“İran xalqının mesajı dəyişiklik, korrupsiya, yoxsulluq, ayrı-seçkiliklə mübarizə və ədalətin icra olunması ilə bağlıdır”.
APress.az məlumatına görə, bunu İranın yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisi bu gün keçirdiyi ilk mətbuat konfransında deyib.
O bildirib ki, koronavirus pandemiyasına baxmayaraq, xalqın seçkilərdə aktiv iştirakı düşmən tərəfindən yaradılmış psixoloji müharibəyə və ölkə daxilində bəzilərinin iqtisadi vəziyyətdən şikayətinə cavab idi.
Hökumətin xarici siyasətindən danışan yeni Prezident bildirib ki, xarici siyasət Hərtərəfli Birgə Fəaliyyət Planı ilə başlamır və onunla da bitməyəcək: “ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planını pozub və bu plana əsasən bütün sanksiyaları ləğv etməyə borcludur”.
İ. Rəisi bəzi Qərb ölkələrinin ona qarşı irəli sürdüyü ittihamlara da toxunub, qeyd edib ki, insan haqlarını həmişə diqqətdə saxlayıb: “Onlar məni ittiham edirlər, mən də onlara deyirəm ki, bu gün biz iddiaçıyıq. Hücumlar qarşısında duran prokuror və hakim alqışlanmalıdır. Mən də xalqın mənafeyini müdafiə etmişəm”.
Unikal.org