Ərzaq məhsulları son 5 ildə nə qədər bahalaşıb? – Müqayisəli QİYMƏTLƏRbackend
İqtisadiyyat
386

Ərzaq məhsulları son 5 ildə nə qədər bahalaşıb? – Müqayisəli QİYMƏTLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
2015-ci ildən sonra ölkəmizdə ərzaq məhsullarının qiymətində yüksək artım müşahidə edilir. Ötən müddətdə bəzi ərzaq məhsullarının qiyməti 50 faizdən, bəzilərinin qiyməti hətta 100 faizdən çox yüksəlib.
APress.az bildirir ki, son 5 ildə qida məhsullarının bu dərəcədə bahalaşmasına 2 əsas amil təsir göstərib.
Birinci əsas amil baş verən iki böyük devalyasiya olub. Ölkəmizdə istehlak edilən ərzaq məhsullarının təxminən yarısı idxal edildiyindən, devalvasiyadan sonra dolların bahalaşması idxal mallarının manat ifadəsində dəyərini yüksəldib.
Qiymət artımına səbəb olan ikinci mühüm amil son 2 ildə qlobal ərzaq qiymətlərinin yüksəlməsidir. Azərbaycan xaricdən ərzaq mallarını baha aldığından həmin məhsulların daxili bazarlarda olan qiyməti də artır.
Bəs, son 5 ildə əsas ərzaq məhsullarında orta qiymət dəyişikliyi və bahalaşma sürəti necə olub?
2015-ci ilin yekunu və 2021-ci ilin aprel ayındakı qiymətlərin müqayisəsi göstərir ki, ərzaq məhsullarının qiyməti orta hesabla 50 faizə yaxın artıb. Bəzi məhsullarda qiymət artımı bundan az, bəzilərində daha çoxdur.
Kərə yağı bahalaşma sürəti olduqca böyük olan əsas ərzaq mallarındandır. Beş il əvvəl kərə yağının bir kiloqramı 6,9 manat olduğu halda indi 16,6 manatdır. Ötən dövrdə kərə yağı 2,41 dəfə dəyər qazanıb.
Beş il ərzində əsas ərzaq məhsullarından uzun düyünün qiyməti 1,8 manatdan 3,8 manata qədər artıb. Uzun düyüdə bahalaşma 2,11 dəfədir.
Qara və yaşıl çayın dəyərindəki artım da çox böyükdür. Müqayisə edilən müddətdə çayların (500 qram) orta qiyməti 5 manatdan 10,2 manata qədər artıb. Əhali indi eyni miqdarda olan çayın alışına 2,05 dəfə çox pul xərcləyir.
Almanın qiymətində də kəskin artım baş verib. Ən çox istehlak edilən meyvə olan almanın qiyməti 2015-ci ildən bəri 1 manatdan 2,1 manata qədər artıb. Beş il ərzində almanın dəyəri 2,07 dəfə yüksəlib.
Hisə verilən kolbasa əvvəl 7 manata satıldığı halda hazırda 13,8 manata satılır. Bu məhsul da 5 ildə iki dəfə bahalaşıb.
Pendirin qiyməti də xeyli artıb. 2015-ci ildə kiloqramı 7,5 manata olan pendirin hazırda dəyəri 14,7 manatdır.
Duru yağların hamısında bahalaşma yüksəkdir. Daha çox qiymət artımı zeytun yağında qeydə alınıb. Zeytun yağının bir litrinin dəyəri 6,6 manatdan 13,1 manata qədər artıb. Bu dövrdə günəbaxan yağı 2,25 manatdan 3,8 manata, qarğıdalı yağı 2,8 manatdan 5,2 manata qədər bahalaşıb.
Zəruri qida məhsulları arasında buğda ununun qiyməti 0,85 manatdan 1,2 manata (40 faiz), buğda çörəyinin bir kiloqramının dəyəri 0,61 manatdan 0,84 manata (38 faiz), sümüklü mal ətinin qiyməti 7,3 manatdan 10,4 manata (42 faiz), toyuq ətinin qiyməti 3,2 manatdan 4,7 manata (45 faiz), sterilizə olunmuş üzlü südün qiyməti 1,4 manatdan 2,3 manata (58 faiz), uşaq qidasının bir kiloqramının dəyəri 20 manatdan 35 manata (77 faiz), toyuq yumurtasının 10 ədədinin dəyəri 1,15 manatdan 2 manata (72 faiz) yüksəlib.
Əsas tərəvəz məhsullarından xiyarın dəyəri 0,5 manatdan 0,75 manata (40 faiz), pomidorun qiyməti 0,7 manatdan 1,2 manata (65 faiz), baş soğanın qiyməti 0,55 manatdan 0,8 manata (53 faiz) çatıb.
Digər ərzaq məhsullarından tomat pastası 1,9 manat bahalaşaraq 4,63 manata (70 faiz), şəkər tozu 0,35 manat bahalaşaraq 1,3 manata (37 faiz), süfrə duzu 0,2 manat bahalaşaraq 0,75 manata (35 faiz), şokalad 4 manat bahalaşaraq 14,5 manata (40 faiz) satılır.
2015-ci ildən sonra bəzi əsas ərzaq məhsullarının qiymətində enmə də qeydə alınıb. Bu məhsullar ağ kələm, kartof, şor və yerköküdür. Beş il ərzində kartofun qiyməti 1 faiz azalaraq 0,8 manata, yerkökünün qiyməti 4 faiz azalaraq 1 manata, ağ kələm 3 faiz ucuzlaşaraq 0,6 manata, şor 6 faiz ucuzlaşaraq 3,2 manata satılır.
Sfera.az