“Microsoft”un qurucusu Bill Qeyts və həyat yoldaşı Melindanın boşanması amerikalı pedofil milyonçu Cefri Epşteynlə təmasları ilə əlaqəli ola bilər.
APress.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.
Nəşrin həmsöhbətlərinə görə, Qeytsin Epşteynlə əlaqələri Melinda üçün narahatlıq səbəblərindən biri olub. İddiaya görə, Melindanın qorxuları 2013-cü ildə cütlüyün cinsi istismar məqsədi ilə azyaşlı alverində ittiham olunan milyonçu ilə ilk görüşündən sonra başlayıb.
Nəşr Melinda Qeytsin 2019-cu ildə Bildən boşanma ilə bağlı hüquqşünaslarla məsləhətləşməyə başladığını və evliliklərini “geridönülməz şəkildə məhv edilmiş” adlandırdığını yazıb. Xüsusilə, 2019-cu ilin oktyabrında milyonçuya təcavüz ittihamı irəli sürüldükdən sonra Qeyts və Epşteyn arasında bir neçə görüş haqqda mediada məlumat yayıldıqdan sonra Melinda vəkillərlə bir neçə dəfə danışıb. Həmin ərəfədə Bill Qeytsin peşmançılıq keçirdiyi və Epşteynlə görüşünün səhv olduğunu etiraf etdiyi iddia edilib.
Qəzet bildirib ki, Bill və Melinda boşanmalarının əsl səbəblərini açıqlamaqdan imtina edirlər.
Bill Qeyts və həyat yoldaşı Melinda boşanacaqlarını mayın 4-də elan ediblər. Boşanma üçün vəsatət qaldıran tərəf Melindadır. Onun dediyinə görə, Qeyts ilə evliliyi geridönülməz şəkildə dağılıb.
Qeyd edək ki, Cefri Epşteyn 14 və daha azyaşlı qızları cinsi istismarda və istismar etməsinə imkan verən cinayətkar şəbəkə yaratmaqda ittiham olunur. Bəzi məlumatlara görə, o, 2019-cu ilə qədər insan alveri ilə məşğul olub. Amerikalı maliyyəçi 2019-cu ilin iyul ayının 6-da Nyu-Yorkda saxlanılıb. Elə həmin ilin avqust ayında məhkəmənin başlamasını gözləmədən həbsxana kamerasında intihar edib.