Əhali bu xidmətlərdən istifadəni azaldıb – SİYAHIbackend
Cəmiyyət
342

Əhali bu xidmətlərdən istifadəni azaldıb – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əhali ötən il pullu xidmətlərdən istifadəni xeyli dərəcədə azaldıb. 2019-cu ildə 9,61 milyard manatlıq pullu xidmətdən istifadə olunduğu halda, ötən il 7 milyard manat dəyərində xidmətdən yararlanılıb. Ötən il pullu xidmətlərdən istifadə həcmi 2,61 milyard manat və ya nominal qiymətlərlə hesablandıqda 27,2 faiz azalıb. 
APress.az xatırladır ki, nominal qiymətlərlə hesablandıqda pullu xidmətlərin azalması faktına ilk dəfə rast gəlinir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ildən bəri hər il pullu xidmətlərdən istifadə dəyəri əvvəlki illə müqayisədə artırdı. 2020-ci ildə isə vəziyyət kəskin dəyişdi və pullu xidmətlərdən istifadə həcmi xeyli dərəcədə kiçildi.
Bəs, əhali hansı xidmətlərdən istifadəni azaldıb?
Rəsmi məlumatların təhlili göstərir ki, dəyər ifadəsində ən çox azalma nəqliyyat xidmətlərində qeydə alınıb. Əhali 2019-cu ildə 1,84 milyard manat dəyərində nəqliyyat xidmətindən istifadə etdiyi halda, ötən il 1,05 milyard manat dəyərində xidmətlərdən faydalanıb. Bir il ərzində nəqliyyat xidmətlərinin həcmi 800 milyon manat azalıb.
Xərclərdə ikinci ən böyük azalma təhsil xidmətlərində qeydə alınıb. Pandemiyaya qədər 747 milyon manatlıq təhsil xidmətindən istifadə edən əhali ötən il xidmətlərin həcmini 425,5 milyon manata endirib. 2020-ci ildə təhsil xidmətlərindən istifadə dəyəri 321,5 milyon manat azalıb.
Məişət xidmətlərinin dəyərində də ciddi azalma baş verib. 2019-cu ildə 1,022 milyard manatlıq məişət xidmətindən istifadə olunduğu halda ötən il 266 milyon manat az, yəni 756 milyon manat xidmətdən faydalanılıb.
Adıçəkilən xidmətlərlə bərabər turist-ekskursiya xidmətləri 85,6 milyon manata (271,3 milyon manat azalma), hüquqi səciyyəli və bank xidmətləri 251,2 milyon manata (185 milyon manat azalma), mədəniyyət xidmətləri 45,4 milyon manata (173 milyon manat azalma), mənzil təsərrüfatı xidmətləri 110,3 milyon manata (94,6 milyon manat azalma) qədər azalıb.
Amma bəzi xidmətlər var ki, onlardan istifadə artıb. Ötən il rabitə xidmətlərinin dəyəri 30 milyon manat artaraq 1,93 milyard manata, kommunal xidmətlər 37 milyon manat artaraq 1,47 milyard manata yüksəlib.
Bu iki xidmət növündən başqa digər xidmətlərin dəyərində azalma olub.
Ümumilikdə, əhalinin pullu xidmətlərə xərclədiyi vəsaitin 27,6 faizi rabitə xidmətlərinə, 21 faizi kommunal xidmətlərə, 15 faizi nəqliyyat xidmətlərinə gedib. Adıçəkilən 3 xidmət növünə çəkilən xərc cəmi xərclərin 63,6 faizini təşkil edib.