Dövlət Miqrasiya Xidməti (DMX) Almaniyadan gətirilən Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb.
Qurumun İctimaiyyətlə əlaqələr idarəsindən APress.az-a bildirilib ki, iyunun 1-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 28 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.
Qeyd olunub ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.