“Made in Azerbaijan” brendini necə tanıtmalı?  – BPC sədrindən təkliflərbackend
İqtisadiyyat
1450

“Made in Azerbaijan” brendini necə tanıtmalı?  – BPC sədrindən təkliflər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mövcud beynəlxalq münasibətlər sistemində dövlətlərin iqtisadi inkişafı daxili iqtisadi amillərlə yanaşı, xarici ticarət əlaqələrindən birbaşa asılıdır. Bu mənada yerli istehsalın artırılması, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində səylər daha da güləndirilməlidir”.

Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) sədri Gülpəri Bayramova söyləyib.

Onun sözlərinə görə, ixracyönümlü strategiyalar daha effektivdir: “Koronavirus pandemiyası və beynəlxalq münasibətlər sistemindəki gərginliklər fonunda dünya iqtisadiyyatı yeni transformasiya dövrünə qədəm qoyub. İnkişaf etmiş və etməkdə olan ölkələr daxili istehsalı artırmağa, ərzaq təhlükəsizliyini təmin etməyə yönəlik strategiyalar üzərində çalışırlar. Azərbaycanda isə bu proses daha öncədən həyata keçirilir. Cənab Prezident İlham Əliyevin qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə imzaladığı sərəncamlar bu sahədə keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Bu proses bu gün də davam etdirilir və qarşıda duran əsas hədəflər yerli istehsalın stimullaşdırılması, xarici investisiyaların cəlbi,  beynəlxalq bazarlara çıxış imkanlarının artırılması və Azərbaycanda və xaricdə genişmiqyaslı tədbirlərin təşkilidir. Azərbaycan Biznes Partnyorları Klubu olaraq biz də qeyd edilən məqsədlərin icrası üçün səfərbər olunmuşuq və bir çox dövlətlər və xarici tərəfdaşlarla bu istiqamətdə fəal əməkdaşlıq edirik” – Bayramova vurğulayır.

Əlavə edir ki, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində çoxvektorlu fəaliyyət modeli ortaya qoyulmalıdır: “İxrac missiyaları, investor missiyalarının səfərləri, yerli və beynəlxalq sərgi və fetsivalların təşkili, beynəlxalq ticarət şəbəkələrində və brendlərində Azərbaycan məhsullarının yerləşdirilməsi, xarici kütləvi informasiya vasitələrində təbliğat, ticari lobiiçilik xidmətləri, beynəlxalq sertifikasiya, bazar tədqiqatları, özünüinkişaf proqramları və startap layihələri əsas və strateji fəaliyyət istiqamətləridir. Azərbaycanın kifayət qədər potensialı mövcuddur ki, beynəlxalq bazarlara təsir göstərərək, ixrac prosesini artırıa bilsin. Bu imkanlardan geniş istifadə olunmalıdır” – deyə, Bayramova fikrini tamamlayır.