ABŞ Rusiyaya qarşı kiber-hücuma hazırlaşır.
Apress.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.
İddiaya görə, Cozef Bayden hökuməti Rusiyanın “Solar Winds” kiber-hücumlarına qarşıdakı həftələrdə bir sıra kiber-hücum və iqtisadi sanksiyalarla cavab verməyə hazırlaşır.
Rusiya Prezidenti Vladimir Putinə, Rusiya ordusu və kəşfiyyat xidmətinə qarşı bir sıra gizli əməliyyatları ehtiva edən ilk böyük hücum addımının qarşıdakı ilk 3 həftə ərzində gələcəyi iddialar arasında yer alıb.
Bu addımı, eyni zamanda, bir sıra iqtisadi sanksiyalar müşayiət edəcək. C.Baydenin federal hökumət şəbəkələrinin kiber-hücumlara qarşı sağlamlaşdırılmasına dair təlimat verməsi gözlənilir.
Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Ceyk Sullivanın Pentaqona ötürdüyü gizli təlimatlar arasında kiber-təhlükəsizlik mövzusunun da yer aldığı bildirilir.
Qeyd edək ki, ötən həftə ABŞ-dakı “Microsoft” şirkətinin 30 min müştərisinin şəxsi bilgilərinin oğurlanması təhlükəsi olduğu və bunun Çin hakerləri tərəfindən həyata keçirildiyinə dair xəbər yayılmışdı.
Publika.az