“Paris üçbucağı” romanı haqqında düşüncələr – Cəlil Nağıyev yazırbackend
Cəmiyyət
4778

“Paris üçbucağı” romanı haqqında düşüncələr – Cəlil Nağıyev yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paris üçbucağı” romanı bu gün ədəbi ictimaiyyət üçün elə də yaxşı tanış olmayan Adəm İsmayıl Bakuvi adlı gənc bir yazıçının əsəridir. Adəm İsmayılın təxəllüsü klassik dövr yazıçılarının təxəllüslərinə bənzəsə də, o, bizim müasirimizdir. Bu gənc yazıçının təxəllüsündən də göründüyü kimi, o, Bakı şəhərində doğulub, “xalis” bakılıdır, şəhərin köhnə məhəllələrindən birində “Zərgərpalan” küçəsində (bu küçə də “Sovetski” məhəlləsinin bir hissəsidir) dünyaya gəlib. Mən bu yazıçı ilə şəxsən tanış deyiləm (hərçənd ki, bu nəslə məxsus olan xeyli istedadlı yazıçı ilə tanışam). “Paris üçbucağı” romanı kitabında bu müəllif haqqında çox qısa məlumat verilib. Onun barəsində deyilir: “Adəm İsmayıl Bakuvi Bakı şəhərində anadan olub. Elmlər doktorudur. Yüzlərlə analitik və publisistik məqalə, 3 monoqrafiya, 20-yə yaxın elmi araşdırma müəllifidir”, o, “2021-ci ildə “Məhşər divanı: Yalanın 17 anı” adlı sənədli romanı ilə ədəbiyyatda debüt edib”.

“Paris üçbucağı” kitabının üz qabığında, əsərin adının altında “Sevgi romanı” adlı bir yarımbaşlıq da var. Adəm İsmayılın bu əsərini oxuduqdan sonra mən belə bir qənaətə gəldim ki, bu yarımbaşlıq romanın məzmununu tam olaraq əhatə etmir, daha doğrusu, onun mövzu dairəsini bir qədər daraldır. Doğrudur, romanın ana xətti, fabulası bir sevgi hadisəsi üzərində qurulub. Amma bu əsərin mövzusunun potensialında, mənim zənnimcə, sevgi hadisəsindən heç də az əhəmiyyət kəsb etməyən, həm bugünkü Azərbaycan reallığını əks edən, həm də yeni ədəbiyyatımızın inkişafı prosesində mühüm əhəmiyyət kəsb edən bir sıra digər aktual problemlər də var.

Romanın ideya-məzmununun ənənəvi təhlilinə keçməzdən əvvəl, qismən bu əsərlə də əlaqəli olan bəzi nəzəri-metodoloji məsələlərə aydınlıq gətirməyə ehtiyac olduğunu düşünürəm. Əvvəla, bu romanın hansı ədəbi cərəyana, hansı ədəbi istiqamətə mənsub olması məsələsinə aydınlıq gətirək. Əsərdə müşahidə olunan bəzı nəzəri-metodoloji paradiqmalara görə onu, tam olmasa da, müəyyən mənada postmodernizmin yeni variasiyasına (postpostmodernizmə) aid etmək olar.

Haşiyə. Müasir ingilis ədəbiyyatının klassiklərindən biri, görkəmli postmodernist yazıçı Culian Barns son kitablarından birində yazır ki, tənqidçilər onu gah postmodernist, gah da postpostmodernist yazıçı adlandırır: yeri gəlmişkən, deyim ki, A.İ.Bakuvinin barəsində bəhs edilən romanında bu yazıçının üslubu ilə səsləşən bəzi məqamlar var.

Son illərdə Azərbaycan ədəbiyyatında (daha çox nəsrdə və qismən də poeziyada) postmodernist ədəbiyyat inkişaf edir və hətta bizim ədəbiyyatımızda da bu ədəbi cərəyanın nüfuzlu (artıq rəsmi şəkildə qəbul edilmiş) nümayəndələri, avtoritetləri mövcuddur (məsələn, Kamal Abdulla, Elçin Hüseynbəyli, İlqar Fəhmi və s.).

A.İ.Bakuvinin “Paris üçbucağı” romanında da postmodernist və postpostmodernist ədəbiyyatla səsləşən bir sıra özünəməxsus xüsusiyyətlər var. İlk olaraq, diqqəti cəlb edən belə xüsusiyyətlərdən biri, onun xüsusi çalara məxsus olan etnoqrafikliklik paradiqmasıdır. Bu paradiqma Azərbaycan bədii ədəbiyyatı üçün heç də yeni hadisə deyil. Demək olar ki, əksər müasir klassik yazıçılarımızın yaradıcılığında bu paradiqmanın xüsusi yeri var: etnik kimliyimiz, milli adət-ənənələrimiz, məişətimizin təsviri, bayramlarımız və digər xalq mərasimləri və s. (xüsusilə, Y.V.Çəmənzəminlinin yaradıcılığında). Bu romandakı etnoqrafizm klassik ədəbiyyatımızda olan ənənəvi etnoqrafik təsvirlərdən bir qədər fərqlənir. Bu paradiqma daha çox “Əli və Nino” (Qurban Səid – Məhəmməd Əsəd bəy – Lev Nissenbaum//Y.V.Çəmənzəminli) romanında yer alan etnoqrafizm yanaşmasına bənzəyir (postmodernizmin əsas prinsiplərindən biri də odur ki, həyatda və müvafiq olaraq ədəbiyyatda yeni heç nə yaranmır, hər şey təkrar olur, köhnənin təkrarıdır).

