İyulun 28-də səhər saat 09:45 radələrində Səbail rayonu, Salyan yolu 5 ünvanında 99 AA 323 nömrəli “Mercedes Maybach” markalı avtomobillə piyada vurulub. Hadisə zamanı piyada, 1941-ci il təvəllüdlü İsmayılov Vardar Muxtar oğlu vəfat edib.
Hadisəni törədən şəxsin Xəzər rayon sakini, 1967-ci il təvəllüdlü Muradov Gülməmməd Məmməd oğlu olduğu müəyyən edilib.
Kürü və balıq məhsulları istehsal edən “Caspian Fish” şirkətinin vəzifəli şəxsi G.Muradov günahsız olduğunu bildirib. “Caspian Fish” şirkəti Gilan Holdinqə daxildir və sonuncu məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın adamı Əhədpur Mənuçehr şirkətin prezidentidir.
Piyadanın vurulması ilə bağlı başlanan istintaq qəzanı törədən G.Muradovu sərbəst buraxıb.
Gülməmməd Muradovun adı daha öncə dələduzluq işində zərərçəkmiş kimi hallanıb. O, DİN-in Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis pokovniki Fərhad Məmmədxanova 150 min manat verib aldadıldığını bildirmişdi. Bununla bağlı F.Məmmədxanovun məhkəməsində iştirak edərək ifadə də verib. // “Qafqazinfo”