Rusiyada payız seçkiləri: “Moskva baharı” və Kremli gözləyən təhlükələrbackend
Siyasət
294

Rusiyada payız seçkiləri: “Moskva baharı” və Kremli gözləyən təhlükələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zərdüşt Əlizadə: “Putin müqaviməti elə qırıb, müxalifəti də elə əzib ki…”

 

Qabil Hüseynli: “Rusiyada anti-Putin əhval-ruhiyyəsi pik həddə çatıb”

 

Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 19-da Dövlət Dumasına seçkilərin keçirilməsi ilə bağlı fərman imzalaması barədə məlumat vermişdik. Qeyd edək ki, 166 üzvdən ibarət ikipalatalı Federasiya Şurası üzvlərinin bir hissəsi birmandatlı dairələrdən, digər hissəsi isə partiya siyahılarına əsasən 4 illik müddətə seçilən 450 deputatdan ibarət Dövlət Duması tərəfindən təşkil olunur. Seçicilər seçki dairəsindən keçən namizədlə yanaşı, həm də partiyaya səs verirlər.

 

Dünyanın iki böyük nüvə dövləti – ABŞ və Rusiya arasında münasibətlərin gərginləşməsi fonunda Rusiyada keçiriləcək seçkilərə beynəlxalq maraq böyükdür. ABŞ-ın yeni Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putini qatil adlandırması, bir neçə gün öncə keçirilən Cenevrə görüşü zamanı tərəflərin razılığa gələ bilməməsi, Baydenin görüşü vaxtından əvvəl tərk etməsi münasibətlərin bərpası istiqamətində gözləntiləri də puça çıxarıb. Baxmayaraq ki, görüşöncəsi bəzi ekspertlər Çin amilinə görə, tərəflərin razılığa gələcəyi və qarşılıqlı güzəştlərə gedəcəklərini ehtimal edirdilər.

 

Bu arada Rusiya müxalifətinin lideri adlandırılan bloger Aleksey Navalnının zəhərlənməsi, ardınca Almaniyaya məxsus təyyarə ilə Berlinə aparılması, Moskvaya qayıtdıqdan sonra həbs edilməsi, hazırda həbxsana şəraitində həyatına təhlükə olması Qərb-Rusiya münasibətlərində yeni gəlişmələrə səbəb olub.  Vladimir Putinin ABŞ-ın “NBC News” televiziyasına müsahibə zamanı söylədiyi “Navalnının 32 aylıq məhbəs həyatını salamat başa vuracağına təminat verə bilmirik. Navalnı əgər ölərsə, həbsxanada olan istənilən adamdan pis münasibət görməyəcək” fikirləri sərt təpkilərlə qarşılaşıb. “Navalnının ölümü Rusiyanın təməl fundamental insan hüquqlarına əməl etmək niyyəti olmamasının daha bir əlaməti olar. Bu, bir faciə olar, dünyanın qalan hissəsi və mənimlə münasibətlərə zərbə vurar” deyən Bayden isə baş verənlərin fonunda rəsmi Kremli yenidən tənqid edib.

 

Ehtimallar var ki, Rusiyada keçirilən seçkilər fonunda ABŞ və Qərb daxildə olan narazılıqları artırmağa çalışacaq. Bəs, görəsən Belarusda yaşanan hadisələrin Rusiyada da təkrarlanması gözlənilirmi?

Zərdüşt Əlizadə: “Bu halda Putin Paşinyana deyəcək ki, artıq gecdir...” –

AYNA-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib ki, Rusiyada seçkilər sakit şəraitdə keçiriləcək: “Rusiyada seçkilər həmişə ənənəvi qaydada keçirilir və bu dəfə də belə olacaq. Hər hansı ciddi dəyişiklikləri gözləməyə dəyməz. Düzdür, bəzi ehtimallar səsləndirilir ki, guya Rusiyada da Belarusda yaşananlar baş verə bilər. Bu, qətiyyən mümkün deyil və tamamilə istisna olunur. ABŞ və Qərb Belarusda nəyə nail oldu ki, Rusiyada da nəyə nail olsunlar?! Digər yandan Rusiya Belarus deyil. Putin daxili müqaviməti elə qırıb, müxalifəti də elə əzib ki, hansısa Belarus və digər ssenarilərin Rusiyada tətbiq olunması faktiki mümkün deyil. Odur ki, seçkilər plana uyğun şəkildə, siyahılar tutularaq baş tutacaq. Necə ki, bundan qabaq olurdu, Putin kimləri istəyirdi, Dumaya seçdirirdi, bu dəfə də belə olacaq. Bunun əksini düşünmək sadəlövhlük olardı”.