Haşiyə. Məşhur rejissor Ramiz Həsənoğlu yazır: “”Əli və Nino”nu oxuduğum zaman, mən sadəcə olaraq, heyrətə gəldim ki, o dövrkü Bakı bu kutabda necə də gözəl təsvir olunub. İndinin özündə də mən 27 saylı aptekin yanından, Neftçilər prospektindən keçəndə bu kitabın qəhrəmanı Əlinin yaşadığı evə baxıram və məndə elə təəssürat yaranmır ki, o, ədəbi personaj deyil – o mənim qonşumdur, mənim həmyerlimdir, sadəcə olaraq, bizim şəhərin sakinidir” (“Mənim gəncliyimin şəhəri”, səh.153).

A.İ.Bakuvi bu xüsusi koloritli etnoqrafik təsvirləri verməklə, həm də ilk növbədə, əsərinin millilik istiqamətini qabartmağa çalışmışdır. Digər təfəfdən də, əsərdə təsvir olunan hadisənin cərəyan etdiyi məkan (Fransa, Paris) bu mövzunun təsvirinə xüsusi məna çaları qatır. Bir az da doğma yurd-yuva həsrəti, bundan doğan nostalji hissi, fransızlar demiş “dejavü”. Bundan başqa, müəllif, sanki sevimli vətənini, doğma Bakının köhnə küçələrindən birini (Zərgərpalan) və bu şəhərin yeni durumunu, yəhudi icmasının kompakt yaşadığı Quba rayonunun “Qırmızı qəsəbə”sini (qəhrəmanın yəhudi əsilli nənəsi burada yaşayır) əcnəbilərə (burada fransızlara) təqdim edir. Romanın baş qəhrəmanı Ülvi deyir: “Zərgərpalan. Bu küçə mənim (və mənimlə yanaşı? – C.N.) doğulub boya-başa çatdığım Bakının vizit kartı sayıla bilər. Dar, dolanbac bir yol hər iki tərəfdən ikimərtəbəli və birmərtəbəli daş evlərlə sıralanaraq, Füzuli meydanından, ta ki, Daxili İşlər Nazirliyinin arxa həyətinədək uzanır” (səh. 5). Beləcə, qəhrəman bu küçəni təsvir edərək yazır ki, o, elə dardır ki, sanki adam “yolun ortasında durub əllərini yanakı açsa, hər əli küçənin bu və o tərəfindəki evlərə toxunar” və yaxud: “Evlərin üzbəüz eyvanları isə hər iki tərəfdən səmada sanki bir-birinə toxunurlarmış kimi görünürlər” (yenə orada). Hər şey olduğu kimi, necə varsa, eləcə də təsvir olunur. Bu narrativ postpostmodernizmin paradiqmalarından biridir.

İstənilən hər bir normal insan kimi, həm bu romanın qəhrəmanının, həm də eyni zamanda müəllifinin özü doğma yurd-yuvasını, doğulduğu məkanı sevməsi, onu sevə-sevə təsvir etməsi heç də təəccüblü deyil. Ülvi (əsərin qəhrəmanı, həm də müəllifin prototipi) öz doğulduğu məhəlləni (Sovetski), küçəni (Zərgərpalan) sadəcə olaraq təsvir etməklə kifayətlənmir, o, həmin məhəllənin, küçənin sakinləri (həm də məşhur sakinləri) ilə qürur duyur. O, yazır: “Zərgərpalanda çox böyük dühalar doğulublar, çoxları sonradan gəlib buralarda məskunlaşıblar. Bizim küçəmiz Bakının “Sovetski” adlanan hissəsinin tərkibidir, müğənni Şövkət Ələkbərova, aktyorlar – İlham Namiq Kamal, Eldəniz Zeynalov burada doğulublar, görkəmli bəstəkar Üzeyir Hacıbəyli, mahir muğam ifaçısı Xan Şuşinski, böyük maarifçi, şair Abdulla Şaiq köçüb gəlib Zərgərpalanda yaşayıblar. Azacıq aşağıda – dağlı məhəlləsində 1903-cü ildən Cəfər Cabbarlı yaşayıb, Mikayıl Müşfiq isə orada dünyaya göz açıb”, “Şəhid jurnalist Osman Mirzəyevlə milli qəhrəman Çingiz Mustafayev də “Sovetski” sakinləridir” (səh. 6).

