Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Mirhəbib arvadı Laləni qısqanclıq zəminində bıçaqlayıb.
APress.az teleqraf.com-a istinadən bildirir ki, Mirhəbib arvadına 3 bıçaq zərbəsi vurub.
Lalə vaxtında xəstəxanaya aparıldığıdan ona ixtisaslı tibbi yardım göstərilib, onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Mirhəbibin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mirhəbib ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadı Lalə müxtəlif yerlərdə dayə işləyib, gözəllik salonunda çalışıb:
“Laləni qısqandığımdan çox vaxt onu özüm işə aparıb-gətirmişəm. Dayə işlədiyi vaxtı Lalə mənə Mərdəkan qəsəbəsində işlədiyini deyərək, günlərlə evə gəlməyib. Lakin karantinlə əlaqədər olaraq son zamanlar hər gün evə gəlirdi. Son vaxtlar Lalə karantin bitdikdən sonra yenə dayə işləyəcəyini və günlərlə evə gəlməyəcəyini bildirdi. Laləyə dayə işlədiyinə inanmadığımı, hansısa gözəllik salonunda işlədiyini deyərək həmin salonun yerini mənə göstəməyi tələb etdim. Lakin arvadım hər dəfə bir bəhanə ilə məni yola verdi”.
Mirhəbibin ifadəsinə görə, hadisə baş verən günü, axşam saat 23.30-da yaşadıqları evdə olan zaman aralarında bu mövzu ilə əlaqədər yenə mübahisələri başlayıb: “Lalədən işlədiyi yeri mənə göstərməyi tələb etdim, üzündən şillə ilə vurdum. O da ərdə olan qızım İradəyə zəng edərək, döyüldüyünü bildirdi. İradə bizə gəldikdən sonra anasını nə üçün vurduğumu soruşdu. Laləni öz evinə aparacağını dedi. İradəyə anasını aparmamağını və evdə tək darıxdığımı dedim. Qızım məni eşitmədi.
Bu zaman qonaq otağında olan masanın üstündən mətbəx bıcağını götürdüm və Lalənin üstünə yeridikdə İradə bıçağı əlimdən aldı. Sonra İradə həyətə çıxdı. Lalə məndən boşanacağını və bir daha evə gəlməyəcəyini dedi. Mən də dözməyərək digər mətbəx bıcağını götürdüm və arvadımın üstünə gəldim. Bir dəfə kürəyindən, bir dəfə döş və bir dəfə sol baldırından zərbələr endirdim.
Lalə qışqırmağa başladı. Həmin vaxt İradə evə daxil oldu. O, qışqıraraq köməyə çağırmağa başladı. Həmin vaxt adlarını xatırlamadığım qadınlar gəldilər. Məni sakitləşdirdilər, Laləni isə çölə çıxardılar. Sonradan İradə təcili tibbi yardıma zəng edərək Laləni xəstəxanaya apardı”.
Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Mirhəbibin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 2 il 4 ay 18 gün müddətinə şərti cəza təyin olunub.
Mirhəbibin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Mirhəbib məhkəmə zalından azadlığa buraxılıb.