvünün əyriliyi) xəstəliyi zamanı cərrahi plastika və zərbə dalğa terapiyası, cinsi zəifliyin kök hüceyrə müalicəsi ilə tam aradan qaldırılması, varikoselin (xaya damarlarının genişlənməsi) mikrocərrahi üsulla müalicəsi, erkən boşalmanın cərrahi və müalicəvi yolla aradan qaldırılması və s. androloji problemlər də tərəfimdən müalicə olunaraq aradan qaldırılır. Eyni zamanda böyrək şişləri və daşları, sidik-cinsiyyət üzvünün xəstəlikləri, prostat problemləri də “Buta Clinic”in nəzdində fəaliyyət göstərən mərkəzdə uğurla aradan qaldırılır.

– Hər iki əməliyyatdan sonra xaricdən də pasiyentlərin Bakıya təşrif buyurmalarına dair məlumatlar yayılıb. Bəlkə bu barədə danışaq?

– Bu əməliyyatla bağlı məlumatlar Azərbaycan mətbuatı ilə yanaşı, Avropa və Türkiyə mediasında da dərc edildi. Eyni zamanda müxtəlif sosial media platformalarında əməliyyatlardan görüntülərin əks olunduğu video-kadrlar nümayiş olundu. Burada haşiyəyə çıxaraq bildirim ki, “Buta Clinic”də əcnəbi pasiyentləri qəbul etmək üçün tərcümə mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzdə rus, ingilis, fransız dillərində mütəxəssislər tərəfindən xaricdə təşrif buyuran xəstələrə bələdçilik edilir. Qeyd etdiyiniz kimi, bu əməliyyatlardan sonra bizə müraciət edən əcnəbi pasiyentlərin sayı artıb. Əsasən bu müraciətlər Türkiyə və ərəb ölkələrindən olur. Onların arasında bizim tibbi xidmətimizdən yararlananlar da var. Bəzi xəstələr isə yaxın dövrdə Azərbaycana gəlməyi planlaşdırırlar. Misal üçün, belə pasiyentlərdən biri – Küveyt vətəndaşı olan 28 yaşlı gənc Ameer Mehdi tərəfimdən əməliyyat edilib. Biz onu kombinə olunmuş əməliyyata (kök hüceyrə müalicəsi və kişi cinsiyyət orqanının uzadılması və qalınlaşdırılması) götürdük. Əməliyyat uğurla başa çatdı və pasiyent özünü normal hiss edir. İllərdir onu narahat edən problemdən birdəfəlik xilas olub. Təbii ki, tibbi turizmin inkişafı, Azərbaycanın regionda səhiyyə mərkəzinə çevrilməsi baxımından bu cür əməliyyatların müstəsna əhəmiyyəti var.

– Tibbi turizmin inkişafından danışdıq. Azərbaycanda müasir səhiyyə ocaqları tikilib istifadəyə verilib. İddialara görə, tibbin inkişafı səhiyyə menecmenti ilə paralel şəkildə aparılmalıdır. Sizcə, bir ölkə olaraq bu istiqamətdə yetərli məsafə qət edə bilmişikmi?

– Etiraf etmək lazımdır ki, son illər uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olaraq səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunması baxımından genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar həm müasir səhiyyə müəssisələrinin ərsəyə gəlməsində, həm də maddi-texniki bazasının yüksəldilməsində özünü göstərir. Koronavirus pandemiyası dövründə inşa edilən modul tipli xəstəxanalar səhiyyə hazırlığı sahəsində vəziyyətin qənaətbəxş olduğunu söyləməyə əsas verir. Təbii ki, kadr peşəkarlığı da artır və xüsusən xaricdə təhsil almış mütəxəssislər hesabına XXI əsrin qızıl standartı – Avropa protokolları Azərbaycanda da tətbiq olunur. Bunlar müsbət məqamlardır. Lakin biz inkişafa nail olmaq və daha da irəliyə getmək istəyiriksə, zəif cəhətlərimizi müəyyən etməli və onların üzərində işləməliyik. Bu gün Azərbaycan səhiyyəsində ən ciddi problemlərdən biri də səhiyyə menecmenti ilə bağlıdır.

Səhiyyə menecmenti nədir? Ola bilər ki, hər hansı tibbi müəssisə müasir zəruri avadanlıqlarla təhciz olunsun, orada müasir şərait yaradılsın, mütəxəssislər cəlb edilsin. Amma bundan daha vacibi peşəkar idarəetmə sistemini formalaşdırmaqdır. Hesab edirəm ki, bu sahədə peşəkar kadrların yetişdirilməsi müasir dövrün tələbədir və buna nail olmadan ciddi inkişafdan danışmağa dəyməz. Səhiyyə menecmentindən danışan zaman isə əsas diqqət beynəlxalq əməkdaşlıq sahəsinə yönəlməlidir. Çünki Azərbaycan da dünyanın ayrılmaz tərkib hissəsidir. Bu gün tibb sahəsində ciddi nailiyyətlərə imza atmış, böyük yol qət etmiş ölkələr var ki, biz onların təcrübəsini əxz etməli və Azərbaycana gətirməliyik. Bunun özü də kor-koranə yox, sistemli şəkildə həyata keçirilməlidir. Yəni, bu sahədə görüləcək işlər hələ çoxdur.