Haşiyə. Bu mövzu bir neçə il əvvəl çap olunmuş və lazımlı bir əsər olan “Mənim gəncliyimin şəhəri” kitabında da əsas yerlərdən birini tutur. Bu kitabda Bakı sakinləri olan (əsasən, köklü bakılılar, bəzən bir qədər sonda burada məskunlaşan sakinlər) Azərbaycanın görkəmli ziyalıları – alimləri, yazıçıları, rəssamları, memarları, heykəltəraşları, aktyorları, mühəndisləri və s. öz doğma şəhərini vəsf edir, burada dünyaya gələn böyük, görkəmli şəxsiyyətlər barədə bəhs edir və onlarla qürur duyduqlarını söyləyirlər. Məsələn, görkəmli aktyor Yaşar Nuri yazır: “Mənim uşaqlığım və gəncliyim Bakıda, hədsiz dərəcədə məşhur Sovetski küçəsində keçib”. Sonra o, deyir: “Bir zamanlar Fərhad Bədəlbəylinin əmisinin tikdirdiyi və Hüseyn Cavidin dərs dediyi bizim 173 №-li məktəbimiz Pedaqoji Texnikumun yanında yerləşirdi və mənim atam, gələcək professor Cəfərzadə də bu məktəbdə oxumuşdur” (“Mənim gəncliyimin şəhəri”, səh.165).

“Paris üçbucağı” romanında etnoqrafiklik kateqoriyası ilə əlaqədar məqamlardan biri də, əsərin qəhrəmanının da ana tərəfdən mənsub olduğu yəhudiliklə bağlıdır. Romanda bu məsələyə geniş yer ayrılıb. Əsərin “Süzanna” adlanan 37-ci hissəsində əsərin digər qəhrəmanı fransız qızı Süzanna deyir: “Ülvi mənə Quba barədə danışdı, dedi ki, bura almalar diyarıdır, dünyadakı ən unikal ağ alma burada yetişir” (səh. 249). Sonra o, deyir: “Ülvi dedi ki, bəli, artıq Quba rayonuna girdik, yolumuz Qubanın mərkəzinə – Quba şəhərinədir, Sara nənə orada – dünya yəhudilərinin kompakt yaşadığı əsrarəngiz Qırmızı qəsəbədə yaşayır” (səh. 251). Sonra onların (Ülvi və Süzannanın) Qırmızı qəsəbəyə gəlmələri və Sara nənənin onlara süfrə açması təsvir olunur. Bu məqamda Sara nənə Süzanna üçün maraqlı bir məsələyə toxunur. O, deyir: “Düzü, istəyirdim ki, qızım Lizanın bir qızı da olsun. Amma iki oğlu oldu. Onun da biri, Allah müharibə çıxaranlara lənət eləsin, şəhid oldu”. Şəhid olmuş Fəxrini yad edəndən sonra Süzanna deyir: “Bu arada Sara nənənin niyə məhz qız nəvə arzulamasının də səbəbini öyrəndim. Axı, yəhudilərdə milliyyət müsəlmanlardan və xristianlardan fərqli olaraq, ana xətti ilə təyin olunur” (səh. 253). “Onu da öyrəndim ki, dünyada yəhudi xalqı yeganə xalqdır ki, paspotuna milliyyəti yazılmır. Yəni ki, yəhudi qadından dünyaya gəldinsə, hələ də sən əsl yəhudi ola bilməzsən. Yəhudilik tək qan bağlılığı ilə mümkün deyil. Yəhudi dininə mütləq inam, mədəniyyətə, adət-ənənələrə sədaqət, yəhudi xalqına daimi xidmət zəruri və məcburidir. Yalnız bunlara riayət edən şəxs əsl yəhudi hesab olunur (səh. 254).

Romanda kifaqət qədər yer tutan, bu qəbildən olan material əsərin, həm də etnoqrafik roman olması fikrini yaradır. İctimai-siyasi tarixlə bağlı olan məqamlardan biri də romanda siyasi mövzuya geniş yer ayrılmasıdır. Demək olar ki, siyasi mövzu romanın fabulasının əsas xətlərindən birini təşkil edir (hələ bəlkə də ana xətdir). Əsərin bu mövzusu Azərbaycanın bugünkü siyasi həyatı ilə bağlıdır. Məlum olduğu kimi, az qala, iki yüz il tarixi əhatə edən Azərbaycan-erməni münasibətləri (münaqişələri) son dövrdə daha da qızışıb, hətta genişmiqyaslı müharıbə ilə nəticələnib. Bu millətlərin arasında olan siyasi böhran bu gün də davam etməkdədir və nə vaxta qədər davam edəcəyi də heç kimə məlum deyil.

Bu münaqişə Ülvinin ailəsindən də yan keçməyib. Onun kiçik qardaşı bu savaşda şəhid olub: “Şəhid olanda Fəxrinin 19 yaşı var idi”…, “Cəmi 19 il ömür sürən, arzuları yenicə cücərməyə başlayanda amansız şaxtanın donvurmasına məruz qalan bir gəncin ölümünü ailəmiz necə ermənilərə bağışlaya bilər, axı?”… “Fəxrinin otağında Müzəffər babam əsl ev-muzeyi yaradıb. Onun əşyalarını qoruyub saxlayıb, hərbi paltarını, silahının maqazinini, məktublarını. Şəkillərini böyüdüb çərçivəyə salıb (səh. 10). Bu sözlərdə, heç də millətçilik hissi, milli dözümsüzlük anlayışı duyulmur, bu sözlər nakam bir gəncin vaxtsız ölümünün acısının ifadəsidir. Ülvinin, tolerantlığı, millətçi-şovinist bir insan olmadığı onun bu sözlərindən aydın görünür: “Ana Fəxrini öldürən milliyyətcə ermənidir, düzdür, amma bir fərddir, bir millətçi, şovinist fərddir, bütün erməni xalqı millətçi və şovinist deyil axı. Ermənilərin aralarında müharibənin, Qarabağ işğalının əleyhinə çıxanlar, məgər azdırmı?” (səh.189).

