Mikayıl Mirzəzadə: “Turizm təkcə biznes deyil, həm də təbliğatdır”backend
Sahibkar
814

Mikayıl Mirzəzadə: “Turizm təkcə biznes deyil, həm də təbliğatdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Natiq Cəfərli: “Sahibkar məmurlar obyektləri baha qiymətə icarəyə verirlər”

 

Mikayıl Mirzəzadə: “Azərbaycanın turizm sektorunda sağlam rəqabət yoxdur”

 

Karantin qaydaları yumşaldıqdan sonra əhali dincəlmək üçün regionlara üz tutur. Ötən ilin yay ayları koranavirus pandemiyası ilə əlaqədar olaraq turizm sektoru fəaliyyətsiz qaldı və bu səbəbdən bu il yerli turizm obyektlərinə üz tutanların sayında ciddi artım var. Digər yandan Azərbaycanda təyyarə biletlərinin qiymətlərinin çox baha olması xaricə getmək istəyən soydaşlarımızın da qarşısını kəsir. Bu səbəbdən yerli turistlər yalnız daxili imkanlar hesabına yayı başa vurmağa çalışırlar.

 

Yerli turizm obyektlərində qiymətlərin həddindən artıq baha olması, heç bir əsas olmadan baş verən qiymət artımları cəmiyyətdə ciddi narazılıqla qarşılanır. Hətta, məsələ Milli Məclisdə müzakirə olunub, deputatlar buna öz etirazlarını bildiriblər. Bir çoxları qiymət artımlarını uzun müddət işsiz qalan sahibkarların birdən-birə varlanmaq istəyi, digərləri isə məmur sahibkarlığının mövcudluğu ilə əlaqələndirirlər.

No description available.

İqtisadçı eksert Natiq Cəfərlinin AYNA-ya dediyinə görə, Azərbaycanda digər sahələrdə olduğu kimi, bu sahədə də gələcəyə baxış yoxdur: “Bunun da öz növbəsində kifayət qədər ciddi səbəbləri var. Birinci səbəb ondan ibarətdir ki, Azərbaycanda turizm obyektlərinin sayı kifayət qədər deyil. Yəni, bu sahədə sağlam rəqabət yoxdur. Yeni obyekt yaratmaq, işlək mexanizmə gətirmək müşkül məsələdir. Turizm obyektlərinin çoxu sahibkar məmurlar tərəfindən idarə olunur. Onların da əksəriyyəti bu obyektləri icarəyə verir. İcarə qiymətləri fantastik olduğuna görə, qiymətlər də çox bahadır. Bilirsiniz ki, bu gün Azərbaycandan xaricə getmək də çətindir. Təyyarə biletləri “ceyran belindədir”. Məcbur qalıb əhali dincəlmək üçün regionlara üz tutur. Nəticədə həm say az olduğuna, həm də məmur sahibkarlığı hökm sürdüyünə görə qiymətlər də bahalaşır”.

 

“Burada qiymətləri bazar tənzimləməlidir. Dövlətin müdaxiləsindən söhbət gedə bilməz. Bu, heç arzuolunan da deyil. Lakin məmur sahibkarlığının qarşısını almadan, azad rəqabət mühiti yaratmadan bu sahədə şəffaflığı təmin etmək çətindir. Rəqabət və şəffaflıq olmadığı müddətdə, təbii ki, qiymətlər baha olacaq. Turizm elə bir sektordur ki, burada gələcəyə baxış mütləqdir. Yəni, bu il sənin obyektinə gələn müştəri gələn il özü də gəlir, ətrafını da gətirir. Yanaşma budur. Bizdə isə bu məsələyə də münasibət adekvat deyil. Sahibkarlar mövsümü yanaşır və gələcək perspektivlər, müştəri məmnuniyyəti barədə qəti düşünmürlər. Bütün hallarda qiymətlər olduqca bahadır və bu, bütün tərəflər üçün həyəcan siqnalı olmalıdır”, – deyə həmsöhbətimiz vurğulayıb.

No description available.

“EGE Travel” şirkətinin direktoru Mikayıl Mirzəzadə də AYNA-ya açıqlamasında bildirib ki, Azərbaycanın turizm bazarında qiymətlər çox bahadır: “Dünyanın inkişaf etmiş, öndə gedən turizm obyektlərində belə, qiymətlər bizdən aşağıdır. Təsəvvür edin, qardaş Türkiyədə turizm sektoru böyük inkişaf yolu keçib, bütün müasir imkanlar var, lakin orada qiymətlər bizdən dəfələrlə ucuzdur. Səbəbi də odur ki, Azərbaycanın turizm sektorunda sağlam rəqabət yoxdur. Təəssüf ki, əksər obyektlərin arxasından ya məmurlar çıxır, ya da onların qohumları. Ona görə qohumları ki, qanun imkan vermədiyinə görə, öz adlarına rəsmiləşdirə bilmirlər, bu səbəbdən qohumlarının, dostlarının adına keçirirlər. Həmin məmurlar da dövlət idarəçiliyinə necə yanaşırsa, şirkətlərinə də əhalini soymaq vasitəsi kimi baxırlar. Hansı daşı qaldırırsan, altından məmurlar çıxır”.

 

“Azərbaycanda Dövlət Turizm Agentliyi və Dövlət Turizm Bürosu adlı iki qurum var. Hər iki qurumun yaradılmasında məqsəd bu sahədə özünütənzimləmə mexanizmlərini yaratmağa nail olmaqdır. Lakin biz nəyin şahidi oluruq? Hər hansı kotecdə dincəlməyin bir günü 150 manatdır. Bu, edir təxminən 90 dollar. Baxın, görün Azərbaycanla qonşu hansı ölkədə belə qiymətlər mövcuddur. Turizm iqtisadiyyatı çiçəkləndirmək, dövləti tanıtmaq, vətəndaşı öz ölkəsinə bağlamaq üçün unikal bir imkandır. Digər yandan qeyri-neft sektorunun inkişafından danışırıq. Bu sektorun inkişafında əsas yerlərdən birini turizm tutur. Təəssüflər olsun ki, ölkə turizmi bir qrup məmurun marağına xidmət edir və onlar bu yolla vətəndaşları “soyurlar”. Bu cür hallara son qoyulmalıdır. Nə qədər ki, məmur sahibkarlığı davam edəcək, o zamana qədər əhali çətinliklə topladığı vəsaitləri yenidən onlara qaytaracaq”, – deyə müsahibimiz söyləyib.

 

Mirzəzadənin sözərinə görə, müvafiq qurumlar turizm şirkətləri ilə müzakirələr aparmalı, süni qiymət artımlarına son qoyulmalıdır: “Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərində istehlakçıların hüquqlarını qorumaq üçün vergi güzətşləri tətbiq edilir. Turizm sektoru pandemiya ilə əlaqədar böyük ziyanla qarşılaşdı. Bu səbəbdən hökumət turizm şirkətlərinə güzəştlər etməli, onları vergi yükündən azad etməlidir. Belə olarsa, turizm şirkətləri də qiymətləri süni yolla qaldırmaq siyasətindən əl çəkmiş olar. Turizm spesifik sahədir və qiymətlərin əlçatan olması vacibdir. Azərbaycanda turizm obyektlərinin və təyyarə biletlərinin baha olması ölkəmizin gələcəyinə “balta vurmaqdır” və buna heç bir halda yol vermək olmaz”.

APress.az