Qərbin “keçid proyektləri və ya Paşinyanla Saakaşvilini nə birləşdirir?backend
Banner
1489

Qərbin “keçid proyektləri və ya Paşinyanla Saakaşvilini nə birləşdirir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Azərbaycan və Ermənistan liderlərinə müraciət ünvanlayıb. “Cənubi Qafqazda, xüsusən də Azərbaycanın Naxçıvana birbaşa çıxış əldə edəcəyi dəhlizlə bağlı potensial hərbi qarşıdurma təhlükəsi ilə üz-üzəyik” bəyanatını yayan Saakaşvili bununla illərdir barəsində tirajlanan “Qərbin adamı titulu”nu biraz da möhkəmləndirmiş olub.

Məlumdur ki, 44 günlük vətən müharibəsində əldə edilən tarixi Zəfər və lokal antiterror əməliyyatları zamanı Azərbaycanın suverenliyinin tam şəkildə bərpası ABŞ və müttəfiqləri, bəzi Qərb dairələri tərəfindən ciddi qısqanclıqla qarşılanıb. ABŞ-ın dövlət katibi Entoni Blinkenin Amerika Konqresini guya “Azərbaycanın Ermənistana hücum edəcəyi” ilə bağlı xəbərdar etməsi barədə dezinformasiyanın Qərb mətbuatına ötürülməsindən sonrakı addım “Saakaşvili kartı”ndan istifadə etmək oldu.

Okeanın o tayından məqsədli şəkildə Cənubi Qafqaz regionunda aranın qarışacağı, “müharibə təhlükəsi” yalanları tirajlanır və Qərbə bağlı siyasi qüvvələr bu dezinformasiyanın yayılmasında fəal iştirak edirlər. Heç şübhəsiz bu iddiaların kökündə Qərbin bölgəyə girmək, Cənubi Qafqazı nəzarətə götürmək, Paşinyanın timsalında Ermənistanı, Saakaşvilinin timsalında isə Gürcüstanı ruporuna çevirmək, Avropa İttifaqının missiyasını genişləndirmək və nəticədə Ermənistanda hərbi mövcudluğunu təsdiqləmək niyyətləri dayanır.

Baş verənlər bir daha əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın yürütdüyü müstəqil, balaslaşdırılmış xarici siyasət kursu tarixi Zəfərimizin və daxili sabitliyin qarantı olmaqla yanaşı, ölkəmizə uzanan “qara əllər”in baltası rolunda çıxış edir. Məhz bu uğurlu və çoxvektorlu diplomatik siyasət bütün dünyaya mesajdır ki, heç bir qüvvə Azərbaycanın daxili işlərinə qarışa və ölkəmizi istədiyi oyunlara çəkə, alət edə bilməz. Gürcüstan iqtidarının başında Saakaşvili olsaydı, postsovet məkanının amansız və qanlı müharibəsi Ukraynada deyil, bəlkə də Gürcüstanda olacaqdı. Bəlkə də elə Saakaşvilini yola salmaqla, potensial Rusiya-Ukrayna müharibəsinin qarşısı alındı.

Azərbaycana qarşı da oxşar təzyiqlər az olmayıb. Dəfələrlə daxildə iğtişaşlar yaratmağa, ölkəmizə yerləşdirmiş olduqları emissarları vasitəsilə ölkəni parçalamağa cəhdlər olub. Hətta vəziyyət o yerə gəlib çatıb ki, ABŞ Konqresi “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş də qəbul edib. Sovetlər İttifaqının çöküşündən sonra ABŞ və müttəfiqləri etnik münaqişələrdən faydalanarkən ölkəmiz əleyhinə total “dezinformasiya terroru”nu həyata keçirməklə məşğul olublar. Necə ki, bu siyasət bu gün də davam edir. Regional “geosiyasət qurucuları” prosesə intensivlik qazandırmaq üçün bəhanə, bölgəni idarə etmək üçün yollar axtarırlar.

Beynəlxalq münasibətlər sistemi gərgindir, dünyanın qlobal bölgüsü gedir. Anlayırlar ki, Rusiya-Ukrayna müharibəsindən sonra dünyada yeni formasiyalar meydana gələcək. Qərb mərkəzli dünyadan çoxqütblü dünyaya gedirik. Bu isə ABŞ və müttəfiqləri üçün sonun başlanğıcı deməkdir. Artıq nə demokratiya imitasiyaları keçərli olacaq, nə də insan haqları adı altında bəşəriyyətin məhvə sürüklənməsi texnologiyaları. Qərb dairələri üçün belə bir həssas şəraitdə hər hansı ölkənin müstəqil siyasət yürütməsi, dünyanın bölüşdürülməsi uğrunda mübarizədə tərəf olmaması, neytrallığını qoruyub saxlaması böyük cəsarət və qətiyyət tələb edir. Məhz bu cəsarət və qətiyyətinə görə də, Azərbaycana qarşı təzyiqlər davam edir.

Azərbaycanın isə mövqeyi məlumdur. Prezident İlham Əliyevin söylədiyi kimi – Heç kim bizimlə təzyiq dilində və tonunda danışa bilməz!

Müəllif: Azər Niftiyev