Hələ romanın lap əvvəlində bu acı məlumatı verməklə müəllif, həm də müəyyən mənada, əsərinin mövzu dairəsinin istiqamətlərindən biri barədə də məlumat verir – ictimai-siyasi mövzu. Bu motivin çalarlarından biri bu gün heç də Azərbaycanla normal münasibəti olmayan Fransa ilə bağlıdır. Əsasən, bu ölkədə çoxluq təşkil edən erməni lobbisinin təbliğatı sayəsində orada vətənimizə, xalqımıza qarşı bir düşmənçilik əhval-ruhiyyəsi yaranıb. Bununla bağlı Ülvi belə deyir: “Bəli, mən bilirəm ki, Fransada erməni diasporu güclüdür, burada ermənilər çoxdur, fransızlarla ermənilər arasında qohumluq münasibətləri geniş yayılıb, dini faktorlar da var ortada. Hamısını bilirəm. Siz fransızların onlara qahmar çıxmaları təbiidir” (səh. 94). Heç şübhəsiz ki, müəllif düşünülmüş şəkildə Fransa məsələsini də Azərbaycan-erməni konflikti kontekstində şərh etsə də, dünya klassiklərinin əsərlərinə istinad edərək, ermənilərin türklər haqqında uydurduqları “qorxulu nağıllar”a konkret faktlarla aydınlıq gətirir. O, XIX əsr məşhur fransız yazıçısı Aleksandr Dümanın (ata) “Qafqaz səfəri” əsərində yer alan ermənilərə aid olan hissələri olduğu kimi fransız qızının diqqətinə çatdırır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, müəllif Azərbaycan-erməni münasibətləri (münaqişəsi) ilə əlaqədar olaraq kifaqət qədər elmi səciyyəli tarixi, bədii, publisistik və rəsmi sənədləri əsərində istifadə edir ki, bu narrativ də postpostmodernizm ədəbi cərəyanının nəzəri prinsiplərindən biridir. Müəllif pastiş üsulundan istifadə edir, fərqli mənbələrə istinad edir və ermənilər barədə müfəssəl məlumatlar verməyə çalışır.

Haşiyə. “Dünya məşhurlarının ermənilər barədəki kəlamları”: “Qabusnamə”də deyilir ki, “ermənilərin eybi bədfel, kündəbədən, oğru, gözügötürməyən, …vəfasız, riyakar, söyüşsöyən…” olmalarıdır. Tatsit: “Bu bir ikiüzlü xalqdır ki, həm xarakterinə, həm də coğrafi yerləşməsinə görə rumlulara nifrət, parfiyalılara qibtə” etməkdədirlər. Sonra əsərdə Moisey Xorenatsinin (Kalankatuklu Musa), Ovidinin, Sədinin fikirlərini verir. Düma yazır: “Nəbadə, erməniyə etibar edəsiniz” (səh. 96), “Ermənilər bütün dünyada deyil, yalnız Asiyada yayılmışlar. Öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlardır ki, var” (səh. 97). Bunlarla yanaşı, əsərdə Əmir Teymurun, A.S.Puşkinin, A.Metsin, S.Qriboyedovun, Uilsonun, A.Kyortenin, Qraf de Şölenin, K.Marksın, V.L.Veliçkonun, İ.Çavçavadzenin və s. görkəmli şəxslərin ermənilərin iç üzünü açıb göstərən fikirlərini vermişdir.

Romanın kolliziyası, əsasən, erməni-Azərbaycan münasibətləri üzərində qurulduğu üçün, müəllif Ülvi və Süzanna xəttini bu motivlə də əlaqələndirmişdir. Belə ki, bu süjet xəttinin iştirakçılarından biri – Süzannanın ana tərəfdən nənəsi, erməni Narinedir. Narine nənə qatı millətçidir, şovinistdir, türklərin düşmənidir. Süzanna öz nəsil şəcərəsindən bəhs edərək deyir: “Anamın ata tərəfi rus kökənlidir…”, “…anamın atası Boris Aleksandroviç Narine nənəmlə tanış olub…”, “…o, ilk baxışdan vurulduğu bu xanıma evlilik təklif edib. Narine nənəmin ailəsi bu izdivaca sevinclə razılıq veriblər, ermənilərin içində bir slavyan sevgisi olur həmişə” (səh. 21).

