“Əgər bütün dünya sadə menyu ilə toy təşkil edirsə, biz niyə özümüzdən ənənə icad edirik? Toy sahibləri şənlik boyu niyə pul dərdi çəkməlidir?”.
Bu sözləri Sfera.az-a açıqlamasında sosioloq Lalə Mehralı deyib.
Sosioloq təmtəraqlı toyların insanların büdcəsinə ziyan verdiyini və bu ənənədən imtina etməyin vacibliyini vurğulayıb:
“Bu günlərdə Naxçıvanda toyların yalnız çay və şirniyyatla baş tutması ilə bağlı xəbər oxudum. Bilmirəm, bu, nə dərəcədə doğrudur, lakin baş tutarsa çox gözəl addım olar. Əgər bütün dünya sadə menyu ilə toy təşkil edirsə, biz niyə özümüzdən ənənə kəşf edirik, bu maraqlıdır. Yəni toyda bir cür yemək, bir cür içkinin olması kifayətdir. 10 cür qəlyanaltı, 10 cür içki təbii olaraq çox büdcə tələb edir və bu da toy sahiblərinin yüksək nəmər gözləməsinə gətirib çıxarır. Bu halda toy etmirsən, kənardakılar sənin toyunu təşkil edir. Düzdür, toy gözəl adətdir, amma toyu elə hala gətirməyək ki, toydan sonra oturub necə dolanmağı düşünək. Menyunu azaltmaqla, ifrat adətləri aradan qaldırmaqla yaxşı nəticə əldə etmək olar”.
Sosioloq 50 nəfərlik toyların keçirilməsinin trendə çevrilməsinin yaxşı nəticələnəcəyini deyib: “50 nəfərlik toy trendi məşhurlaşsa əla olar. Belə toyda nə hay-qışqırıq olacaq, nə də sıxlıq. Yəni, 50 nəfərlik toyu çox elit formada təsəvvür edirəm. Qonaq sayı və menyu nizamlansa, kifayət qədər yaxşı formada toy təşkil etmək olar. Bundan başqa bahalı şadlıq sarayı seçəndə də diqqətli olmaz lazımdır.
Bakıda elə şadlıq sarayı var ki, bir nəfərlik stulun qiyməti 50 manatdır, eləsi də var ki, 200 manatdır. Əgər mən qonağın büdcəsini nəzərə almadan restoran seçirəmsə, onu da gözə almalıyam ki, toydan zərərlə çıxacam. Yəni, qonaq da borclu deyil ki, toya 200, 500 manat pul yazdırsın. Valideynlərin əksəriyyəti, gəlin və bəy toyda əylənə bilmir, toy boyu düşünürlər ki, görəsən toyun pulunu çıxara biləcəyəmmi? Bu əylənmək deyil, özünə zülmdür. Ümumiyyətlə, toyu ən sadə menyu ilə uyğun bir şadlıq sarayı ilə etmək mümkündür”.