Ağdam təəssüratı: “Ruhlar şəhəri”ndə DİRİLƏN RUHUMUZ – Toğrul Allahverdili yazırbackend
Bloq
141

Ağdam təəssüratı: “Ruhlar şəhəri”ndə DİRİLƏN RUHUMUZ – Toğrul Allahverdili yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Prezident İlham Əliyevin tapşırığı əsasında 27 illik erməni işğalından azad olunmuş Ağdam rayonuna səfər edən media və QHT rəhbərləri, o cümlədən, ictimai fəallardan ibarət qrupun tərkibində mübaliğəyə varmadan müqəddəs sandığım torpaqlarımıza getməyim inanılmaz, həm də təsviredilməz hisslər yaradıb.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə baş tutan Ağdam səfəri mənim üçün olduqca əlamətdar idi. Qarabağın dayağı hesab olunan, adı gələndə ermənilərin qorxuya düşdüyü, yalnız böyük xəyanət nəticəsində işğal edilən Ağdam itiriləndə mən körpə yaşlarında olmuşam. Böyüdükdən sonra isə tale mənə Qarabağda olmaq fürsəti tanımamışdı.

İndi isə bu səfər sayəsində Ağdama gedə bildim. Dünya çoxdandır ki, Ağdamı “ruhlar şəhəri” kimi tanıyır. Bəli, amalları başqa xalqlara malik nə varsa, oğurlamaq, özününküləşdirmək olan ermənilər ötən əsrin 90-cı illərinə qədər tək Azərbaycanın, tək Qarabağın yox, ümumilikdə Qafqazın say-seçmə şəhərlərindən birinə çevrilmiş Ağdamda daşı daş üstə qoymayıblar. Erməni xisləti özünü Ağdamda istisnasız, yüzdə yüz göstərib. Cəmi 30 il əvvəl görkəmi ilə göz oxşayan Ağdam indi minillik viranəni xatırladır… Bu mənzərəni sakit, qəzəb və həyəcansız seyr etmək mümkün deyil!

“Ruhlar şəhəri”ni gəzirik…

Bu da bir vaxtlar Azərbaycanın mədəni həyatında özünəməxsus yeri olan sənət məbədi – Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının qalıqları… Yaxın keçmişi göz önündə canlandırmağa çalışıram… Qayğısız soydaşlarımızın teatr mövsümündə böyük maraqla hansısa tamaşanın premyerasına yollanmalarını xəyalıma gətirirəm… Amma gördüyüm mənzərə – teatrın qalıqları qurduğum xəyalı yarıda kəsir, davamına imkan vermir…

Şəhəri dolaşdıqca yolumuz qarabağ xanlığının banisi Pənahəli xanın, Xan qızı Natəvanın dağıdılmış məqbərələrinsdən keçir.
Mənfur ermənilər bu görkəmli şəxsiyyətlərimizin məqbərələri ilə öz vəhşiliklərinə uyğun davranıblar: Məqbərələr dağıdılıb, onların sahiblərinin əbədi uyuduqları məkanda ermənilər öz adlarının sinonimi olan heyvanları saxlayıblar… Tarixin bu “biz uşaq”larından başqa nə gözləmək olar ki?

Artıq Cümə məscidindəyik.

Yarıdağıdılmış vəziyyətdə olan məscidinm insana verdiyi huzur bizi bir qədər sakitləşdirir. Şəhidlərimiz və böyük şəxsiyyətlərimiz üçün dualar edirik, Allahdan xalqımıza bir də heç bir bəla göndərməməsini diləyirik.

Artıq neçə ildir, Azərbaycanın futbol brendi statusunu qazanan “Qarabağ” futbol komandasının bir vaxtlar ev sahibi olduğu İmarət stadionu...

Bu idman məbədinin də aqibəti fərqli deyil – arena xarabazarı xatırladır. Yeri gəlmişkən, ötən dövrlərdə “Qarabağ”ın baş məşqçisi olan əfsanəvi komandir, Milli qəhrəman Allahverdi Bağırovun da məzarını ziyarət edərək, ruhunun şad olması üçün dualar etdik.

Birinci Qarabağ Müharibəsində şəhid olmuş soydaşlarımızın uyuduğu Uzundərədə İkinci Şəhidlər Xiyabanına yollanırıq. Orada da erməni vəhşiliyinin ən iyrənc üzü ilə qarşılaşırıq. Xiyaban viran qoyulub… Allahdan bütün şəhidlərimizə rəhmət diləyərək, Xiyabanın tezliklə abadlaşdırılacağına inamımızı ifadə edirik.

Səfər zamanı diqqətimizi cəlb edən bir mühüm istisna da oldu. Nədənsə, Ağdamda ayaqları dəyən hər yeri viran edən ermənilər tarixi Şahbulaq Qalasına toxunmamışdılar. Az sonra bunun səbəbini öyrəndik.

Gülməyin, oğru ermənilər Şahbulağın “əsası çar Tiqran tərəfindən qoyulan Tiqranakert” olduğunu iddia edirmişlər… Əlbəttə ki, buna təəccüblənmədik. Hər halda, hörmətli Hikmət Hacıyev sosial şəbəkə paylaşımında ermənilərin “Tiqranakert” mifini elə ustalıqla dağıdıb ki, ermənilər çətin ki bir də bu iddiaya düşsünlər.

Ağdama səfər zamanı başqa ərazilərlə tanışlıq imkanı da qazandıq. Hiddətlə qeyd olunmalıdır ki, ermənilər Ağdamda hara mümkündürsə, piyada və tank əleyhinə saysız-hesabsız minalar basdırıblar. Həmin ərazilərsdə olarkən ANAMA əməkdaşlarının əraziləri minalardan təmizləməzk üçün necə məsuliyyət və fədakarlıqla çalışdıqlarının şahidi olduq. Onların dediyinə görə, bu işləri maksimum qısa müddətdə yekunlaşdırmaq üçün əllərindən gələni edəcəklər.

Səfərin yekununda təşkil olunan çay süfrəsində dostlarla təəssüratlarımızı bölüşdük. Söhbət bir yana, amma içdiyim çayın dadı-ləzzəti bambaşqa idi… Ağdamda həyatımın ən ləzzətli çayını içdiyimə inandım.

Şübhəm yoxdur ki, yenidən qurulan Ağdamda içəcəyim çay daha ləzzətli olacaq…

        
Toğrul Allahverdili

BAKI – AĞDAM