“Kristal Abşeron” MTK 44 günlük Vətən müharibəsində şəhid olan Əzizov Teymur Əli oğlunun ailəsinə qarşı hörmətsizlik edib. Belə ki, Teymur Əzizov şəhid olduğuna görə ailə 5 illik daxili ipoteka krediti ilə aldığı mənzilin aylıq ödənişini ödəyə bilməyib. Şəhid ailəsinin maddi vəziyyətinin aşağı olmasını nəzərə almayan “Kristal Abşeron” MTK onlara 5800 manat cərimə yazıb.
APress.az xəbər verir ki, məsələ ilə bağlı danışan şəhid Teymur Əzizovun həyat yoldaşı Zeynəb Səmədova bildirib ki, 2018-ci ildə “Kristal Abşeron MTK”-dan 5 illik daxili ipoteka ilə mənzil alıblar:
Evin ümumi qiyməti 195 min 700 manatdır. İlkin ödəniş kimi 32 min 400 manat ödədikdən sonra yerdə qalan məbləği 5 illik daxili kreditlə 60 aya böldülər. Həyat yoldaşımın aylıq maaşı 1550 manat idi. Həyat yoldaşım Vətən müharibəsində şəhid olanadək rahat şəkildə aylıq ödənişimizi edirdik. Bununla bağlı qəbzlərimiz də var. Pandemiya dövründə də Teymur maaşını alıb, yığılan bütün borcu qəpiyinə qədər ödədi. Oktyabrda Füzuli uğrunda gedən döyüşlərdə həyat yoldaşım şəhid oldu. Füzulidən öncə Teymur Cəbrayıl, Suqovuşan, Hadrut uğrunda gedən döyüşlərdə də iştirak edib. Teymur hərbçi idi”.
Şəhidin həyat yoldaşı söyləyib ki, evin aylıq ödənişi 2750 manatdır:
“Bizim Sumqayıtda xırda biznesimiz də var. Teymurla birlikdə köməkli rahat şəkildə aylıq ödənişimizi edirdik. Teymur şəhid olandan sonra aylıq krediti ödəyə bilmədim. Müharibə başlayanda mən əkiz uşaqlara hamilə idim. Keçirdiyim əsəb və stressə görə hamiləliyimin 5-ci ayında uşaqların ürək döyüntüləri dayandı. Adəm adında 6 yaşlı bir oğlum da var. Bu gün həyat yoldaşımın aylıq 1550 manat maaşı daha yoxdur. Ona görə də “Kristal Abşeron MTK”-dan xahiş etdik ki, 60 ay ərzində mənzilin ümumi qiymətinin üzərinə faiz kimi gəldikləri 57 min manatı silsinlər.
Teymur şəhid olandan bu günə kimi biz heç bir ödəniş etməmişik. Sonuncu ödəniş sentyabr ayında olub. 9 ay pul ödəmədiyimizə görə də şirkət tərəfindən bizə 5 800 manat cərimə yazılıb. “Kristal Abşeron” MTK-dan aldığımız mənzilə görə 95 min manat pul ödəmişik. Teymur şəhid olduğuna görə “Kristal Abşeron MTK”dan xahiş etdik ki, mənzilin ümumi qiymətinin üzərinə faiz kimi gəldikləri 57 min manat faizi siləsinlər. Elə bil, bir vətəndaşa da evi faizsiz satırlar. Biz demirik ki, evi bizə bağışlasınlar. Bunu heç şəhidimiz də istəməzdi. Əgər həyat yoldaşım o “qeyrət”in yiyəsi olsaydı, bu gün bu şərəfli ad Teymura verilməzdi. Mən də istəmirəm ki, şəhidin oğlunun oturduğu ev kiminsə pulu ilə alınsın. Bizim tək istəyimiz 5 il ərzində evin qiymətinin üzərinə faiz kimi hesablanan 57 min manat və ödəmədiyimiz aylara görə yazılan 5800 manat cərimə silinsin. Yerdə qalan məbləğ faizsiz aylara bölünsün. Bəyəm “Kristal Abşeron” MTK-nın bunu etməyə qeyrəti çatmır?
Mən pulsuz heç nə istəmirəm. Bu gün bizim evimizə gələn heç kim 1 saatdan artıq otura bilmir. Oğlumun qurduğu cümlənin əvvəli və axırı “ata”dır. Biz şəhidimizin adını və qürurunu yüksək saxlamağı bacarırıq. Sadəcə vətəndaş kimi xahiş etdik ki, evin üzərinə gələn faizi silsinlər. Bu gün “Kristal Abşeron” MTK sakinlərinin 90 faizindən çoxu hərbçidir”.
Zeynəb Səmədova qeyd edib ki, əgər güzəşt edilmirsə, məktuba rəsmi cavab verilsin:
“Jurnalistlər “Kristal Abşeron” MTK-ya müraciət edəndə bizə kifayət qədər yardım etdiklərini söyləyiblər. Nə yardım ediblərsə, rəsmi şəkildə göstərsinlər. Mən ali təhsilli insanam. Nazirlər Kabinetinin qərarı var ki, yazılı müraciətə yazılı da cavab verilməlidir. Biz 9 ay bundan öncə yazılı müraciət etdik ki, həyat yoldaşım şəhid olduğu üçün biz aylıq ödənişi ödəyə bilmirik. Şirkət “Bizə yuxarı instansiyalardan göstəriş verilib ki, heç bir şəhid ailəsinə köməklik etməsinlər. Biz lazımi qədər YAŞAT fonduna pulumuzu ödəyirik. Bu səbəbdən də əlavə güzəştlərdən söhbət gedə bilməz” deyərək cavab verib. Bundan əlavə “Kristal Abşeron” MTK-ya müraciət edəndə bizə 20 min manat güzəşt edəcəklərini dedilər. Gələn aydan ödəniş etməyə başlamağı istədilər. Aylıq ödənişi də olduğu kimi, yəni 2750 manat saxladılar.
Biz “Kristal Abşeron” MTK-da Əlağa və Məhayət Nəbiyev ilə danışdıq. O söylədi ki, şəhid ailəsinə kömək edə bilmədikləri ilə bağlı bizə yazılı cavab verə bilməzlər. Əgər yazılı məktub versələr, özlərinə problem yaratmış olacaqlar”.
Sonxeber.az