“Rusiya istehsalı “Sputnik V” peyvəndi Avropada istehsal olunan peyvəndlərdən daha təsirli ola bilər”.
APress.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti yanında peyvəndləmə üzrə daimi komissiyanın rəhbəri Tomas Mertens bildirib.
““AstraZeneca” peyvəndində olduğu kimi, bu da adenovirus əsaslı bir preparatdır. Ancaq “AstraZeneca” peyvəndindən fərqli olaraq burada birinci və ikinci dozalar üçün iki müxtəlif viral vektordan istifadə edilir”,- deyə T. Mertens qeyd edib.
“Sputnik V”nin effektivliyini vurğulayan Mertens, peyvəndin 90%-dən çox infeksiya hallarının qarşısını almağa qadir olduğunu vurğulayıb.
Onun sözlərinə görə, dərman birinci və ikinci dozada iki fərqli viral vektordan istifadə edilməsi, bədənin immun reaksiyası səbəbindən mümkün effektivliyin itirilməsinin qarşısını alır.
Mertens peyvəndin Avropa İttifaqında istifadəsi üçün təsdiqlənəcəyinə ümid edir.
“Sputnik V”ni yaxşı bir peyvənd adlandıran Tomas Mertens rus alimlərin vaksin yaratmaqda böyük təcrübəyə sahib olduğunu da sözlərinə əlavə edib.
Xatırladaq ki, “Sputnik V” hazırda Avropa Dərman Agentliyində ekspertiza sınaqlarından keçir. Təşkilatın təsdiqləyəcəyi təqdirdə, peyvənd bütün Aİ ölkələrində istifadə oluna bilər.