“FM Consulting”in direktoru: “Qiymətləndiricilər Palatasından gözləntilərimiz böyükdür”backend
Gündəm
608

“FM Consulting”in direktoru: “Qiymətləndiricilər Palatasından gözləntilərimiz böyükdür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda qiymətləndirmə sektoru keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra qiymətləndiricilərin fəaliyyətini tənzimləyən vahid mexanizmlər mövcud olmayıb. Bu da öz növbəsində qiymətəndirmə sektorunda müəyyən boşluqlara yol açıb. Bir neçə ay sonra isə Azərbaycanda Qiymətləndiricilər Palatası təsis olunacaq.

Qiymətləndiricilər Palatasının yaradılması ilə bağlı proses artıq başlayıb və bu, sektorda böyük dəyişikliklərin baş verəcəyindən xəbər verir. Qiymətləndirmə sahəsinin daha şəffaf və tənzimlənən bir sistemə keçid edəcəyi gözlənilir. Bu yeniliyin qiymətləndirmə bazarına, peşəkar mütəxəssislərə və işgüzar dairələrə hansı real təsirləri olacaq?

AZXEBER.COM mövzu ətrafında Azərbaycanın tanınmış qiymətləndiricilərindən olan “FM Consulting” şirkətinin təsisçisi və direktoru, əmlak eksperti Nahid Həsənovla söhbətləşib.

– Qiymətləndirmə sektoru inqilabi dəyişikliyin astanasındadır. Qiymətləndiricilər Palatasının yaradılması qiymətləndirmə sektoruna hansı yeniliklər vəd edir? Bu dəyişikliklərin sektorda fəaliyyət göstərən şirkətlər və mütəxəssislər üçün gözlənilən təsirləri nədən ibarət olacaq?

– Qiymətləndiricilər Palatasının yaradılması qiymətləndirmə sektorunda özünütənzimləmə mexanizmləri formalaşdıracaq ki, bu da öz növbəsində bu günə qədər mövcud olan boşluqların və neqativ halların aradan qalxmasına səbəb olacaq. Məlumdur ki, Azərbaycanda qiymətləndiricilərin tənzimləmə mexanizmləri mövcud olmayıb. Məhz elə bu səbəbdən də uzun illər ərzində faktiki tənzimləmə siyasəti qiymətləndiricilərin ictimai birliyi tərəfindən həyata keçirilib. Heç şübhəsiz Qiymətləndiricilər Palatasının təsis edilməsi bu sektorda keyfiyyətcə yeni mərnhələyə keçidin təmin olunmasına və ciddi dəyişikliklərə gətirib çıxaracaq. Bununla da sektorda standartlaşma, keyfiyyət nəzarəti və peşəkarların hüquqlarının qorunması ön plana çıxacaq.

Palatanın yaradılması qiymətləndirmə sahəsində vahid standartların tətbiqinə, prosedurların şəffaf və eyni qaydalarla həyata keçirilməsinə şərait yaradacaq. Bu da qiymətləndirmələrin keyfiyyətini və etibarlılığını artıracaq. Qiymətləndiricilər üçün peşəkar təlim və sertifikatlaşdırma proqramları təşkil ediləcək ki, nəticədə mütəxəssislərin bacarıqları artaraq bazarda daha keyfiyyətli xidmət göstərilməsinə şərait yaradacaq. Eyni zamanda rəqabətli mühit hökm sürəcək. Standartların tətbiqi ilə bazardakı rəqabət daha sağlam hala gələcək. Yalnız yüksək peşəkarlıq səviyyəsinə malik olanlar sektorda fəaliyyətini davam etdirəcəklər. Palatanın bazar iştirakçıları üzərində nəzarət funksiyasını icra etməsi, qeyri-peşəkar və ya qanunsuz fəaliyyətlərin qarşısının alınmasında da mühüm rolu olacaq. Bu da bazarda şəffaflığı və etimadı artıracaq.

Müştəri hüquqlarının qorunması baxımından da yeni qurumun təsis edilməsi vacib amildir. Palata, müştərilərin hüquqlarını qorumağa yönəlmiş qaydalar və mexanizmlər tətbiq edərək xidmət keyfiyyətinin yüksəlməsini təmin edəcək. Bu, qiymətləndirici ilə müştəri arasında olan etimadı gücləndirəcək. Beynəlxalq əlaqələrin güclənməsi, beynəlxalq standartların tətbiqi, yerli qiymətləndiricilərin beynəlxalq bazarlara çıxışına və fəaliyyət imkanlarının artırılmasına zəmin yaradacaq. Bu dəyişikliklərin nəticəsində qiymətləndirmə sektoru daha tənzimlənmiş, peşəkar və şəffaf bir mühitə çevriləcək ki, bundan həm şirkətlər, həm də mütəxəssislər faydalanacaq, sektorun inkişaf perspektivləri yaranacaq. Bu mənada “Qiymətləndirmə fəaliyyət haqqında” qanunun qəbulu və Qiymətləndiricilər Palatasının yaradılmasını mühüm tarixi hadisə kimi qiymətləndirmək olar. Ölkə qiymətləndiriciləri olaraq Palatadan gözləntilərimiz böyükdür.

– Bu günə qədər qiymətləndiricilərin özünütənzimləmə mexanizmlərinin olmaması sektorda hansı problemlərə yol açıb və Palatanın yaradılması bu problemlərin həllinə necə töhfə verəcək?

