ABŞ-da olan xanım şirkət rəhbəri Bakıya qayıtdı, həbs edildi, azadlığa buraxıldı, zərərçəkənlər isə narazıdır – TƏFƏRRÜATbackend
Cəmiyyət
264

ABŞ-da olan xanım şirkət rəhbəri Bakıya qayıtdı, həbs edildi, azadlığa buraxıldı, zərərçəkənlər isə narazıdır – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyada yerləşən “International Group for Educational Consultancy” (IGEC) şirkətinin Bakı nümayəndəliyinin (IGEC MMC) rəhbəri Ülviyyə Cəlilzadə axtarışa verildikdən sonra Azərbaycana qayıdıb. Həbs edilən Ülviyyə Cəlilzadə sonra ev dustaqlığına buraxılıb. Zərərçəkənlər isə istintaqın gedişindən narazıdır.

Musavat.com xəbər verir ki, Ülviyyə Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq; təkrar törədildikdə), 178.2.4 (dələduzluq; xeyli miqdarda zərər vurmaqla törədildikdə) və 308.1-ci maddələri ilə cinayət işi açılıb.

Bildirək ki, Ülviyyə Cəlilzadə Bakı Şəhər sakinləri Telman Əmirovun 23 min dollar, Nərmin İbadullayevanın 12 min 200 dollar, Vüqar Seyidovun 3 min manat, Elvin Şirinovun 1700 dollar və daha 5 nəfərin ayır-ayrı məbləğlərdə pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Zərərçəkmiş şəxslər pulları Ülviyyə Cəlilzadəyə Kanada və ABŞ-a təhsil almaq məqsədi ilə veriblər.

Belə ki, Cəlilzadə Kanada və ABŞ-da yerləşən universitet və kolleclərlə partnyorluq müqavilələrinin olduğunu bildirib. O, həmin şəxsləri universitet və kolleclərdə təhsil almağa göndərəcəyini vəd edib.

Vədinə əməl etməyən Ülviyyə Cəlilzadə həmin şəxslərin vəsaitini də geri qaytarmayıb. Adı çəkilən zərərçəkmişlərin şikayətinə əsasən Ülviyyə Cəlilzadə barəsində 2019-cu ilin oktyabr ayında Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb.

İstintaq zamanı yuxarıda adı çəkilən şəxslər zərərçəkmiş kimi tanınıb, şahidlər dindirilib və digər zəruri istintaq tədbirləri görülüb.

Xatırladaq ki, Ülviyyə Cəlilzadənin əməlləri barədə hələ ötən ilin mart ayında yazmışdıq. O zaman məlum olmuşdu ki, istintaq zamanı 1989-cu il təvəllüdlü Ülviyyə Cəlilzadə barəsində təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılıb.

Lakin Ülviyyə Cəlilzadə ölkəni tərk etmişdi. ABŞ-da olan Ü.Cəlilzadə barəsində Xətai Rayon Məhkəməsi tərəfindən həbs qərarı çıxarılmış və axtarışa verilmişdi.

Beynəlxalq şirkətin Azərbaycan üzrə rəhbəri olmağı bacarmış xanımın uğur sirri – FOTO | 1news.az | Xəbərlər

Ülviyyə Cəlilzadə

Musavat.com Ülviyyə Cəlilzadənin cinayət işi üzrə yeni təfərrüatlar əldə edib.

Məlum olub ki, Ülviyyə Cəlilzadənin cinayət işi üzrə məhkəmə araşdırması hazırda Xətai Rayon Məhkəməsində davam etdirilir.

Əldə etdiyimiz məlumata görə Ülviyyə Cəlilzadə axtarışa verildikdə sonra Azərbaycana qayıdıb. 2020-ci ilin dekabrında Bakıya gələn Ülviyyə Cəlilzadə həbs edilib. Lakin cəmi bir neçə gün sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Ülviyyə Cəlilzadə axtarışa verildikdən aylar sonra ölkəyə qayıtmasını ailəsində baş verən problemlərlə izah edib.

Hazırda onun cinayət işi üzrə məhkəmə araşdırması Xətai Rayon Məhkəməsində hakim Fərid Yaqubovun sədrliyi ilə araşdırılır.

Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər zərərçəkmiş var. Onlar arasında İran və Türkiyə vətəndaşları da yer alır. Zərərçəkmişlərə dəymiş zərərin az bir hissəsi ödənilib.

İttiham aktında yazılır ki, Ülviyyə Cəlilzadə Bakıda, “Dəmirçi Plaza”da “International Group for Educational Consultancy” (IGEC) şirkətinin Bakı nümayəndəliyinin ofisini açıb. Xaricdə təhsil adı ilə ayrı-ayrı şəxslərdən xeyli miqdarda pul alıb.

Zərərçəkənlərdən biri Rəvan Cəfərov Avstraliyada təhsil almaq üçün 21 min dolları heç bir müqavilə bağlamadan Ülviyyə Cəlilzadəyə verib. Ülviyyə Cəlilzadə pulu universitetin hesabına köçürüb. Lakin viza işi alınmadığı üçün təhsil müəssisəsi pulu geri qaytarıb. Amma Ülviyyə Cəlilzadə Rəvan Cəfərovdan aldığı 21 min dolların cəmi min dollarını geri qaytarıb.

Elşən Səfərovdan 10 min dollar alaraq ABŞ-da təhsil müəssisələrindən birinə qəbul etdirəcəyini deyib. Lakin bu vədinə də əməl etməyib və Elşən Səfərovun pulunun 5 min dollarını geri qaytarıb.

Ülviyyə Cəlilzadə istintaqda dindirilən zaman özünü dələduzluqda təqsirli bilməyib.

Zərərçəkmiş kimi tanınan şəxslərdən aldığı pulları hissə-hissə qaytardığını, bəzilərinə isə ümumiyyətlə borcunun olmadığını deyib. İş üzrə Ülviyyə Cəlilzadənin anası da şahid qismində ifadə verib.

Cinayət işinin yeni təfərrüatları ilə bağlı növbəti yazıda ətraflı məlumat verəcəyik.