100 minlik evlilik təklifi edən azərbaycanlı kimdir? – TƏFƏRRÜATbackend
Cəmiyyət
339

100 minlik evlilik təklifi edən azərbaycanlı kimdir? – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıdakı təmtəraqlı və qeyri-adi evlilik təklifi ilə bağlı videogörüntülər ictimaiyyətdə rezonans doğurub. Paytaxtın məşhur otellərindən birində baş tutan evlilik təklifi dəbdəbəsi ilə göz oxşayıb.

Böyük hissəsi dronla çəkilən və video çəkilişləri məşhur fotoqraf-rejissor Cəlal Kəngərliyə məxsus olan kompozisiyaya 100 mindən çox pul xərcləndiyi iddia olunur. Sosial şəbəkələrdə ciddi müzakirə yaradan məsələyə görə evlənmək istəyən gənc sərt qınaqla qarşılanıb. Gəncin ünvanına tənqid yağdıran sosial şəbəkə istifadəçiləri möhşətəm video üçün xərclənən bu qədər vəsaitin Qarabağ Dirçəliş Fonduna, qazi və ya şəhid ailələrinin ehtiyaclarının qarşılanmasına sərf olunmasını məqbul sayıblar.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı bizim.media-ya danışan video-görüntü müəllifi Cəlal Kəngərli sözügedən gəncin adını açıqlamasa da, onun əslində yardımsevər biri olduğunu və neçə-neçə imkansız ailələyə maddi dəstək verdiyini bildirib:

“İnsanın bilmədiyi şeyi danışması özü bir günahdır. Mənim tanıdığım 15 ailə var ki, o gənc daimi olaraq onlara köməklik edir. Müharibə vaxtı rəsmi yardımlarını  edib, qazilərə də maddi dəstəyini əsirgəməyib. Elə gün olub ki, hava limanında  adam yaxınlaşıb ki, “biletimi itirmişəm”, çıxarıb onun biletini alıb. Belə ürəyə sahib olan bir gəncdir. 10 yaşında atasını itirib. Hər bir şeyi sıfırdan özü edib və həyatı kifayət qədər çətinliklə keçib. Təbii olaraq bu gün sevdiyi insana belə bir evlilik təklifi edir”.

Cəlal Kəngərli videoya 100 min manat xərclənməsi məsələsinə də münasibət bildirib. O, deyib ki, evlilik təklifi ilə bağlı kompozisiyaya 40 min 800 manat pul xərclənib:

“100 min iddiası doğru deyil. O gənc yaxından tanıdığım biridir. Sadəcə xərcləri o qədər tutub, şirkət xərclərini əlavə etməmişik. Normalda adi müştəri üçün belə görüntüləri 50-60 min manata edirik”.

Fotoqraf məşhur gənclə bağlı da məlumat verib. O, Türkiyədə iş adamı olan gəncin Azərbaycanda yaşamadığını deyib:

“Türkiyədə biznesmendir. Adam Moskvada göyərti satmaqdan tutmuş hər şeyə qədər gedib və bu gün böyük iş adamıdır. Heç bir məmur oğlu və ata “şotu”na yaşayan biri deyil. Həyatını sıfırdan quran bir insandır. Xanımı da sadə bir vətəndaşdır və azərbaycanlı iş adamının qızıdır”, deyə rejissor əlavə edib.