Almanların sevimlisi, fransızların düşməni olan “casus rəqqasə” – Mata Hari kim olub?
Ötən gün Niderlandın Rotterdam şəhərindəki “Ahoy Arena”da “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.
Azərbaycanı “Avroviziya”da təmsil edən Samirə Əfəndi səhnəyə 14-cü çıxıb. O, “Mata Hari” adlı mahnı ilə finala vəsiqə qazanıb.
Bəs bir çox ölkənin diqqətini özünə cəlb edən Samirə Əfəndinin ifa etdiyi “Mata Hara” mahnısının kökü hara gedir? Mata Hari kimdir?
azxeber.com mövzu ilə bağlı araşdırma aparıb.
Tam adı Marqareta Qertruda Zelle olan və 1876-cı il avqustun 7-də Hindistanın cənubundakı Malabar sahilində dünyaya gələn Mata Hari rəqqasədir. Atası o dövr üçün tanınmış bir tacir, anası varlı, gözəl və mehriban bir qadın olub.
Mata Hari adı malay dilində “şəfəq gözü”, hind dilində isə “şəfəq alması” mənalarını verir.
Daha sonra atası başqa bir qadın üçün evi tərk edib. Anasını itirdikdən sonra Mata Hari çətin həyat şəraiti ilə üz-üzə qalıb. Bundan sonra həyatında xeyli dəyişikliklər baş verib.
Marqareta 18 yaşında müəllimlər məktəbində oxuyan zaman müdiri gözəl və istedadlı şagirdinə aşiq olur. Ancaq Marqareta köhnə direktorunun nağıllarına uymur.
Bir müddət sonra məktəbdən çıxaraq La Haye-də yaşayan əmisinin yanına gedir. Onun arzusu burada bir zabitlə evlənmək olur. Daha sonra qəzetlərin birində İndoneziyanın Hollandiya müstəmləkəsində olan və La Haye-də məzuniyyətdə olan bir kapitanın evlənmək istədiyi elana rast gəlir. Bu, onun axtardığı fürsət olur.
Əslində, elan sadəcə bir zarafat idi. Kapitanın dostlarından biri olan bir jurnalist də bu elanı uydurur və qəzetə qoyur. Bu elandan sonra Mata Hari kapitana məktub göndərməyə başlayır. Göndərdiyi 15 məktubdan yalnız biri kapitanın diqqətini çəkir. Bu məktuba Mata Hari öz şəklini də qoymuşdu. Onlar bir-birlərini gördükdən sonra aşiq olur və evlənirlər. Bu zaman Matanın 19, yoldaşı Rudolfun isə 39 yaşı var idi. Daha sonra bu evlilikdən Norman adlı bir oğul və Marie Jean adlı bir qızları da dünyaya gəlir.
Hər şeyin normal getdiyi günlərin birində Norman zəhərlənərək dünyasını dəyişir. Bu hadisədən sonra onların həyatı cəhənnəmə dönür. 1902-ci ildə Hollandiyaya gələrək boşanırlar.
Bundan sonra Mata Hari xoşbəxtlik axtarışında idi. Ərindən aldığı alimentin yetərli olmadığı üçün 1903-cü ilin sonlarında Parisə getməyə qərar verir. Buraya gəldikdən sonra həyatının sevgi və rəqslə davam edəcəyini düşünürdü. Məclislərdə iştirak etməyə başlayan Mata Hari hindlilərin müqqəddəs rəqslərini təqdim edirdi. Öz gözəlliyi və dərin bilikləri ilə hər kəsi heyran qoyan Mata Hari tarixi səhnələrdə yer alırdı. Daha sonra Mata rəqqasə həyatını dayandırır və “seks işçisi” olmaq qərarına gəlir.
1916-cı ildə Mata rus kapitan Maslovla tanış olur və ona aşiq olur. Təəssüf ki, Maslov müharibədə bir gözünü itirir. Bəzi mənbələrə görə, məhz bu gündən sonra Mata sevgilisini görmək üçün Fransa adından Almaniyaya qarşı casusluq etməyə razılaşdığını yazır. Fransa kəşfiyyatı ona lazımi məlumatları verəcəyi təqdirdə Masovu görə biləcəyini söyləyir.
Həmin illərdə Fransada vətənpərvərlik demək olar ki, bir təriqətə çevrilmişdi. Kənardan ölkəyə gələn hər kəs casus görünürdü. Onların Mata Hari ilə bağlı şübhələri də çox keçmir ki, sübut olunur. Mata nə qədər də çalışsa, Fransa kəşfiyyatının ümidlərini doğrulda bilmir.
Bundan sonra Almaniya kəşfiyyatı Birinci dünya müharibəsi ərəfəsində əzəli düşmənləri olan fransızların hərbi sirlərini öyrənmək üçün Avropada böyük şöhrət qazanan rəqqasə Mata Haridən istifadə etmək qərarına gəlir.
Fransa kəşfiyyatı da öz növbəsində Mataya almanların bəzi sirlərini öyrənməyi təklif edir. Mata buna etiraz etmir və onun üçün fransız kəşfiyyatı xüsusi kurs keçir. Daha sonra fransızlar Matanı yoxlamaq üçün Belçikaya göndərirlər. Orada o, 6 fransız casusu ilə əlaqə yaratmalı idi. Mata onlarla görüşür, bütün sirləri öyrənir və Almaniya kəşfiyyatına ötürür. Matanın görüşdüyü 6 fransız casusu iki həftədən sonra almanlar tərəfindən ələ keçirilir və güllələnir. Bununla da Matanın Almaniyaya casusluq etdiyini sübut etmək mümkün olur və o həbs edilir.
Matanın həbsi Fransada böyük uğur kimi qələmə verilir və o, 50 min fransız əsgərinin ölümündə təqsirli hesab edilir. Hollandiya kraliçası Fransaya müraciət edərək, onun buraxılmasını xahiş edir. Lakin kraliçanın bu xahişini Fransa hökuməti rədd edir. 1917-ci il, oktyabr ayının 15-də Matanı edam edirlər.
Edamdan əvvəl onun gözünü bağlamaq istəyirlər. Amma Mata buna razı olmur və ölümün gözü baxa-baxa 41 yaşında ikən həyatla vidalaşır. Onun cəsədinə sahib çıxa biləcək qohum-əqrəba isə tapılmadı. Ona görə də kəşfiyyatçının cəsədindən tibbi məqsədlər üçün istifadə edildi. Mata ölümündən sonra dünyada Fransanı məhv edən qadın adı ilə daha da məşhurlaşdı.
1921-ci ildə Almaniyada Mata haqqında film çəkildi. 1931-ci ildə isə Mata Hari adlı daha bir film çəkildi. Bu filmlərdə Matanın şəxsi həyatından götürülmüş sənədli məlumatlardan istifadə edilib.