“Naxçıvanda ticarət və turizm sektorları inkişaf edəcək”backend
İqtisadiyyat

“Naxçıvanda ticarət və turizm sektorları inkişaf edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azad İqtisadi zonalar (AİZ), adətən, xarici investisiyaları cəlb etmək, sənaye və ticarəti inkişaf etdirmək, eləcə də ixrac potensialını artırmaq məqsədilə yaradılır. AİZ-də fəaliyyət göstərən şirkətlər əksər hallarda mənfəət, əmlak və əlavə dəyər vergilərindən azad edilir. Xaricdən mal idxalı və ixracı üçün prosedurlar asanlaşdırılır, dövlət və ya özəl sektor tərəfindən müasir logistika və istehsalat infrastrukturu təmin olunur. Belə xüsusi zonalarda xarici sahibkarlar üçün daha əlverişli hüquqi şərait yaradılır, yeni bizneslərin qeydiyyatı və fəaliyyət icazələri sadələşdirilir. Bu zonalar xarici investisiyaların cəlb olunmasına imkanlar açır və yeni iş yerlərinin yaradılmasına töhfə verərək istehsalat potensialını artırır. Bu da, öz növbəsində, ixracı stimullaşdırır və investisiya cəlb etdiyi üçün bölgənin beynəlxalq ticarətdəki rolunu gücləndirir. Dünya üzərində yüzlərlə Azad İqtisadi Zona mövcuddur. Buna Dubay Beynəlxalq İqtisadi Azad Zonası, Çinin Şençjen Xüsusi İqtisadi Zonası və ABŞ-dakı sərbəst ticarət zonalarını misal göstərmək olar. Azərbaycanda da Ələt Azad İqtisadi Zonası bu sahədə görülən işlərin təcəssümüdür.

Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru, iqtisadçı ekspert Əli Cabbarov “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvanda Azad İqtisadi Zonanın yaradılmasını şərh edərkən deyib.

O qeyd edib ki, Naxçıvanda Azad İqtisadi Zonanın yaradılması muxtar respublikanın iqtisadi inkişafına əhəmiyyətli yeniliklər gətirə bilər. Bu addım Naxçıvanın iqtisadiyyatını gücləndirərək xarici investisiyaların cəlb edilməsinə və yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Azad İqtisadi Zona yaradıldığı halda Naxçıvan idxal-ixrac əməliyyatlarını intensivləşdirərək, bu sahədə dövlət tərəfindən edilən güzəştlər sayəsində regional və beynəlxalq bazarlara çıxış imkanları qazanacaq. Vergi və gömrük güzəştlərinin tətbiqi, biznesin və sənayenin inkişafı üçün əlverişli şəraitin yaradılması yerli sahibkarlarla yanaşı, xarici investorların da maraqlarını bu bölgəyə cəlb edəcək. Belə bir şəraitdə sənaye və istehsalatın inkişafı əsas iqtisadi sahələr kimi nəzərdə tutula bilər.

“Naxçıvanda ticarət, logistika ilə yanaşı, turizm sektoru da Azad İqtisadi Zona çərçivəsində inkişaf etdirilə bilər. Yurdumuzun zəngin tarixi-mədəni irsi, müalicəvi su ehtiyatları və ekoturizm potensialı bu bölgəyə turist axınının daha da artmasına şərait yaradacaq. Turizmin inkişafı əlaqəli şəkildə xidmət sektorunun canlanmasına və yerli əhali üçün əlavə məşğulluq imkanlarının yaranmasına gətirib çıxaracaq. Logistika və nəqliyyat infrastrukturunun gücləndirilməsi də bu prosesin əsas hissələrindən biri olacaq. Zəngəzur dəhlizi məsələsinin həlli ilə Naxçıvan həm də mühüm tranzit bölgə rolunu oynayacaq. Bu da, öz növbəsində, Naxçıvanın sosial-iqtisadi inkişafına təsirini göstərəcək. Sadalanan bu amillər nəzərə alındıqda, Naxçıvanın Azad İqtisadi Zona kimi formalaşması təkcə muxtar respublikanın deyil, bütövlükdə, Azərbaycanın iqtisadi strategiyasına böyük töhfə verəcək. Bu model sayəsində regionda iqtisadi inkişafın sürətlənməsi və yerli sahibkarlığın güclənməsi Naxçıvanı beynəlxalq ticarət mərkəzinə çevirəcək”, – deyə Əli Cabbarov əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamına əsasən qəbul olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azad İqtisadi Zonanın yaradılması, aidiyyəti qurumlar tərəfindən bu istiqamətdə tədbirlər görülməsi və yekun nəticə etibarilə, ticarət və logistika imkanlarının genişlənməsi ilə muxtar respublika iqtisadiyyatının inkişafı məsələləri qarşıya qoyulub. Ötən ay 2025-ci il üzrə fəaliyyət planının müzakirəsi üçün İqtisadi Şuranın iclasında “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda Azad İqtisadi Zonanın yaradılması ilə bağlı məsələlər də müzakirə olunub.

// APress.az