Narine nənə antitürk mövqeli, zəhərli millətçilik ideologiya daşıyıcısının tipik nümayəndəsidir. Bu, Süzannanın anasının ondan xeyir-dua almaq təklfinə aldığı cavabdan aydın şəkildə görünür. Süzannanın anası: “Gənclər əhd-peyman bağlayıblar, nə olursa-olsun, bir-birindən ayrılmamaq qərarı veriblər, ay ana, sənin xeyir-duanı almağa gəlmişik. Nəzərə al ki, Ülvi milliyyətcə metisdir (mələzdir – C.N.), yəhudi və azərbaycanlı qarışığıdır”, – sözlərini çatdırdı.

Nənəmi sanki cərəyan vurdu:

– İlanın zəhləsi yarpızdan gedir, o da gəlib yuvasının ağzında bitir. Bir azərbaycanlını – işğalçı, qaniçən müllətin nümayəndəsini mənim ailəmə gətirməklə siz genosidə tuş gəlmiş milyonlarca erməninin ruhuna qarşı hörmətsizlik edirsiniz.

Anam nə dedi, nə elədi, xeyri olmadı. Nənəm dəsmal götürüb hönkürdü, hətta çamadanını götürüb, çıxıb getmək jestinəcən etdi” (səh. 188).

Romanın erməni-Azərbaycan mövzulu diskursu bununla bitmir. Əsərin fabulasının bir sıra fərqli motivlərinin interpretasiyasında bu gün xüsusi aktuallıq kəsb edən bu məsələ dönə-dönə qabardılır. Burada müəllif ermənilərin bizim ərazilərimizə köçürülmə tarixi, “dənizdən-dənizə” erməni xülyası (sayıqlaması), Fransada oturuşmuş diasporanın antitürk, antiazərbaycan təbliğatı, özləri zaman-zaman bizim millətimizə qarşı kütləvi qırğınlar, soyqırımılar (genosid) törətdikləri halda, uydurma 1915-ci ildə türklərin onlara qarşı əslində olmayan genosid barədə hay-həşir salmaları barədə açıqlamalar, bədii epizodlar verilir.

Süzannanın əsilli-köklü fransız olan atası da heç də bu şovinist nənədən fərqli düşünmür. O, qızına deyir: “Süzanna, sənun ata tərəfin təmizqanlı fransızlardır. Amma anan tərəf slavyan-erməni qarışığıdır. Sənin anan, nənən, onların nəsli – bütün ermənilər türklərin və azərbaycanlıların qan düşmənidirlər. O müsəlmanlar bu yazıq xalqı genosidə məruz qoyublar. 1915-ci ildə Türkiyədə, 1988-ci ildə Azərbaycanda” (səh. 120-121).

A.İ.Bakuvinin bu romanında həddindən çox faktoqrafik material verilib. Zahirən, elə təsəvvür yarana bilər ki, bu paradiqma əsərin ədəbi diskursuna müəyyən mənada xələl gətirir, onun bədiilik istiqamətini zəiflədir. Əslində, bu heç də tam belə deyil. Bu paradiqma avanqard ədəbi cərəyan olan postpostmodernizmin başlıca elementlərindən biridir. Bu ədəbi priyomdan müasir dünya ədəbiyyatının əksər görkəmli postpostmodernist yazıçıları (C.Barns, M.Danilyevski və s.) öz bədii yaradıcılıqlarında geninə-boluna istifadə ediblər. Bu paradiqma bədii əsəri bir qədər belletristik, oçerkvarilik narrativiliyi ilə zənginləşdirir. Əvvəla, A.İ.Bakuvinin bu romanının siyasi diskursu üçün bu priyom zəruridir, müəllif demək istəyir ki, ermənilər barəsində bəhs etdiyi bu məsələlər, baş verən bu tarixi hadisələr heç də bədii təxəyyülün, fantaziyanın məhsulu deyil, reallıqdır, həqiqətdir, tarixi faktdır. Bununla belə, bu qəbildən olan faktoqrafik material yalnız siyasi diskursla bağlı deyil. Demək olar ki, müəllif təsvir etdiyi, bəhs etdiyi bütün mövzularda (mədəniyyət, incəsənət, bədii ədəbiyyat, etnoqrafiya, ailə-məişət, xronotop (zaman-məkan) bu ədəbi paradiqmanı əsas kimi götürür. Müəllif ədəbi pastiş və rəsmi sənədlilik prinsiplərinin siyasi diskursunu, xüsusilə, ASALA-nın törətdiyi terror aktları ilə əlaqədar verir (səh. 142-162). Erməni terrorçularının dünyanın çeşidli yerlərində, Fransanın özündə, Avropanın digər ölkələrində və elə Azərbaycanda da zaman-zaman törətdikləri çoxsaylı terror aktları ola bilsin ki, bir qədər yorucudur, bədii deyil, amma məqsədyönlüdür, effektlidir, mövzunun təsir gücünün artırılmasına xidmət edir. Romanın yorucu görünə biləcək fraqmentlərindən biri də 265-ci səhifədən başlayaraq, 274-cü səhifəyə qədər davam edən 44 günlük Vətən müharibəsinin nəticələri barədə rəsmi məlumatların verilməsidir. Göründüyü kimi, bu ictimai-siyasi paradiqma əsəri, həm də siyasi roman janrına daha da yaxınlaşdırır.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, romanın əhəmiyyətli diskurslarından biri də romanda mədəniyyətə, rəssamlığa və xüsusilə də, bədii ədəbiyyata geniş yer ayrılmasıdır. Burada daha çox üstünlük klassik və müasir fransız ədəbiyyatı ilə bağlı material verilib və yeri gəldikcə əsərdə Azərbaycan ədəbiyyatından da nümunələrə müracət edilir.

