Zalımların bəraət, məzlumların ədalət tələbibackend
Cəmiyyət
734

Zalımların bəraət, məzlumların ədalət tələbi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gözünüzün qarşısında bu qədər acı örnək varkən, vətəndaşları incitməyə, məzlumun ahını almağa, insanların heysiyyatı ilə oynamağa son qoyun!

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Məhkəmənin qarşısında çəkilən kadrlardan görünür ki, keçmiş nazir ictimaiyyətin hədəfinə tuş gəlməmək üçün sürətlə irəliləyir.

Onun nazirliyə rəhbərliyi dövründə yalnız bir müşavirədə mətbuatın iştirakı təmin edilib ki, həmin toplantıda da Müslümov nazirliyin əməkdaşlarını “ağ yuyub, qara sərib”. “Haqqı pozulan vətəndaşın dostu”, “ədalət çarçısı”, “tələbkar məmur” obrazı ilə gündəmə gəlməyə çalışan sabiq nazirin dövründə haqqı çatanlar pensiya və sosial müavinət almadığı halda, evi və maşını olanlar, aylıq kifayət qədər gəlir əldə edənlər bu imtiyazlara sahib olublar. Səlim Müslümovun vəzifədən uzaqlaşdırılmasından sonra isə nazirlikdə araşdırmalar aparılıb.

Məlum olub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) minlərlə insana saxta pensiya kəsib, minlərlə ehtiyaclı vətəndaş isə Allahın ümidinə buraxılıb. Rəsmi açıqlamalara görə, digər dövlət qurumlarında, misal üçün, sürücülük vəsiqəsi almaq üçün tələb olunan arayışlarda sağlam çıxan vətəndaşlar adıçəkilən nazirlikdə əlil kimi qeydiyyata düşüblər. Düzdür, Səlim Müslümov yola salınandan sonra həmin saxta pensiyalar kəsilib, lakin ƏƏSMN bu gün də ictimaiyyətin ən çox narazı qaldığı dövlət qurumlarından biri olaraq qalmaqdadır.

44 günlük Vətən müharibəsində iştirak edən, öz sağlamlıqlarını torpaqlarımızın azadlığı yolunda itirən qazilərimizin hüquqlarının pozulması, onların sosial tələblərinin qulaqardına vurulması, nazir Sahil Babayevin bununla bağlı suala cavab verməkdən imtina etməsi bir daha göstərir ki, ƏƏSMN-də ciddi bir islahat aparılmayıb. Necə ki, toplananların yerini dəyişdikdə cəm dəyişmir, bu nazirlikdə də yalnız şəxs dəyişikləri baş verib.

Qurumdan narazılıq dalğası bu gün də davam etməkdədir. Onlarla müharibə qazisinin ötən iki il ərzində intihar etməsi, düşmənin qarşısında sipər olanların sosial problemlərin qarşısında aciz qalması, bundan dolayı öz canlarına qəsd etməsi məhz belə bir “xidmətin” nəticəsində mümkün olub.

Azərbaycanda mövcud olan problemləri xronoloji ardıcıllıqla sıralasaq, heç şübhəsiz, ilk yerlərdən birini məmur özbaşınalığı tutacaq. Bu gün ölkədə korrupsiyanın da, inhisarçılığın da, satınalmalar zamanı dövlət vəsaitlərinin qəsb olunmasının da, vətəndaşların süründürməçiliyə salınmasının da, düşünən beyinlərin xilas yolunu mühacirətdə görməsinin də, layiqsiz kadrların önə çəkilməsinin də, istedadlı insanların məqsədli şəkildə iyrəndirilməsinin də – bir sözlə, bəlalarımızın əksəriyyətinin əsas səbəbi məmur oliqarxiyasıdır. Məhz onların sayəsində Azərbaycan vətəndaşı özünü güvəndə hiss etmir, hər hansı probleminin həllini qanunlarda və qanunvericilikdə deyil, məmurlarla yaxınlaşmaqda görür. Çünki alternativi yoxdur və məhz alternativi olmadığına görə də, ya məmurların qurbanına, ya “ortağına” çevrilir.

Vəzifədə olanda bu günün təntənəsi ilə yox, sabah özünün də düşə biləcəyi vəziyyəti nəzərə alaraq yaşamaq lazımdır. Nə olar, adam bir gün vəzifəyə gələr, sabah vəzifədən azad edilər. Elə etmək lazımdır ki, adının qarşısında sabiq sözü yazılanda, hamı “yaxşı rəhbər idi, təvazökar adam idi” deyib, ehtiramla səni ansınlar. Yoxsa “kimə gəldi daş atım, yerli-yersiz insanları incidim, onların lənətini qazanım” – bu, heç kimə başucağlı gətirməyib və gətirməyəcək.

Vaxt var idi, Səlim Müslümovun, Ramiz Mehdiyevin, Əli Həsənovun, Vüqar Səfərlinin və digərlərinin qılınclarının dalı da kəsirdi, qabağı da. Fikirləşirdilər ki, əbədi imtiyaz əldə ediblər. Kimin istəsələr “torbasını tikə” bilərlər, kimi istəsələr “tasa otuzdura” bilərlər, kimi də istəsələr təhqir edə bilərlər. Lakin günlərin birində ayıldılar ki, artıq “lələ köçüb, yurdu qalıb”.

Səlim Müslümov, Vüqar Səfərli, icra başçıları – hamısının məhkəməsində bir epizod diqqət çəkir: onların hər biri günahı olmadığını bəyan edir, bəraət istəyir.

Bu dünyada insanlar başqaları üzərində “qələbə qazanmaqla” digərlərinin qisasını alırlar. Bunun adına isə ilahi ədalət deyilir. Bir gün bu ilahi ədalət özünü göstərir və əbədi imtiyaz edənləri “ədalətin carçısı”na çevirir. Onda isə artıq gec olur. Çünki nə əvvəlki gücləri qalır, nə təsirləri, nə də ətrafları. Sabun köpüyü kimi hamısı bir anda partlayıb gedir.

Nəhayət, gözünüzün qarşısında bu qədər acı örnək varkən, vətəndaşları incitməyə, məzlumun ahını almağa, insanların heysiyyatı ilə oynamağa son qoyun, cənablar! Unutmayın ki, bir gün siz də sələflərinizin taleyini yaşayacaqsınız. Və bir gün siz də imdad istəyəcəksiniz. Nə qədər gec deyil, düşünün – bəlkə, gec də olsa, sizi bağışlayarlar deyə.

Zaman isə gözləmir, öz sürətində və axarındadır! Əgər sabah məhkəmə binalarının qarşısında Müslümov kimi ictimai qınağa tuş gəlməmək üçün sürətlə gözdən itmək istəmirsinizsə, bu gün sürətinizi azaldın!

Müəllif: Azər Niftiyev