Ermitajda yaşayan Axill adlı pişiyə AVRO-2020-nin azarkeşi pasportu (Fan ID) təqdim olunub.
Bu barədə TASS məlumat yayıb.
Onun artıq turnirin iki oyununun nəticələrini düzgün proqnozlaşdırdığı bildirilib. Pişik İtaliya və Belçika yığmalarının qalib gələcəklərini əvvəlcədən proqnozlaşdırıb.
Bir qayda olaraq, oyundan öncə pişiyin qarşısına içərisində yem olan iki qab, hər qabın yanında isə oyun iştirakçısı olan yığmanın dövlət bayrağı qoyulur. Pişik qarşılaşmada qalib olacaq tərəfin bayrağı olan qaba doğru gedərək, məhz həmin qabdan yeməyə başlayır.
Qeyd edək ki, anadangəlmə kar olan Axillin öncəgörənliyi 2017-ci ildə keçirilən Konfederasiyalar Kuboku zamanı üzə çıxıb. Pişik turnirin dörd matçından üçünün, o cümlədən də final qarşılaşmasının nəticələrini doğru təxmin edib.
2018-ci ildəki Dünya Çempionatı zamanı da Axillin ilk dörd proqnozu düzgün olub. Lakin sonrakı dörd cəhdi uğursuz alınıb. Buna baxmayaraq, pişik AVRO-2020 matçları üçün də əsas “ekspertlərdən” biri kimi seçilib.