Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarına əsasən, bu gündən Azərbaycanda açıq havada maska taxmaq tələbi ləğv edilib. Artıq insanlar rahat şəkildə açıq havada maskasız dolaşa bilirlər. Lakin müşahidəmizə əsasən, polislər bu qərardan məhrumdurlar. Bir neçə polis əməkdaşı ilə həmsöhbətimiz zamanı bəlli oldu ki, onlara açıq havada maskadan istifadə etmək tapşırılıb.
Maraqlıdır, niyə açıq havada maska qərarının ləğvi polislərə şamil edilmir?
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Sfera.az-a açıqlamasında belə bir məcburiyyətin olmadığını bildirib.
“Mən özüm də hər ehtimala qarşı maskadan istifadə edirəm. Bu, şəxsin özündən asılıdır. Polislərə də açıq havada maska taxmaq məcburiyyəti yoxdur”, – deyə o bildirib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov isə saytımıza bildirib ki, yol polisləri açıq havada maska taxmaqla özlərini qoruyurlar:
“Bilirsiniz ki, Operativ Qərargahın açıq havada tibbi maskalardan istifadə etməməklə bağlı qərarı var. Amma bu, qapalı şəraitə aid deyil, həmin yerlərdə qoruyucu vasitələrdən istifadə edilməlidir, əks halda, inzibati tənbeh tədbirlərinin görülməsi üçün şərait yaranır. Təbii ki, avtomobildə gedərkən ailə üzvlərin varsa, maskadan istifadə etməyə bilərsən. Amma bunu da sübut etmək üçün müvafiq sənədlər olmalıdır. Əməkdaşlarımıza gəldikdə isə, onlar xidmət başındadırlar, gündəlik insanlarla təmasda olurlar. Bu baxımdan özlərini qorumalıdırlar və qoruyurlar”.