Bu diskursda romanda dünyanın məşhur muzeylərindən biri olan Luvr haqqında (“Muzeyin binası qədim kral sarayının binasındadır, “Louvre Palas” adlanır, bura Parisin ən qədim, yaşlanmış hissəsi hesab olunur” (səh. 47). Burada muzeyin quruluşu, bəzi məşhur eksponatları, Leonardo da Vinçinin “Cokonda”sı, Rafaelin “Valehedici bağban” kimi rəsm əsərləri, “Miloslu Venera”, “Samofrakiyalı Nika” kimi heykəltəraşlıq nümunələri, Rafael, Titsian, Rembrandt, El Qreko, Delakrua kimi rəssamlar barəsində məlumat verilir. Yeri gəlmişkən, romanın əvvəlində quşbaz Gülağanın dili ilə deyilir: “Salvador Dali Parisdə göyərçini çəkib ilk dəfə məşhurlaşdırmayıb?” (səh. 13). Təbii ki, bir quşbazın dahi syürrealist fransız rəssamını tanıması inandırıcı deyil. Tutaq ki, bu quşbaz intellektualdır, rəssamlıqdan da başı çıxır, o zaman o, bilməli idi ki, “Sülh göyərçinləri”ni (2 göyərçin) Salvador Dali yox, digər bir dahi fransız rəssamı Pablo Pikasso çəkmişdir.

Romanda fransız və Azərbaycan ədəbiyyatları ilə bağlı məlumatlara da geniş yer ayrılıb. Burada daha çox klassik və müasir fransız ədəbiyyatından bəhs edilib. Romanda fransız teatrı və dramaturqları – Molyer, Rasin, Kornel, Bomarşe, Hüqo, Emil Zolyadan (bu yazıçı dramaturq deyil – C.N.), Sartr, Kamyu, “Komedi fransez” barədə də bəhs olunur. Fransız kinosu, filmləri və aktyorları haqqında məlumatlar verilir: “Fransız kinosu “Oskar”dan daha nüfuzlu (?) daxili mükafatına – “Sezar”a malikdir. Fransız kinosu keçmişdə “Qırmızı və qara”, “Tereza və Raken” (Zolyanın bu əsərinin adı “Tereza Raken”dir və bu romanın motivləri əsasında Fransada deyil, ABŞ-da rejissor Çarli Stretton bədii film çəkmişdir – C.N.), indilərdə isə “Əzabkeşlər” kimi şedevrlər yaradıb” (səh. 30). Sonra burada Jan-Lyuis Qodar, Klod Şabrol, Patrik Lojye kimi məşhur rejissorlar və Lui de Fünes, Jan-Pol Belmondo, Jerar Depardye, Katrin Denyev, Alen Delon, Pyer Rişar, Sofi Marso barədə də məlumat verilir. Romanın obrazlarından biri isə məşhur aktyor Jan Qabenin adı ilə adlandırılıb.

Romanda fransız ədəbiyyatı barəsində də geniş bəhs olunur və hətta pastiş olaraq bu yazıçıların bəzilərinin əsərlərindən iri parçlar da verilir (Sent-Ekzüperi, Pol Elüar, Pyer Emmanuel) və hətta postmodernist yazıçılar – Mişel Uelbekin “Pokora” və Giyom Myssonun “Ona görə ki, səni sevirəm” romanlarının məzmunu danışılır (səh.124-125).

Romanın bu yerində XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında bəhs olunur, pastiş olaraq onun bir neçə aforizmı verilir (səh. 13). Əsərin sonlarına yaxın bir yerdə isə Süzanna atasına deyir: “Əgər ədəbiyyatdan deyirsənsə, 12-ci əsrdə dünyaya Nizami Gəncəvi kimi düha bəxş ediblər” (səh. 220). Romanın 17-ci – “Ülvi” adlı hissəsində Ülvi Azərbaycanın Milli İncəsənət Muzeyində təşkil olunmuş “Fransa inciləri. Fransız incəsənəti Renessansdan, bu günəcən” sərgisi haqqında danışır, deyir ki, azərbaycanlılar bu muzeydə “Fransanın ən məşhur sənət korifeyləri olan Pussen, Qryoz, İnqr, Deqa, Brak, Otonyel, Roden kimi sənət ustalarının boyakarlıq və heykəltəraşlıq əsərlərini, əsrarəngiz incəsənət əşyalarını, qobelen və qravürləri bir yerdə görə bildilər” (səh.112). Sonra: “Ona dahi şair və mütəfəkkir Nizami Gəncəvi, dahi bəstəkar Qara Qarayev, dahi tenor Rəşid Behbudov, dahi rəssam Səttar Bəhlulzadə barədə geniş danışdım” (səh. 112).

