Azərbaycanda son günlər koronavirusa yoluxanların və ölənlərin sayı kəskin artıb. Ölənlər arasında məktəb müəllimləri ilə yanaşı hətta direktor da var. Bundan əlavə bir çox təhsil müəssisələrində əyani tədris koronavirusa görə dayandırılıb. Bu gün səsləndirilən məsələlərdən biri aprelin ilk həftəsindən əyani tədrisin dayandırılması ilə bağlıdır. Azərbaycanda bütün məktəblər yenidən bağlana bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, fevralın 1-də tədris qismən bərpa ediləndə yoluxma hallarının olması və artması qaçılmaz idi: “Amma rəqəmlərin bu qədər çoxalması gözlənilmirdi. Hətta düşünürdük ki, vaksinasiyanın başlaması və insanların qaydalara əməl etməsi ciddi qapanmaya gedilməsini özündə əks etdirməyəcək. Amma təəssüf ki, dünyada və ölkəmizdə yoluxanların sayında çox ciddi artım var. Azərbaycanda son günlər yoluxanların sayı təhlükəli həddə çatıb. Apardığımız araşdırmaları və məktəblərdəki yoluxma sayını nəzərə alsaq düşünürəm ki, aprelin 5-dən sonra yenidən məktəblər bağalana bilər”.
Kamran Əsədov qeyd edib ki, Azərbaycanda çoxlu sayda məktəblər və siniflər koronavurusa görə bağlanıb: “Çox təəssüf ki, koronavirusdan vəfat edənlər arasında müəllimlərin də sayı çoxalıb. Bu da təhülkəli məsələdir. Hətta bizdə olan məlumata görə Gəncədə məktəb direktoru koronavirusdan dünyasını dəyişib. Eyni zamanda Bakıda məktəb müəllimlərin koronavirusdan ölməsi ilə bağlı məlumatlarımız var. Bütün bunlar tədris müəssisələrinin yenidən bağlanmasını qaçılmaz edir. Xoş olmasa da, bu fakt var. Şagirdlər arasında kifayət qədər yoluxanlar var. Təbii ki, belə vəziyyətdə məktəblərin açıq qalması qorxuludur. Çünki bu gün 1 milyon 200 mindən çox şagird dərsdə iştirak edir. Bu da çox ciddi rəqəmdir. Bu şagirdlər dərsdən çıxıb evə gedirlər. Bütün bunları nəzərə alıb, yenidən aprelin 5-dən məktəblərin qapanması ehtimalı var. Çünki son gülərdə yoluxanların və ölənlərin sayı təhlükəli həddədir. Ölənlər arasında təhsil müəssiələrində çalışanların olması aprelin ilk həftəsində məktəblərin qapanmasını qaçılmaz edir”.