– Qiymətləndiricilərin özünütənzimləmə mexanizmlərinin olmaması bir sıra problemlərə yol açır. Əsas problemlərdən biri keyfiyyətin qeyri-bərabərliyi ilə bağlıdır. Qiymətləndirmə xidmətlərinin keyfiyyəti müxtəlif ola bilər, çünki standartlara uyğunluğu təmin edən mexanizmlər yoxdur. Bu, müştərilərin və bizneslərin etibarını azalda bilər. O cümlədən peşəkar etikanın pozulması, sektorun reputasiyasının zədələnməsi, tələb və təklif subyektləri arasında mübahisəli vəziyyətlərin ortaya çıxması, rəqabət çatışmazlığı, peşəkar standartların və normativlərin çatışmazlığı, tətbiq edilməməsi nəticəsində qiymətləndirmə rəylərinin qeyri-bərabər və qeyri-dəqiq tərtibatı qiymətləndirmə sektorunun əsas problemlərindən biridir. Məhz elə bu səbəbdən də bəzən qiymətləndirmə şirkətləri və subyektləri ilə bağlı neqativ fikirlərin şahidi oluruq. Qiymətləndirmə mütəxəssisi olaraq qənaətim ondan ibarətdir ki, əsas problem özünüztənzimləmə və inzibati təsir mexanizmlərinin olmaması ilə bağlıdır. Hansı ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun tələbinə müvafiq olaraq Qiymətləndiricilər Palatasının təsis edilməsi ilə bu problemləri aradan qalxacaq.

– Qiymətləndiricilərin peşəkar fəaliyyəti ilə bağlı yeni tənzimləmələr, lisenziyalaşdırma və sertifikatlaşdırma sistemində hansı dəyişikliklər gözlənilir? Sektorun peşəkar səviyyədə inkişafı üçün hansı tədbirlər görülməlidir?

– Qiymətləndiricilərin peşəkar fəaliyyəti ilə bağlı yeni tənzimləmələr, lisenziyalaşdırma və sertifikatlaşdırma sistemindəki dəyişikliklər, qiymətləndirmə sektorunda yüksək keyfiyyət və şəffaflığı təmin etmək məqsədi daşıyır. Palatanın formalaşması ilə qiymətləndiricilərin fəaliyyətlərini daha effektiv şəkildə idarə etmək üçün yeni tənzimləmə mexanizmləri tətbiq ediləcək ki, bu, sektorun standartlarına uyğunluğun təmin edilməsi üçün tələb olunan yeni qaydalar və prosedurları əhatə edəcək. Lisenziyalaşdırma və sertifikatlaşdırma ilə bağlı tələblər də yeni qanunda öz əksini tapıb. Oktyabrın ayının 27-də qiymətləndiricilərin müxtəlif istiqamətlər üzrə ilk peşə imtahanı keçiriləcək ki, müvəfəqiyyət qazanan ən azı 15 iştirakçı Qiymətləndiricilər Palatasını formalaşdıracaqlar. Bundan sonra isə qiymətləndirmə şirkətlərinin və subyektlərinin fəaliyyətini tənzimləyəcək əsasnamələrin qəbul ediləcəyi gözlənilir. Heç şübhəsiz bütün bunlar zamanla baş verəcək ki, qeyd etdiyim kimi, əsas məqsəd sektoru inkişaf etdirmək, müasir dövrün çağırışlarına uyğunlaşdırmaqdır. Peşəkar fəaliyyətin keyfiyyətini təmin etmək məqsədilə müntəzəm monitorinq və qiymətləndirmə sistemlərinin tətbiq olunması sektordakı vəziyyəti izləmək üçün nühüm amillərdən biri olacaq.

– “FM Consulting” şirkəti olaraq Palatanın fəaliyyətində iştirak səviyyəniz və bu prosesə faydalarınız nədən ibarət olacaq?

– Təvazökarlıqdan uzaq olsa da, söyləməliyəm ki, “FM Consulting” ölkəmizin aparıcı qiymətləndirmə şirkətlərindən və qiymətləndirmə bazarının əsas oyunçularından biridir. Maliyyə təsisatları, dövlət qurumları ilə partnyorluq müqaviləsi əsasında çalışırıq. Təbii ki, “FM Consulting” komandası olaraq qiymətləndiricilərin ilk peşə imtahanına hazırlaşırıq. Bununla yanaşı, qiymətləndirmə sektorunun inkişafı, yeni konfiqurasiyanın tələbinə uyğun olaraq Platanın formalaşdırılması və gələcək fəaliyyətinə yaxından dəstək vermək niyyətindəyik. Bu məqsədlə Qiymətləndiricilərin Təşəbbüs Qrupunu təsis etmək niyyətindəyik ki, əsas məqsədimiz sektorun tərəqqisi və Palatanın fəaliyyətinə dəstək verməkdir. Bununla yanaşı, Cənubi Qafqazda ilk dəfə olaraq vahid əmlak platforması tərəfimizdən istifadəyə veriləcək. “FM Consulting”in layihəsi olan bu platforma bazar subyektləri arasında sürətli informasiyaya əlçatanlığı təmin edəcək. Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq, partnyor şirkətlərlə sektorun inkişafına dair birgə fəaliyyətin təşkili də “FM Consulting” olaraq tərəfimizdən həyata keçiriləcək.