Nəhayət, gəldik, kitabın üz qabığında vurğulanan, romanın əsas mövzusu olan “Sevgi romanı” məsələsinə. Əlbəttə, məqalənin əvvəlində də deyildiyi kimi, bu romanın fabulasının əsasında bir sevgi macərası dayanır. Burada baş qəhrəmanın özünün də dediyi kimi, əslən, azərbaycanlı (yəhudi qarışığı olan), bakılı, “Sovetski”li, zərgərpalanlı Ülvi ilə, dordonlu, erməni qarışığı olan bir fransız qız Süzannanın eşq macərasından bəhs olunur. Əsərin ana xətti dünya ədəbiyyatında fərqli istiqamətlərdə və fərqli kontekstlərdə işlənmiş, çox qədim tarixi və fərqli çalarları olan bir məhəbbət mövzusuna, daha dəqiq desək, fərqli dinlərdən olan iki gəncin məhəbbəti mövzusuna həsr olunub. Ümumiyyətlə, bu qəbildən olan məhəbbət mövzusunda yazılmış romanların hamısının sonluğu, demək olar ki, uğursuz olur.

Dünya mifologiyası və bədii ədəbyyatı tarixində bu mövzu ilə eyni və ya uyğun olan arxetiplər mövcuddur. Əsərə tarixilik prizmasından yanaşsaq, o zaman qədim romalı Antonio ilə, qədim misirli Kleopatra arxetipini (məs.: U.Şekspirin “Antonio və Kleopatra”) ilk nümunələrdən biri kimi göstərə bilərik. Bibliya (Tövrat) – Quran mifologiyasında İosif (Yusif) haqqında pritça (“Yusif və Züleyxa” dastanı və rəvayətləri, T.Mannın İosif və onun qardaşları” roman pritçası), klassik Şərq mifologiyasında və Fəriddədin Əttarın “Məntiqüt-teyr” əsərində Şeyx Sənanla bağlı pritça (sufi Şeyx Sənan və xaçpərəst qızın eşq macərası), U.Şekspirin “Otello”, H.Cavidin “Şeyx Sənan” faciələri, “Əsli və Kərəm” dastanında yer alan Kərəmlə xaçpərəst (alban və ya erməni ola bilər) qızın, fransız cəngavər romanları “Fluar və Blanşeflor” və “Okassen və Nikolet” əsərlərində təsvir edilən müsəlman gənc oğlanla xristian gənc qızın eşq tarixçələri, N.Nərimanovun (“Bahadur və Sona”), C.Cabbarlının (“1905-ci ildə” – Baxşı və Sona), M.Əsəd bəyin (L.Nissenbaum, Y.V.Çəmənzəminli) “Əli və Nino” bir azərbaycanlı gənclə gürcü qızının eşq macərası) və A.Kulinin “Sevdalinka” romanlarının (bosniyalı müsəlman xanım Nimeta ilə xorvatiyalı xaçpərəst Stefanın sevgi hadisəsi) mövzularını bu tipli məhəbbət modeli bunun bariz nümunələridir. Yeri gəlmişkən, A.Kulinin “Sevdalinka” adlanan romanı ilə A.İ.Bakuvinin “Paris üçbucağı” romanının mövzuları bir-birinə çox yaxındır. Hətta bəzi motiv və məzmun ünsürlərinə görə eynidir, adekvatdır. Əsas fərq bu romanlarda cərəyan edən eyni tipli hadisələrin fərqli coğrafiyalarda (Balkanlar: Bosniya və Herseqovina, Azərbaycan və Fransa) cərəyan etməsidir. Bu hadisələrin xarakterinə gəldikdə isə, burada demək olar ki, elə bir əsaslı fərq yoxdur. Məhəbbət mövzusu oxşardır (müsəlman qadınla xristian kişinin məhəbbəti – bircə fərq ondadır ki, xristian Stefana aşiq olan müsəlman Nimetanın Bürhan adlı əri, bir oğlu və bir qızı var). Bu romanların hər ikisində XX əsrin 90-cı illərində Azərbaycanda (Qarabağda) və Bosniya və Herseqovinada (Sarayevoda, Srebrenitsada) dəhşətli soyqırımı mövzusu əsas yerlərdən birini tutur. Amma diqqətlə baxsaq, görərik ki, bu romanlarda təsvir olunan ictimai-siyasi motivlər sanki qeyri-adi məhəbbət macəralarının fonunun, bu əsərlərin ideya məzmununun daha təsirli olmasına xidmət edir. “Paris üçbucağı” romanında da əsas ədəbi konflikt, yuxarıda barəsində bəhs olunan konflikt səciyyəli məhəbbət mövzulu klassik əsərlərdə olduğu kimidir. Zahirən, adama elə gəlir ki, ictimai-siyası situasiyanın bugünkü durumunda Ülvi və Süzannanın bir-birinə aşiq olması bu işin onların öz gələcəkləri ilə bağlı qura biləcəkləri plan perspektividir. Bununla belə, əsərdə göstərildiyi kimi, bu gənclər həyata ayıq gözlə baxan, dərrakəli, mənsub olduqları ictimai-siyasi və sosial mühitlə bağlı, hətta bir qədər kompleksə də malikdirlər. Belə ki, romanın qəhrəmanlarından biri – Ülvi bakılıdır, yəhudi qarışığı olan azərbaycanlıdır, onun aşiq olduğu qız – Süzanna isə erməni qarışığı olan fransızdır. Ülvi vətənpərvərdir, milli duyğulu gəncdir, millətçi deyil, istedadlı proqramçıdır, Fransaya xüsusi təyinatla işləməyə gəlib, başqa planları yoxdur. Amma belə olmur. O, deyir: “Yox, bu qızda nə isə qeyri-adi cazibə qüvvəsi var idi. Mən onun təsirindəyəm. Ağlıma gəlməyən başıma gəlmişdi. Valideynlərimin ən istəmədiklərini, mənə Paris həyatında tabu qoyulan şeyləri ard-arda etmişdim, demək. Başımı aşağı sallayıb işləmək, heç kəsə baş qoşmamaq, dava-dalaşa düşməmək xahişini pozub dərhal dalaşmış, həbsə düşmüşdüm. Qızlara meyil etməmək tələbini də pozub, necə deyərlər, eşqə düçar olmuşdum” (səh. 99). Bir tərəfdən, valideynlərinin qadağaları, digər tərəfdən, vətənpərvərlik duyğularına rəğmən, Vətəninin bir hissəsini işğal və talan edən, hələ üstəlik də, qardaşını qətlə yetirən bir millətin nümayəndəsi ilə, milli mənşəcə bağlı olan bir qızı necə sevə bilər? Süzannanın da durumu elə də fərqli deyil. Erməni nənəsi onda türklərə və az təsəvvürü olan azərbaycanlılara qarşı nifrət hissi formalaşdırıb. O, deyir: “Düzü, azərbaycanlı və türk olmaq istəməzdim”. Ülvi bunun səbəbini soruşduqda o, deyir: “Erməni xalqına qarşı həyata keçirdiyiniz soyqırımılara görə. 1915-ci ildə Türkiyədə – qədim erməni əyalətlərində, 1988-ci ildə Azərbaycanda – Sumqayıtda minlərlə erməni qırmısınız” (səh. 93).