 

“ABŞ-Rusiya münasibətlərinə gəldikdə isə bu narazılıqlar artan xətlə davam edəcək. Lakin Bayden ilə Putin arasında keçirilən Cenevrə görüşü zamanı bəlli oldu ki, Qərbin Rusiyaya təzyiq imkanları çox aşağıdır. Rəsmi Kreml ənənəvi siyasətini davam etdirəcək. Lazım gələrsə, zor aparatını da işə salacaq. Yəni, bu seçkilərdən ümidlənməyə, uzaqgörən nəticələr çıxarmağa dəyməz. Bir halda ki, Rusiya bu gün digər dövlətlərdə, misal üçün elə Belarusda, diktator rejimləri qorumağa müvəffəq olur, onun özünün hər hansı təhlükə ilə üzləşəcəyini ehtimal etmək mənasızdır. Təbii ki, ABŞ və Qərb müəyyən fikirlər səsləndirə bilər. Lakin bu, ümumilikdə nə seçkilərin nəticələrinə, nə də Rusiyanın yürütdüyü ənənəvi siyasi kursa təsir edəcək. Hər şey olduğu kimi qalacaq”, – deyə analitik bildirib.

 

Rusiyanın Ukrayna məsələsində rolundan danışan Əlizadə əlavə edib ki, Ukrayna federallaşmağa məcburdur: “Yəqin ki, rəsmi Kiyev Minsk razılaşmasına əməl etməli olacaq. Minsk razılaşması odur ki, Ukrayna güzəştlərə getməli, federallaşmalıdır. Xüsusi qanun qəbul edilməli, Donetskə müstəsna hüquqlar verilməlidir. Krımın qaytarılacağı məsələsində isə qətiyyən nikbin deyiləm”.

Image result for qabil Hüseynli

AYNA-nın digər həmsöhbəti, politoloq Qabil Hüseynli isə fərqli düşünür. O, hesab edir ki, payız seçkiləri gərgin atmosferdə keçəcək: “Bilirsiniz ki, Dumaya seçkilər yeni qaydalar əsasında həyata keçiriləcək. Qanunvericilik və Seçki Məcəlləsi elə mürtəce hala salınıb ki, faktiki olaraq müxalif fikirli insanların iştirakı mümkün deyil. Anti-Putin mövqeyində dayanan şəxslərin qeydiyyata alınması çox müşkül məsələdir. Bütün bunlar deməyə əsas verir ki, bu seçkilərə həm beynəlxalq birlik, həm də rus müxalifəti kəskin etiraz edəcək. Rusiya müxalifətinin lideri adlandırılan bloger Aleksey Navalnının həbsdə saxlanılması, ona və tərəfdarlarına qarşı həyata keçirilən repressiv siyasət narazı ovqatı daha da artacaq. Rusiyada anti-Putin əhval-ruhiyyəsi pik səviyyəyə çatıb. Əhali artıq Putinlə bağlı lətifələr qoşmağa başlayıb. Yəni, Putin bu gün folklora düşüb. Mənim qənəatimə görə, o siyasi lider ki folklara düşüb, onun siyasi perspektivləri ilə bağlı optimist fikirlər səsləndirmək mümkün deyil”.

 

Siyasi şərhçinin fikrincə, Rusiyadakı seçkilərin hansı nəticələrə gətirib çıxaracağı barədə indidən birmənalı proqnoz vermək mümkün deyil: “Bu, Qərbin münasibətindən asılı olacaq. Əgər ABŞ və Qərb israr edəcəksə, çox şeylər dəyişə bilər. Hesab edirəm ki, onlar bu prosesə ciddi təkan verəcəklər”.

 

“Bu gün Rusiyada 250 millət yaşayır. Onların 80 faizindən çoxu türk mənşəli xalqlardır. Bu xalqların milli şüuru inkişaf edib, özünüdərk prosesi sürətlə gedir. Bu nöqteyi-nəzərdən Rusiyada millətlərarası və sosial zəmində gərginliyin artacağı istisna edilmir. Ancaq heç kim bilmir ki, bu işə hansı səviyyədə qol qoyacaqlar. Görünən odur ki, bu gün həm ABŞ, həm də Qərbin Rusiya ilə çox ciddi problemləri var. Bu xüsusda onların müşahidəçi mövqe tutacaqlarını güman etmirəm. Bu seçkilərdə başlanan müqavimət hərəkatı bu gün olmasa da, yaxın gələcəkdə Putin iqtidarının taleyini müəyyən edəcək”, – deyə Hüseynli vurğulayıb.