“Bu addım AZAL-ın səlahiyyət və idarəetmə istiqamətlərinin bölüşdürülməsinə hesablanıb”.
Bu sözləri Sfera.az-a açıqlamasında baş nazir Əli Əsədovun Naxçıvan Beynəlxalq Hava Limanının AZAL-ın tabeliyindən çıxarılaraq, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilməsi qərarını şərh edərkən, iqtisadçı ekspert Natiq Cəfərli deyib:
“Görünən odur ki, AZAL-la bağlı müəyyən qərarlar verilsə də, onların icrası, həyata keçirilməsi mexanizmləri daha qəliz qaydalara əsaslanır. Naxçıvan Beynəlxalq Hava Limanının AZAL-ın tabeliyindən çıxarılıb, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilməsi AZAL-ın səlahiyyətləri və idarəetmə istiqamətlərinin bölüşdürülməsinə hesablanıb”.
Ekspert bildirib ki, Naxçıvan limanı bununla lokos limana çevrilsə, ucuz uçuşlar təşkil edə bilsə, reys sayı artırılsa, bu addımın bir məntiqi olacaq: “Amma həmin addım sırf AZAL rəhbərliyinin səlahiyyət və fəaliyyət istiqamətlərinin daraldılması üçün atılıbsa, onun iqtisadiyyata ciddi təsirinin olacağını düşünmürəm. Lakin potensial var. Naxçıvan hava limanını ən azından regional hava limanına çevirmək mümkündür. Bu baş verəcəksə, Naxçıvanın iqtisadiyyatı, turizm potensialı üçün ciddi təsirləri də olacaq”.
N. Cəfərli düşünür ki əslində yerüstü xidmətlərin AZAL-ın əlindən alınıb, özəl şirkətlərə dövr edilməsi daha doğru addım olardı: “Bu rəqabət qabiliyyətini artırar, xidmətin keyfiyyətini yüksəldər. Görünən odur ki, hələlik nə Nazirlər Kabineti, nə də İnvestisiya Holdinqi buna hazır deyil. Digər tərəfdən, gəlirli sahə olduğundan AZAL bu üstün mövqeyinin əldən çıxmasına müqavimət göstərir”.