Bax, bu vaxt ağıl və hiss faktoru önə çıxır. Ülvi və Süzanna nümunəsində də bütün digər nümunələrdə olduğu kimi, bir faktor özünü göstərir: sufi şeyxi (Şeyx Sənan) xristian qızına aşiq olur, dinindən dönür, donuz otarır; müsəlman, ailəli, iki uşaq anası Nimeta (“Sevdalinka” romanı) heç bir gərginlik, problem olmamasına baxmayaraq, bir xristian gəncə (Stefana) aşiq olur. Bütün digər nümunələr də bunun kimi (“Əsli və Kərəm”, “Bahadur və Sona”, “Baxşı və Sona”, “Əli və Nino” və s.). Əsl məhəbbət üçün sədd yoxdur. Yeri gəlmişkən, bu romanın finalının xoşbəxt sonluqla nəticələnməsi bədii məntiqlə uzlaşmır və bir qədər inandırıcı görünmür.

“Paris üçbucağı” romanının adında olan “üçbucaq” anlayışı da diqqəti cəlb edir. Əvvəla, bu anlayış, ilk növbədə, əsərin narrativi ilə səsləşir. Müəllif, postpostmodernist ədəbiyyatın tələblərindən biri olan müəllif – qəhrəman (lar) -oxucu) paradiqmasına uyğun olaraq əsərdə əsas qəhrəmanlarla yanaşı, özünün də obrazını (müəllif prototipi) yaradıb. Burada müəllif, yalnız narrator (təhkiyəçi) deyil, həm də real iştirakçıdır, o, hadisələrə müdaxilə edir, münasibət bildirir, fəal şəkildə iştirak edir. Beləliklə, bir üçbucaq – üç narratordur: Ülvi-Süzanna, Müəllif, Oxucu.

İkinci üçbucaq milli mənsubiyyətlə bağlıdır. Romanın bir qəhrəmanı Süzanna erməni-fransız-rus, digər qəhrəmanı – Ülvi yəhudi-azərbaycanlı-fransız üçbucağını təşkil edir. Buraya: siyasət, mədəniyyət (sivilizasiya), ilahi eşq üçbucağını da əlavə etmək olar.

Bu roman Azərbaycan nəsrində yeni hadisədir. Müəllifin bədii ədəbiyyat sahəsində ilk qələm təcrübələrindən biridir (“Məhşər divanı: Yalanın 17 anı” bellestristikası nəzərə alınmaqla). Romanda bədiilik, metaforluq, bədii obrazlılıq zəifdir, bəzi texniki qüsurlar var. Amma mövzu aktualdır, günümüzlə sıx bağlıdır. Hər halda, Adəm İsmayıl Bakuvinin “Paris üçbucağı” romanı uğurlu əsərdir. İnanıram ki, bu istedadlı, gənc nasirin gələcək əsərləri daha da uğurlu olacaq.\edebiyyatqazeti.az